• 19 Mart 2024

Dünyada və Azərbaycanda boşanmalar

bosanmaSon 21 il ərzində Azərbaycanda boşanmaların sayı artıb.

Dövlət Statistika Komitəsinin göstəricilərinə görə 1995-ci ildə Azərbaycanda rəsmi orqanlar tərəfindən 5669, 2005-ci ildə 8895, 2011-ci ildə 10747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12088, 2015-ci ildə 12764 boşanma qeydə alınıb.

Azərbaycanda ötən il boşanma hallarının yarısı – 6950-si uşağı olmayan ailələrdə qeydə alınıb. Geri qalanı isə uşaqlı ailələrdir.

Ölkə üzrə olan bütün boşanmaların 4253-ü Bakının, 820-si Abşeron iqtisadi rayonunun, 1877-si Gəncə-Qazax, 636-sı Şəki-Zaqatala, 586-sı Lənkəran, 598-i Quba-Xaçmaz, 2012-si Aran, 916-sı Yuxarı Qarabağ, 435-i Kəlbəcər-Laçın, 299-u Dağlıq Şirvan, 332-si Naxçıvan Muxtar Respublikasının payına düşür.

Məlumata görə, Azərbaycanda bu ilin ilk 3 ayı ərzində 2,8 min boşanma qeydə alınıb ki, bu da evlənənlərin 17,4 faizinə bərabərdir.

Azərbaycandan fərqli olaraq bəzi inkişaf etmiş ölkələrin çoxunda sosial institut kimi ailə anlayışı öz əhəmiyyətini itirmək üzrədir. Son zamanlar ər-arvad münasibətləri öz böhran dövrünü keçirir. Belə bir vəziyyətin yaranmasına bir sıra amillər səbəb olur: iqtisadi, dini, əxlaqi dəyərlərin çökməsi. Lakin bütün bu səbəblər hamısı eyni nəticəyə gəlib çıxır: Boşanmaların sayı artan sürətlə yüksəlir. İndi isə bu məsələ ilə bağlı bəzi ölkələrdəki vəziyyətə nəzər salaq:

Macarıstanda statistikaya görə, ölkədə bağlanan izdivacların 67 faizi boşanma ilə bitir. Ölkədə hər on nəfər kişidən biri boşanmış hesab olunur. Maraqlısı budur ki, macarlar hər hansı bir kiçik problemə görə, bəzən boş və mənasız bir şeyin üstündə düşünmədən boşanırlar.

İsveçdə rekord boşanma göstəricisi 2013-cü ildə qeydə alınıb. Burada 25100 insan nikahına son qoyub. Ölkədə bağlanan izdivacların 47 faizi boşanma ilə bitir. Tədqiqatçıların apardığı araşdırmaya görə, boşanmaya daha çox qadınlar səbəb olur. Yaxşı inkişaf etmiş ölkədə qadınlar ərinin köməyi olmadan özünü maddi cəhətdən təmin etdiyi üçün daha sərbəst qərar qəbul edirlər.

Çexiyada 1960-cı ildə boşanma nisbəti 16 faiz olub. 2005-ci ildə bu nisbət qalxaraq 50 faizə çatıb. Hazırda isə boşanma nisbəti 66 faizə çatır. İş ondadır ki, İkinci Dünya müharibəsindən sonra çexiyalı qadınlar kütləvi surətdə evdar qadın olmaq statusundan imtina edərək işləməyə başlayıblar. Qadınlar nə qədər ərindən az asılı olursa, bir o qədər də boşanma halları artmaqdadır.

Portuqaliyada boşanma hallarının artması doğum sayının aşağı düşməsi ilə bağlıdır. İndiki gündə Portuqaliya üçün boşanma nisbəti 68 faizdir. Hər gün ölkədə 70 ailə dağılır.

Ukraynada bağlanan izdivacların 42 faizi boşanma ilə bitir. Statistikaya görə, Avropa ölkələri ilə müqayisədə Ukraynada daha çox nikah bağlanır. Eyni zamanda, boşanmaların da sayı çoxalıb. Ailə daha çox tərəflərdən birinin içki düşkünü olması ilə əlaqədar olaraq dağılır. Bundan əlavə, maddi çətinlik və həyat səviyyəsinin ağır olması da buraya daxildir.

ABŞ-da boşanma nisbəti 53 faizdir və ildən-ilə bu rəqəm daha da artır. Lakin burada maraqlı bir nüans var: nə zamansa evli olan insanlar daha tez-tez boşanır. Buradan isə belə bir nəticə çıxır: birinci nikahdan 41 faiz, ikinci nikahdan 60 faiz, üçüncü nikahdan isə 73 faiz insan boşanır. Görünür ki, insanlar öz səhvlərindən nümunə götürmürlər.

Rusiyada boşanma nisbəti 51 faizdir. Boşanmaya daha çox yaşayış yerinin olmaması, maliyyə çətinlikləri və alkoqolizm səbəb olur. Yaşayış yerinin pis olması ən möhkəm ailəni belə dağıdır. Çünki evdə otaqların azlığı ailənin bir yerə toplaşmasına mane olur.

Belçikada boşanma nisbəti 71 faizdir. Ölkədə insanlar maliyyə cəhətdən azad olduğu üçün bir-birinə ehtiyac duymur. Belçikada artıq boşanma dramatik və pis hadisə hesab olunmur.

Slavyan ölkələrində boşanma nisbəti 68 faizdir. Boşanma hallarının bu dərəcədə çoxalmasının səbəbini bir çoxları Allaha olan inamın azalmasında və dini ənənəvi dəyərlərin itməsində görür. Həqiqətən də, bu ölkələrin 40 faizi özünü ateist hesab edir.

Əhali sayına görə dünyada 175-ci yerdə qərarlaşan Maldivdə boşanmaların sayı Rusiya və Belarusu da ötüb. Maraqlıdır ki, ada ölkəsində əsas din İslamdır.

Ümumiyyətlə, bunu da unutmamaq lazımdır ki, istər Azərbaycanda, istərsə də dünyanın müxtəlif ölkələrində, istər kasıbçılıq səbəbilə, istərsə də çoxalan maddi imkanlar səbəbilə – boşanmalar ər-arvadın ayrılmasından əlavə uşaqlarda da bir sıra psixoloji problemlərin yaranmasına yol açır. Sağlam bir gələcək qurmaq üçün sağlam bir ailənin təməlini atmaq lazımdır.

Mənbə:irfandergisi.com

Read Previous

İslamın ilk müəllimi kimdir?

Read Next

Canlı yayımlanan namazlarda oradakı imama tabe olaraq namaz qılmaq olarmı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.