• 08 Dekabr 2019

Fərz namazları minikdə (nəqliyyatda) qılmaq olarmı? Olarsa necə qılınmalıdır?

Allaha həmd olsun. Allah ibadəti qullara bütün hallarda asanlaşdırmışdır.

Minik vasitələrində fərz namazlar ancaq zərurət halı olduğu zamanlarda qılına bilər. Nafilə namazlar isə minik vasitəsinin üzərində istənilən qədər qılına bilər. Buna Allah Rəsulunun sünnəsində də dəlil vardır.Cabir bin Abdullahın (r) rəvayət etdiyi hədisdə deyilir: “Rəsulullah (s) miniyinin üzərində ikən onu hansı tərəfə çavirsə də o tərəfə nafilə qılardı. Fərz namazları qılmaq istəyəndə isə miniyindən enər və qibləyə dönərək namaz qılardı.” (Hindi, Kənzul-Ümmal). Eyni zamanda Rəsulullahın vitr üçün endiyi rəvayəti də vardır. (Sərəxsi).

Bu hədisdən göründüyü kimi Allah Rəsulu minik vasitəsi üzərində ancaq nafilə namazı qılmış, fərz qıldığı zaman isə miniyindən düşmüşdür. Burada Allah Rəsulunun mindiyi  vasitənin öz dövrünə uyğun olan at, dəvə və s. olmasi heç nəyi dəyişdirməz. Dövrümüzdəki nəqliyyat vasitələri də eyni hökmə daxil  olmaqdadır.

Ancaq dediyimiz kimi burda bəzi zərurətlər istisnadır. Məsələn avtobusun və ya yol yoldaşlarının gedərək onu gözləməməsi, minikdən düşdüyü zaman canı və ya malı üçün təhlükə olacarsa, əlverişsiz hava şəraiti olarsa, qoca olub minib düşməyə imkanı olmazsa bu zərurət halı sayılır və bu zaman fərzi də miniyinin üzərində qıla bilər.

Gəmi, təyyarə və qatara gəldikdə isə bunlarda istər fərz, istərsə də sünnət namazları qılmaq səhihdir. İbn Ömərdən rəvayət olunan hədisdə deyilir: “Nəbi əleyhissəlamdan gəmidə namaz qılmağın hökmünü soruşulduqda “Yıxılıb boğulmaqdan qorxmasan ayaq üstə qıl”  (Hakim və Darəqutni)

Bu səbəbdən yola çıxdığınız vaxt avtobusun vaxtına, yolda dayanıb dayanmamasına fikir vermək lazımdır. Eyni zamanda uzun yola çıxdığınız zaman namazı birləşdirərək qılmaq da sizin işinizi asanlaşdırar.

Ola bilər ki, mindiyiniz avtobus yolda sizin namaz vaxtınızı nəzərə almaya və ya nəyisə əsas
gətirərk yolda dayanmaqdan imtina edər. Əlbəttə bu zaman Siz namazı tərk etməyəcəksiniz. Avtobusda oturduğunuz yerdə fərz namazınızı qılacaqsınız. Bu zaman səcdə və rüküləri sadəcə əyilərək yerinə yetirəcəksiniz. Buna görə həmişə yola çıxdıqda dəstəmazlı olun. Ancaq dəstəmazınız olmayıb yolda da bu imkanı sizə verməsələr bu zaman təyəmmümlə qıla bilərsiniz.

Bu səbədən yola çıxarkən bütün bu məsələləri nəzərə almaq, minik vasitəsini buna görə seçmək lazımdır.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 157 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Təhrif Olunmuş Yas Mərasimlərimiz

Read Next

Muhyiddin İbn Ərəbi haqqında nə bilirsiz?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.