• 16 İyul 2019

Insan ürəyindən keçən heç də yaxşı olmayan fikirlərə görə nə dərəcədə məsuliyyət daşıyır və ya günah qazanır?

 

Qeyri-ixtiyari olaraq istər namaz vaxtı, istərsə də digər vaxtlarda insanın ürəyindən heç də yaxşı olmayan fikirlər keçir. Bilmək istəyirəm ki, bu fikirlərə görə, insan nə dərəcədə məsuliyyət daşıyır və ya günah qazanır?

 

Birbaşa sualın cavabına keçməzdən əvvəl mövzu ilə bağlı bir Quran ayəsini xatırlamaq yerinə düşər. Uca Allah buyurur: “Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz” (əl-Ənam, 160). Ayədə də göründüyü kimi, pis bir iş görən yaxud qəlbində fikirləşdiyi bir işi həyata keçirən kəs buna görə cəzalandırılacaq və ona günah yazılacaq.

Həmçinin, Peyğəmbərin də (s) bu mövzu ilə bağlı bir sıra hədisləri vardır. Hədislərin birində deyilir: “Kim bir pis iş görmək istəyib daha sonra ondan vaz keçərsə, Allah bunu mükəmməl bir yaxşılıq kimi qəbul edər” (Buxari, Riqaq 31; Müslim, İman 207, 259). Digər bir hədisdə isə oxuyuruq: “Kim bir pis iş görmək istəyib daha sonra bundan vaz keçərsə, ona heç bir günah yazılmaz. Əgər həmin pis əməli edərsə, ona bir günah yazılar” (Müslim, İman, 259). Bu mövzu ilə bağlı başqa bir hədis isə belədir: “Şübhəsiz ki, Allah həyata keçirilmədiyi və ya ucadan deyilmədiyi müddətcə qəlblərindəki pis fikirlərdən dolayı ümmətimi sorğu-suala çəkməyəcəkdir” (Buxari, Əyman, 1; Müslim, İman, 202).

Həmçinin, peyğəmbərimizdən pis bir iş görmək istəyib bundan vaz keçən şəxsə bir savab veriləcəyinə dair də hədis rəvayət edilib.

Suala gəlincə isə demək lazımdır ki, bir insan istər namaz vaxtı olsun, istərsə də digər vaxtlarda ürəyindən heç də yaxşı olmayan fikirlər keçirərsə, yaxud hər hansı bir pis iş görmək istəyib daha sonra bundan vaz keçərsə, həmin şəxsə heç bir günah yazılmaz. Əgər ürəyindən keçirdiyi pis şeyi həyata keçirərsə, bu zaman ona, Quranda da bildirildiyi kimi, bir günah yazılacaq. Uca Allahın pis bir iş etmək istəyib bundan vaz keçən adama heç bir günah yazmamaqla yanaşı, savab verməsinin səbəbi həmin kəsin pis işi edə biləcək gücü olduğu təqdirdə Allahdan qorxaraq, edəcəyi pis əməldən vaz keçməsidir. Bununla yanaşı, fikrindən xoş olmayan bir şey keçirən və onu edə bilməsə belə ucadan deyən adama da bu niyyətini səsləndirdiyinə görə, günah yazılır. Hədis alimlərindən Tirmizinin “Sünən” adlı əsərində belə bir hədis vardır: “… Bir şəxs “Əgər malım olsaydı, mən də filan şəxs kimi yeyib içərdim” (deyərsə), həmin şəxs də niyyətinin qarşılığını görər” (Tirmizi, Zöhd, 17).

Düşündüyü pis fikri etməyə gücü çatmayan və ya buna imkan tapmayan insana günah yazılmasa da savab da verilməyəcəkdir. Çünki həmin şəxsin belə bir niyyəti olmamışdır.

Digər tərəfdən, pis bir iş görən insana yalnız bir günahın yazılması, eləcə də insanın pis fikirlərindən vaz keçməsinə nəinki günah yazılmaması, hətta savab belə verilməsi rəbbimizin mərhəmətinin genişliyini göstərir.

Doğrusunu Allah bilir.

 

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 139 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Namaz qılan bir insanın bankda işləməsi gunahdırmı?

Read Next

Aprel 2012

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.