• 26 Aprel 2024

İnsanı Allahdan uzaqlaşdıran səbəblər

Uca Allah insanın qəlbini və ağlını Peyğəmbəri anlayacaq, Qurani-Kərimi qavrayacaq və dinə inanacaq şəkildə yaratmış və ona məsuliyyət duyğusu vermişdir. Məhz buna görə din, yalnız ağıllı olan insana xitab edir və məsul tutur. “Ağlı olmayanın dini məsuliyyəti də yoxdur.” İmtahan üçün yaradılan insanın qarşısında çıxılması çox çətin olan dik bir yoxuş vardır. Bu yoxuş ancaq güclü bir iman və iradə ilə aşılır. Bunun üçün, hər insanın, Allaha və onun dini olan İslama təslim olması şərtdir. Allaha təslim olmaq, Onun əmr və qadağalarını yerinə yetirməklə mümkündür. Allahın əmr və qadağalarına riayət etmədən ona təslim olduğumuzu söyləmək özümüzü aldatmaq deməkdir. Allahdan uzaqlaşmaq, ruhi aclığın nəticəsidir. İmanın olmadığı yerdə küfr, işığın olmadığı yerdə qaranlıq, ədalətin olmadığı yerdə zülm olduğu kimi, Allaha qulluğun olmadığı yerdə də nəfsə və şeytana qulluq etmək vardır.

O zaman, ən böyük xəstəlik Allahdan və onun mükəmməl dinindən uzaq olaraq yaşamaqdır. Bu gün müsəlmanlar Allahın hər şeyi gördüyünü və bildiyini unutmuşlar. İslamın Quran və sünnəyə dayanan bir həyat tərzi olduğu həqiqətini tərk etmişlər. Qurani-Kərimi həyatdan qopararaq ölü kitabı halına gətirmişlər.

Hər kəs bilməlidir ki, torpaq da dərin kökləri olan bır ağacın qol budaq atması, cücərməsi, inkişaf etməsi necə təbii və normaldırsa, dərin kökləri olan İslamın da hər zaman var olub qol budaq ataraq inkişaf etməsi o dərəcədə təbi və normaldır. Çünki İslamın qoruyucusu hər şeyə qadir olan Allahdır. Bu dinə düşmən olanlar istəsə də istəməsə də Allah öz nurunu söndürməyəcəkdir. İslam hava kimdir, su kimidir, günəş kimidir. Havaya çıx get deyilməz. Suya axma deyilə bilməz. Günəşə çıxma deyilə bilməz. Quşa uçma, gülə açma, arıya bal düzəltmə deyilə bilməz. Müsəlmana da “İslamı yaşama deyilə bilməz. İslamı yaşayışında tətbiq etmə” deyilə bilməz. Çünki İslamı yaşamaq müsəlman olmağın nəticəsidir.

Elə isə gəlin görək insanı Allahdan uzaqlaşdıran əsas səbəblər nələrdir?

İnsanı Allahdan uzaqlaşdıran ən böyük səbəb cəhalətdir. Cəhalət bir cəmiyyətin inkişafına mane olan, onu məhv edən bir düşməndir. Cəhalət həm dinin həm də zamanın gətirdiyi elmlərdən məhrum qalmaq deməkdir. Cəhalət Allahın dini ilə mübarizə aparmaqdır.

İnsanın cəhalətdən qurtulmasının birinci yolu sağlam bir Allah və din inancına sahib olmasıdır. Daha sonra digər elmləri də lazım olduğu qədər öyrənməsidir. Necə ki, Qurani-Kərimdə Uca Allah:

“Heç vaxt cahillərdən olma.”[1] buyurmaqdadır.

İnsanı Allahdan uzaqlaşdıran digər bir səbəb, düşüncə və təfəkkür tənbəlliyidir. Düşünmək xəlq etmə hikmətini qavramaqdır. Düşünmək: “Mən kiməm, haradan gəldim, və haraya gedirəm?” suallarının cavabını axtarmaqdır. Allah-Təala müsəlmana ağlı ilə düşünməsini əmr etməkdə və belə soruşmaqdadır: “Heç düşünmürsünüzmü?”[2] Elə isə, hər müsəlman, etdiyi və edəcəyi hər şeyi Quran və sünnə işığında düşünməlidir. Uca Allah Qurani-Kərimin beş yüzdən çox ayəsində insanları düşünməyə dəvət etməkdədir.

İnsanları Allahdan uzaqlaşdıran bir başqa səbəb, nəfsin həva və həvəsinə uymaqdır. Həva, nəfsin arzu və istəklərini özünə İlah etməkdir. Həva və həvəs, Allahın əmrlərini buraxıb oyun və əyləncə ilə məşğul olmaqdır. Bunun üçün Uca Allah, insana nəfsini tərbiyə edərək onun istəklərini yerinə yetirməməyi əmr etmişdir. Nəfsin tərbiyə edilməsinin yolu isə yalnız İslamı yaşamaqla mümkündür. İslamdan uzaqlaşıb həva və həvəsini özünə İlah edənlərin axirətdə heç bir köməkçisi yoxdur.

Uca Rəbbimiz Qurani-Kərimdə belə buyurmaqdadır:

“Həva və həvəsini özünə İlah edən kimsəni gördünmü?”[3]

İnsanı Allahdan uzaqlaşdıran digər bir səbəb isə, insanın əlindəki var-dövlətə, vəzifəyə güvənərək təkəbbürlənməsidir. Halbuki vaxtı ilə Firavun da əlindəki imkanlara güvənərək təkəbbürlənmiş hətta Allahlıq iddiasına düşmüş və sonunda onu da qara torpaq udmuşdur. Nəmrut da təkəbbürlənmiş özünü böyük tutmuş və nəticədə bir milçək, burnundan beyninə girərək onu öldürmüşdür.

Yazımı Allah Rəsulunun (s.ə.s) bir hədisi-şərifiylə son verirəm:

“Ağıllı kimsə, nəfsini hesaba çəkən və ölümdən sonrası üçün çalışandır. Aciz və zavallı kimsə isə, nəfsinə həva və həvəsinə uyan kimsədir.”[4]


[1] Ənam, 6

[2] Əl- Ənam: 50. Ən -Nəhl: 17.

[3] Furqan: 43. Casiyə: 23.

[4] Tirmizi, R. S. Tərc. C. 1, Sh. 101, Nö: 66.

Read Previous

Ərəb dili dərsləri – doqquzuncu dərs (1)

Read Next

TÜRKİYƏDƏ CÜMƏ NAMAZININ TARİXİ AÇIQLANDI