• 19 Mart 2024

İsmayıl Qurbanı yoxsa İbrahimin Qurbanı?

qurbanQurban bayramı yaxınlaşdıqca varlı-kasıb hər evdə bir qurban həyəcanı, qurban təlaşı hiss edilir. Qurbanı bayram kimi keçirmək üçün hazırlıqlar aparılır. Görəsən qurbanı bayram kimi keçirmək üçün sifariş verilən iyirmi kiloluq qoç, iri malda ortaq olunan bir hissə və yaxud süfrəni bəzəmək üçün edilən zənbil dolusu bazarlıq yetərlidirmi? Əlbəttə ki, bunlar da lazımdır, hətta uşaqları sevindirmək üçün bayram hədiyyəsi də alınarsa daha da gözəl olar. Lakin bütün bunların kölgəsində çox zaman yaddan çıxardılan bir xüsus var: Qurban niyə görə bayramdır?

Kasıbın ətlə qovuşması əgər bayramdırsa onda varlı üçün necə bayram olsun? Bu fikirlərin içində bir daha dərinləşmək üçün bayramı dünyaya gəlişi etibarilə analiz etmək daha düzgün olardı. Məna olaraq “Allaha yaxınlaşmaq” kimi ifadə edilən qurban hələ hz. Adəmin dövründən etibarən iman sahibi kimsələr üçün Allaha yaxınlaşmağa bir vəsilə olmuşdur. Günümüzdə müsəlmanlar olaraq əda etdiyimiz qurban ibadətinin isə şəkil və şərtlər olaraq Hz. İbrahim (ə.s) ilə başladığını da hamımız bilirik. Bəs niyə görə bu qurbanı “İsmayıl Qurbanı” olaraq adlandırmışıq? Adını İsmayıla bağlayıb əsil qurban sahibi olan İbrahimi unutmağımız bizi qurbanın əsil mahiyyətini başa düşməkdən uzaqlaşdırmış olmasın? Qurbanı daha yaxşı başa düşmək üçün Hz. İbrahimi başa düşmək daha doğru olmazmı? Çünki nəticədə “İsmayıl Qurbanı” İbrahimin Allaha yaxınlaşmasının bir izahı, dünyəvi əmələ çevrilmiş mükafatı idi. Necə ki, peyğəmbərimiz (s.ə.s) qurban kəsərkən, “Allahım, peyğəmbərin İbrahimdən qəbul elədiyin kimi, bunu da qəbul elə”, – deyə dua edərmiş. Ömrünün son çağlarında bağının bəhrəsini alan bağban kimi onu sevindirmək üçün Allah tərəfindən təqdim olunan və qiyamətə qədər bitməyəcək olan böyük bir lütf, ölçüsüz bir ikram. Elə ikram demişkən, əliaçıqlığı, qonaqpərvərliyi və həmişə açıq süfrəsi ilə bilinən İbrahim peyğəmbərin həyatına qısa bir nəzər salmaq və maddələr halında sadalamaq məncə bu qurban mükafatını başa düşmək üçün yerində olardı. Onun bariz xüsusiyyətləri belə idi:

– Atası (və ya atalığı) bütpərəst bir kafir olsa da o öz ağlını, məntiqi təfəkkürünü işlədərək hər kəsə kainatın sahibini izah edir, ulduzların, ayın və günəşin yalnız ilahi qüdrət əsəri olan zəif və cansız varlıqlar olduğunu ifadə edirdi.

– Atasının səhv yolda olduğunu ona söyləmiş və onun təkidlərinə baxmayaraq doğru bildiyi yoldan əsla dönməmişdi. Atası onu daşqalaq etməklə təhdid etsə də o Allaha əl açıb onun üçün dua etmişdi (nə yazıq ki, atası bu əyri yoldan dönmədiyi üçün peyğəmbər olan oğlunun duası belə onun əfvinə yaramadı).

– İlahlıq iddiasında olan zamanın padşahı Nəmruda: “əgər ilahlıq qüdrətin varsa rəbbimin şərqdən çıxartdığı günəşi sən də qərbdən çıxart”, – deyərək onu susdurmuş və oda atılmaq cəzası qarşısında belə imanından dönməmişdi.

– Oda atılarkən belə həyatının sahibi olan rəbbinə tərəddüdsüz təslim olmuş, onun hökmünə razı halda:“Allah mənə yetər, o nə gözəl vəkildir”, – deyərək oda atılacağı anı gözləmişdi. Onun bu təslimiyyəti qarşısında Allah da onun üçün oda: “İbrahimə qarşı sərin və zərərsiz ol!”, – buyuraraq mükafatlandırmışdı.

– O, Allaha çox yalvaran, həlim xasiyyətli və tamamilə Allaha təslim olmuş biri idi.

– Övlad barəsində də qoca yaşlarına qədər Allaha olan təslimiyyətini və ümidini itirmədi. Dualarında da Allaha “xeyirli övlad bəxş et” deyə yalvardı, Allaha təslim olmuş nəsil arzuladı, aralarından onlara Allahın kitabını öyrədən bir elçi çıxartmasını niyaz etdi.

– Süfrəsi hər zaman açıq idi. Onu uşaqla müjdələyəcək mələklər evinə gəldiyi zaman onları heç tanımasa da ikramının ən gözəlini (qızardılmış buzov) təqdim elədi. Bu onun bütün qonaqlarına qarşı olan əliaçıqlığının bir nümunəsi idi.

– Xanımı Həcər anamızla oğlu İsmaili o zamanlar yaşayış olmayan bir çölə, Səfa və Mərvə təpələrinin arasına, kimsəsiz torpaqlara aparıb buraxmağı əmr olunanda yenə Allahın muradına təslim olmuş, o susuz, kölgəsiz məkanda onları Allaha əmanət eləmişdi. Xeyri yaradan, qisməti insanın ayağına bağlayan Allah o mübarək uşağı və salihə anasını zəm-zəmlə mükafatlandırdı, karvanları oraya yönləndirərək oranı yaşayış məskəninə, həccin mərkəzinə, Məkkəyə çevirdi.

– Uzun illər sonra, yaşlılıq dövründə ona bəxş olunan oğlu ən şirin çağına, yürüyüb qaçmaq çağına gələndə onu qurban etməyi vəhy olundu. Yenə də İbrahimin ilahi təslimiyyəti tərəddüd götürmədi. Oğluna məsələni (gördüyü rəhmani yuxunu) başa saldı və o da xeyirli bir övlad olaraq rəbbinə və atasının istəyinə təslim oldu: “Atacan, sənə nə əmr olunursa elə! İnşallah mənim səbirlilərdən olduğumu görəcəksən”, – deyə cavab verdi.

– Həyatının hər dəmində “Rəbbim nəyi əmr edirsə, mən ona doğru gedirəm, o mənə doğru yolu mütləq göstərəcəkdir”, – deyib onu özünə vəkil bildi. Uca Allah da onu “xəlilim” (dostum) deyə təltif etdi və onu bu bərəkətli həyatının son məqamlarında Qurbanla şərəfləndirdi. Oğlu İsmayılın əvəzinə bir qoç ərməğan elədi ki, kəssin. Ona ömrünün bayramını yaşatdı; onu özünə yaxınlığın ən üst mərtəbələrinə çıxartdı.

Saffat surəsində buyurulduğu kimi: “Ey İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən ona nə edəcəyi yuxusunda göstərilib yönləndirilmişdi) təsdiq etdin. Biz yaxşı iş görənləri beləcə mükafatlandırarıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi”.

Nəticə olaraq müsəlman, “İsmayıl Qurbanını” kəsərkən “İbrahimin Qurbanı” kimi dəyərli ola bilməsi üçün nələr etməli olduğunu yaxşıca düşünməlidir.

Mənbə:irfandergisi.com

Read Previous

Həyatı “LƏBBEYK” şüuru ilə yaşamaq

Read Next

Qafilə başçısı başqasının yerinə həcc edə bilərmi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.