• 17 Sentyabr 2019

Müsəlmanları kafir adlandırmayın!

Müsəlmanları kafir adlandırmayın!

Çəkinməyimiz zəruri olan ən dəhşətli ifrat əməl – küfrdə günahlandırmadır (təkfirdir). Bu, olduqca təhlükəli problem olub vahimələndirici nəticələrə aparıb çıxara bilər. Çünki kiməsə kafir demək zəruri edir ki, həmin kəs ümmətdən xaric edilsin, var-dövləti əlindən alınsın, həyat yoldaşı ondan boşatdırılsın və nəhayət, özü də edam olunsun.

 

Əgər bu şəxs edam olunmasa belə, varsız-yoxsuz və əyalsız qaldığından, ümmətdən xaric edildiyindən “canlı” meyit kimi şeydir.

Bəli, bir müsəlman üçün ən böyük cəza onu kafirlikdə təqsirləndirməkdir. Bu, elə bir qapıdır ki, hər yerindən durana onu açmağa icazə vermək olmaz. Çünki belə insanlar heç bir qaydaya, dəlilə, həqiqətə əsaslanmadan başqalarına kafirlik donu geydirirlər.

Yadımızdan çıxartmayaq: yəqinliklə müsəlman olan şəxsi qəti dəlil olmadan islamdan xaric etmək olmaz! Yekdilliklə qəbul edilmiş qaydalardan biri belə səslənir: yəqin və zənn bir yerdə addımlamazlar!

Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) kimisə kafir adlandırmağı qəti şəkildə qadağan edərək demişdi: “Bir şəxs müsəlman qardaşına: “Ey kafir!” – deyərsə, (hərəkətinə görə) onlardan biri küfrə düşər”[1][1].

Yəni, onlardan biri kafir olar. Əgər biz kiməsə kafir deyiriksə və həmin şəxs yəqinliklə kafir deyilsə, onda, küfr ittihamı bizim özümüzə yönəlir, – bu, olduqca təhlükəli məsələdir!

Ümmət hələ qədimdən kafirlikdə günahlandırma – “təkfir” xəstəliyinə düçar olmuşdur; bəzi səhabələrə kafir damğası vurulmuşdur. Hətta, İslamın süvarisi, onun ilk övladı, Fatimeyi-Zəhranın həyat yoldaşı, Peyğəmbərin əmisi oğlu, onun kəsərdən düşməyən qılıncı Əli ibn əbu Talibi kafir adlandırmaqla qanını halal sayıb qətlə yetirənlər tapılmışdı. Onların şairi, Həzrəti Əlinin qətlinə mədhiyyə də yazmışdı:

Ey təqvalı kəsin zərbəsi!

O, səni yalnız Ərş sahibinin rizası üçün endirmişdir.

Mən o günü, o insanı xatırlayır və onu –

Allahın qatında tərəzisi ağır, vəfalı məxluq sayıram.

Biz müasir dövrdə həmin insanların xələflərinin – neotəkfirçilərin (kafirlikdə ittiham edənlərin) şahidi oluruq. Onların bir hissəsi “Küfrdə günahlandırma və köç” camaatının (Əhl ət-Təkfir vəl-Hicrə) üzvləridir. Bir hissəsi isə formal olaraq bu adı daşımasa da, onlarda da kafirlikdə təqsirləndirmə meyli güclüdür.

Bu şəxslər aralarında heç bir fərq qoymadan bütün insanlara kütləvi formada kafir damğası vururlar. Belələrinə görə, onlara qoşulmayan hər bir kəs kafirdir.

Bu insanlar liderləri və təbəəni, alimləri və savadsızları küfrdə ittiham etməklə onların canlarını və mallarını özlərinə halal bilirlər. Aşağıdakı səhih hədislərin əksinə olaraq onlara görə, yuxarıdakı zümrələrin malı, qanı və namusu toxunulmaz deyildir:

– “Mənə əmr edilib ki, insanlar “lə iləhə illəl-lah” deyənədək onlarla vuruşum. Bu sözü dedikdən sonra onların canları və malları toxunulmazdır…”[2][2].

– Habelə, Buxari və Müslimin eyniadlı “Came əs-Səhih” hədis toplularında Üsamə ibn Zeydin dilindən deyilir ki, o, bir şəxsi “lə iləhə iləl-lah” dedikdən sonra qətlə yetiribmiş. Bunu Peyğəmbərə (Ona Allahın xeyir-duası və salamı olsun!) xəbər verdiyi zaman sonuncu: “Ey Üsamə, o, “lə iləhə illəl-lah” dedikdən sonramı onu öldürdün?” – deyə soruşur və sualını o qədər təkrarlayır ki, Üsamə öz-özünə deyir: “Kaş, mən həmin gün müsəlman olaydım (yəni, o gün kafir ikən o şəxsi öldürsəydim, bəlkə məzəmmətə tuş gəlməzdim – mütərcim)”[3][3].

– Səhabələrdən Miqdad ibn əl-Əsvəd rəvayət edir ki: “(Bir dəfə) Allahın rəsulundan (Ona xeyir-dua və salam olsun!) soruşdum:

– Əgər bir kafirlə rastlaşsam və onunla döyüşdüyüm zaman qılıncla vurub bir əlimi kəsərsə, daha sonra ağacların birinə çıxaraq: “Müsəlman oldum”, – deyərsə,  onu öldürümmü, ey Allahın elçisi?

Peyğəmbər dedi:

– Xeyr, öldürmə.

Təəccübləndim:

– Ey Allahın rəsulu, axı o, əlimi kəsib və kəsdikdən sonra bunu deyib!

Peyğəmbər:

– Onu öldürmə – dedi və sözünə davam etdi – Əgər onu öldürsən, o, sənin onu öldürməzdən qabaqkı məqamına yüksələr, sən isə onun “Müsəlman oldum” deməsindən qabaqkı məqamına enərsən!”[4][4]

Sonuncu hədisdən də görünür ki, müsəlman olmaq əvvəlki küfr əməllərinin üzərindən xətt çəkmək deməkdir. Hədisin mətnidəki “müsəlman olmaq” təbiri tövhid kəlməsinin özüdür. Müsəlman olduqdan sonra bir insanı öldürmək – əməllərin puça çıxmasına səbəb ola bilir, Allah saxlasın!

 


 

 

 

 

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 97 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Ay Allahın Ayələrindən Bir Ayədir

Read Next

“Allah hər yüz ilin əvvəlində bu ümmətə dinini yeniləyən kəs göndərər” hədisini necə başa düşməliyik?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.