• 20 Noyabr 2019

NƏ ÜÇÜN NAMAZ QILMALIYIQ???

images1Namaz müsəlmanın ən vacib ibadət borcudur. İbadət insana Cənabı-Haqq tərəfindən lütf edilən böyük bir şərəfdir. Bütün peyğəmbərlər hər şeydən əvvəl ibadətləri ilə şərəfyab olduqlarını dilə gətiriblər. Bununla əlaqədar Qurani-Kərimdə bir çox ayə vardır.

Məsələn, Həzrət İsa (ə.s) ilk dəfə dilə gələndə: “Şübhəsiz ki, mən Allahın quluyam”[1] – demişdir. Başqa bir ayədə Allah Həzrət Musaya: “Şübhəsiz ki, Mənəm həqiqi İlah. Məndən başqa yoxdur İlah. Onda, sən də yalnız Mənə ibadət et. Məni anmaq üçün namaz qıl!”[2] – buyuraraq, var və bir olduğunu bəyan etdikdən sonra ona ibadəti əmr etmişdir. Çünki imandan sonra gələn ən böyük həqiqət ibadətdir. İbadətin tacı isə namazdır.

Peyğəmbərimiz (s.ə.s) həyatının hər pilləsini misilsiz ibadəti ilə bəzəmişdir. Muğirə ibn Şubə (r.a) nəql edir: “Rəsulullah gecələr ayaqları şişənə qədər namaz qılardı. Ona: “Allah sənin keçmiş və gələcək bütün günahlarını əfv edib. Niyə özünə bu qədər əziyyət verirsən?” – sualı verilmiş, O da: “Allaha çox şükür edən qul olmayım?”[3] – deyə buyurmuşdu”.

Allah-Təala bu qədər gözəl və mükəmməl yaratdığı, varlıqlar arasında uca məqamla şərəfləndirdiyi  və dünyada hər şeyi xidmətinə verdiyi insandan bircə şey istəyir, o da Rəbbi tanıyıb Ona ibadət etməkdir. O, bunu, yəni ibadəti aləmlərin Rəbbi olaraq bütün insanlara əmr etmişdir.

Qurani-Kərimdə insanın yaradılışı ilə əlaqəli ayələrdən sonra çox vaxt “Allaha ibadət edin” əmri gəlir.  Bir neçə misal verək:

“O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbirli və sabitqədəm ol! Heç (Allahın özündən başqa) Ona bənzərini (Onun adını daşıyan başqa birisini) görmüsənmi?”[4]

“O Allah Rəbbinizdir! Ondan başqa heç bir ilah yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin. Hər şeyin hökmü Onun əlindədir!”[5]

Peyğəmbərlərin hamısı bunu təbliğ etmək üçün göndərilmişdir: “(Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona “Məndən başqa heç bir ilah yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” deyə vəhy etməyək”[6].

Deməli insanın yaradılışından bəri elə bir zaman və məkan yoxdur ki, bəşər övladına ibadət xatırladılmamış olsun[7].

Namaz Allah əmr etdiyi üçün qılınır

İbadətin özəyi ixlasdır, ibadət yalnız və yalnız Allah əmr etdiyi üçün yerinə yetirilir. Bir hikmətə görə və bir fayda almaq üçün edilən ibadət məqbul sayılmır. Məsələn, namaz Allah rizasını qazanmaq üçün deyil, gimnastika niyyəti ilə qılınarsa, onda idmandan başqa bir məna ifadə etməz.

Dinimizdə niyyətin xüsusi yeri var. İnsan Rəbbinə ibadət edərkən ilahi rizadan başqa bir şey düşünməməlidir. Başqaları görsün deyə qılınan namazın Rəbbin dərgahında heç bir dəyəri yoxdur.

Sırf pəhriz üçün tutulan “oruc”un da bir savabı yoxdur. İnsanın nə qədər səxavətli olduğunu nümayiş etdirmək üçün verdiyi sədəqələrin də bir mənası qalmır. Dua edərkən insanlar “Nə gözəl dua edir” desinlər deyə səs tonunu dəyişənlərin o duadan bir savab alması mümkünsüz görünür.

Cənabı-Haqqla möhkəm irtibatda olmaq, Ona yaxınlaşmaq və hər anını Rəbbin yolunda keçirmək istəyən hər bir mömin ibadət mehvərində yaşamağa çalışmalıdır. Namaz bu məqamda bəndə ilə ilahi dərgah arasında bir körpüdür. Rəbbimiz həddi-büluğa çatmış hər müsəlmana namaz qılmağı əmr edir. Bu tələb Quranda düz yetmiş dəfə təkrar edilir. Namaz qədər vurğulanan və haqqında danışılan ikinci bir ibadət yoxdur.

Müdirin, rəhbərin istəklərini dərhal yerinə yetirən biz insanlar Kainatın Xaliqinin bu qədər əmr və israrı qarşısında tir-tir əsməli deyilikmi? Məktəbdə müəllimimiz, iş yerində müdirimiz, evdə valideynlərimiz bizdən bir şey istəyəndə onların sevgi və hörmətini qazanmaq üçün dərhal yerinə yetiririk. Bəs onda nə üçün Rəbbimizin bu əmrinə laqeyd yanaşırıq? Necə olur ki bütün kainata hökm edən Uca Allahın əmrini yerinə yetirmirik. Bu laqeyd münasibəti göstərməklə bir mənada: “İndi vaxtım yoxdur, özümü hazır saymıram, daha vacib işlərim var” – demiş olmuruqmu?

Bəli, ibadət heç bir dünyəvi fayda və qazanc məqsədi ilə deyil, ancaq Allahın əmri olduğu üçün və Onun razılığını qazanmaq niyyəti ilə yerinə yetirilir. İbadətdə əsas məqsəd nə Cənnət arzusu, nə də Cəhənnəm qorxusudur. Ancaq səmimi qəlb və pak niyyətlə ibadət edən insanlar ibadətlərinin faydasını həm bu dünyada, həm də axirətdə görürlər.

Bəndənin vəzifəsi ibadətləri hikmət və faydalarını düşünmədən sırf Allah əmr etdiyi üçün yerinə yetirməkdir. Allaha ibadətin ədəbi və şərti də məhz budur. Müsəlman namazlarını bu duyğu və düşüncə ilə yerinə yetirər.

Bunlarla yanaşı, əlbəttə ki, namazın bir çox maddi-mənəvi faydaları da var.

Namaz dinin dirəyidir

Rəsulullah (s.ə.s) bir hədisində: “Namaz dinin dirəyidir”[8], – buyurmuşdur. Binaları ayaq üstə saxlayan onun sütunlarıdır. Namaz da İslam binasının sütunudur. Bundan başqa, namaz insanın dini həyatının dirəyi sayılır. Müsəlmanın ibadət həyatının özəyi fərz namazlarıdır. Dolayısilə dində bu qədər vacib olan namaz əsla tərk edilməməlidir.


[1]“Məryəm”, surəsi, 19/30

[2]“Taha”, surəsi, 20/14

[3]Buxari, “Təhəccüd”, 6, Təfsir, “Fəth” 1, “Riqaq” 20; Müslim, “Sifətül-münafiqin” 79; Tirmizi, “Salət” 304; Nəsayi, “Qiyamül-leyl” 17

[4]“Məryəm” surəsi, 19/65

[5]“Ənam” surəsi, 6/102

[6]“Ənbiya” surəsi 21/25

[7] Bax: “İsra” surəsi 17/15

[8]Beyhaqi, “Şuabul-İman” hədis: 2807, 3/39

mənbə:

mənəviyyat.az

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 270 dəfə.

calal calalov

Read Previous

XƏRÇƏNG XƏSTƏLİYİNDƏN QORUNMANIN YOLLARI

Read Next

Aprel 2014

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.