• 28 Mart 2024

QURANİ KƏRİMİN QORUNMASI

images2Məlum oldugu kimi Qurani-Kərim Allah təala tərəfindən dört böyük mələklərdən biri olan hz. Cəbrayıl vasitəsi ilə hz. Məhəmməd (s.ə.s)-ə 23 ildə nazil olmuşdur.

Yəni Quran bir kitab halında yox, hissə-hissə enərək bir yandan o zamanda yaşayan insanların  problemlərinə cavab verərkən, bir yandan da hər bir fərd və cəmiyyət üçün lazım olan ümumbəşər  prinsiplər qoymuşdur.

Qurani-Kərimi digər ilahi kitablardan ayıran ən böyük özəllik onun bir hərfinin belə dəyişdirilmədən bu günə qədər gəlib çıxmasıdır. Bundan sonra da nazil olduğu kimi qalaraq qiyamətədək təhrifdən uzaq olacaqdır. Bu barədə Allah təalanın qəti sözü vardır. O, belə buyurur: “Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (Hicr, 9)  Göründüyü kimi Quranın qorunub saxlanılmasında ilahi bir təminat vardır.

Allah Qurani-Kərimi heç kimə ehtiyac duymadan qorumağa qadir olduğu halda insanlara şərəf vermək üçün onları da bu işə ortaq etmişdir. Belə ki, ən başda  Qurani-Kərim hz. Peyğəmbərin əmriylə yazılmışdır. Yəni elə bir ayə yoxdur ki, hz. Peyğəmbərin diktəsiylə yazılmamış olsun. Bir ayə və ya bir surə enən kimi hz. Peyğəmbər vəhy katiblərindən birini çağırar və enən ayələri bir-bir qurudulmuş dəri parçası, daş və s. kimi şeylər üzərinə yazdırardı.  Bundan əlavə və bəlkə də Quranın qorunmasında onun yazılması qədər önəmli olan bir hadisə də vardır ki,  o da Quranın başda hz. Peyğəmbər olmaqla səhabələr tərəfindən əzbərlənmiş olmasıdır. Bu haqda məşhur İslam mütəfəkkiri Şatibi belə deyir: “Allah təməl ilahi qaynaq olan Quranın qorunması üçün onun hamısını əzbərləyən hafizlər yaratmışdır. Belə ki, ona tək bir hərf dəxi artırılacaq olsa nəinki bu işin biliciləri olan böyük Quran alimləri, hətta azyaşlı hafizlər belə o dəqiqə onu tapıb çıxarar.” (Şatibi, əl- Müvafəqat fi Usulil-Əhkam)

Deməli, Quran sadəcə dəri, kağız və bu kimi şeylərin üzərinə yazılmış bir mətn deyil, eyni zamanda insanlar tərəfindən əzbərlənən və hafizlər tərəfindən gündəlik həyata tətbiq olunan bir varlıq, Allah kəlamı idi. Bu barədə hz. Ömər: “Biz öyrəndiyimiz bir ayəni həyatımıza tətbiq etmədən başqa bir ayə əzbərləmirdik” buyurmaqdadır.  Bu da Quranın qorunmasında ən böyük əhəmiyyət kəsb etməktədir. Yəni Quran insanlar tərəfindən üç vasitə ilə qorunmaqda idi. Birincisi yazılaraq, ikincisi əzbərlənərək, üçüncüsü də yaşanaraq. Yuxarıda da qeyd edildiyi kimi bunlardan ən önəmlisi bəlkə də Quranın əzbərlənmə hadisəsidir. Çünki ilahi vəhy hər nə qədər yazılmış olsa da, yazılı olan bu mətnlər pərakəndə halda olduğu üçün Quranın yazılı olması onun ayələrinin günümüzə qədər gəlib çıxması üçün kifayət etməzdi. Bu, ancaq və ancaq Quranı əzbər bilən insanların köməyi ilə mümkün idi. Bunu bizə tarix özü göstərməkdədir. Belə ki, hz. Peyğəmbər vəfat etdikdən sonra müsəlmanların ilk xəlifəsi olan hz. Əbu Bəkr dövründə baş verən Yəmamə savaşında təqribən yetmişə yaxın hafiz şəhid oldu. Bu hadisədən təlaşlanan hz. Ömər xəlifənin yanına gedərək: “əgər hafizlər bu qədər sürətlə azalarsa, Quranın yox olmasından qorxuram” -deyir. Ətraflı məsləhətdən sonra hz. Əbu Bəkrin əmriylə Zeyd b. Sabit rəhbərliyində bir heyət quruldu və bir il ərzində insanların əllərində pərakəndə halda olan Quran ayələri iki qapaq arasında cəm edildi.

Buradan da göründüyü kimi Quranın qorunmasında hafizlər çox böyük əhəmiyyət kəsb etməkdədirlər. Quranın mühafizə olunması kimi şərəfli bir işdə önəmli mövqeyə sahib olduqları üçün tarix boyunca Quran hafizləri var olmuşdur. Bu günün özündə də hafizlərin sayı tam olaraq bilinməməklə birlikdə onların sayı milyonlarla ifadə edilməkdədir.

Allaha sonsuz şükürlər olsun ki, yetmiş il aradan sonra Azərbaycan da 1993-1994-cü illərdən bəri hər il öz hafizlərini yetişdirməkdədir. Azərbaycanda hafizlik məktəbinin 1993-cü ildən bəri var olduğunu fikirləşəndə bu ölkədə hafizliyin çox yeni olduğunu görürük. Amma buna baxmayaraq, Azərbaycan hafizləri beynəlxalq yarışlarda iştirak etməkdə və Azərbaycanı layiqincə təmsil etməkdədirlər.

mənbə:

irfandergisi.com

 

Read Previous

PEYĞƏNBƏRİMİZ (SƏV)-İN QARDAŞLARI

Read Next

QƏBİRSTANLIQDA BAŞDAŞI QADAĞASI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.