• 19 Mart 2024

Qurani-Kərim oxumağın fəziləti

Quran-oxumaYer üzərinə göndərilən ilk insan və ilk peyğəmbər Hz. Adəm əleyhissəlamı və ona inananları Allah Təala on səhifə ilə (bunlara suhuf deyilir) doğru yola yönləndirmişdir. Hz. Şit, Hz. İdris və Hz. İbrahimə də səhifələr verilmiş, Hz. Davuda Zəbur, Hz. Musaya Tövrat, Hz. İsaya İncil və Hz. Məhəmməd (s.ə.s.) əfəndimizə də Quran verilmişdir. Bütün bu səhifə və kitablar onlara müraciət edənlər üçün doğru yol rəhbəri, dünya və axirətdə xoşbəxtlik və rəhmətdir.  Bu səhifə və kitabların içində Qurani Kərim  qiyamətə qədər gələcək olan bütün millət və xalqlara xitab edən ən böyük ilahi kəlamdır. Qurani Kərim insanın fərdi, ailəvi, ictimai, siyasi, iqtisadi, psixoloji, mədəni bir sözlə maddi-mənəvi bütün problemlərini həll edən ilahi kitab olmasına baxmayaraq bu günün bəzi müsəlmanları ondan uzaq yaşayırlar. Allah Rəsulunun (s.ə.s.) buyurduğu kimi Quran bir vadidə onlar da başqa bir vadidədirlər.  Allahın Quranla bir çox milləti ucaltdığı danılmazdır. Müsəlmanlar Qurana möhkəm-möhkəm yapışdıqları müddət daim müzəffər və üstün, Qurandan uzaqlaşdıqda isə alçalmış, rəzil və rüsvay olmuşlar. Qurani Kərimi başa düşə-düşə oxumaq və oxuduqlarına əməl etmək bu gün hər müsəlmana nəsib olmur. Bu Qurani Kərim əlifbasının, ya da oxunuş qayda-qanunlarının çətinliyinə görə deyil, əksinə bizim ona olan biganəliyimizə görədir. Halbuki Aləmlərə rəhmət olaraq göndərilən Hz. Məhəmməd (s.ə.s.) insanlara möhkəm-möhkəm yapışacaqları zaman dəlalətə düşməyəcəkləri iki böyük mənbə, su qədər, hava qədər önəmli olan Quran və sünnəsini qoyub getdiyini bildirir. Elə bir Quran ki hər hərfi üçün on savab vardır. Bu müjdəni  Abdullah İbn Məsuddan (r.ə.) dinləyək: Allah Rəsulu buyurdu: “Kim Qurani-Kərimdən bir hərf oxuyarsa onun üçün bir yaxşılıq savabı vardır. Hər bir yaxşılığın əvəzi də on savabdır. Mən əlif lam mim bir hərfdir demirəm, əksinə əlif bir hərf, lam bir hərf, mim də bir hərfdir.” (Tirmizi, Fəzailul Quran, 16) “Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.” (Ənam, 6/160) ayəsi gördüyümüz hər yaxşılığın on qatı ilə mükafatlandırılacağını bizə xəbər verir. İnsanın Qurani Kərim oxuyarkən nə qədər çox savab işlədiyini daha yaxşı başa düşə bilməyimiz üçün belə bir misal vermək yerində olar. Namazların bütün rükətlərində oxunan, Quranın xülasəsi sayılan Fatihə surəsi 139 hərfdən ibarətdir, hər hərfin əvəzində də on qat savab verildiyinə görə bir insan hər fatihə oxuduğu zaman ən az 1390  savab qazanır. Belə bir misal verməyimizə baxmayaraq bunu da unutmamalıyıq ki, əməlləri qiymətləndirən Allahın əməllərimizin əvəzində nə qədər mükafat verəcəyini qəti surətdə bilə bilmərik. Hər ayə və surəsi savablarla dolu olan bir kitab, əlbəttə ki, oxuyucusuna müsbət enerji, güc və qüvvət verər. Onun qoxu və dadını gözəlləşdirər.  Əbu Musa əl-Əşaridən (r.ə.) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.s.) belə buyurdu: “Quran oxuyan mömin portağal kimidir: qoxusu xoş, dadı gözəldir. Quran oxumayan mömin xurma kimidir: qoxusu yoxdur, dadı isə gözəldir. Quran oxuyan münafiq fəsləyən kimidir: qoxusu xoşdur amma, dadı acıdır. Quran oxumayan münafiq Əbu Cəhil qarpızı kimidir: qoxusu yoxdur, dadı da acıdır.” (Buxari, Ətimə 30, Fəzailul-Quran 17, Tövhid 36; Müslüm, Müsafirin 243) Görüşdüyümüz, münasibətdə olduğumuz hər insandan bir enerji aldığımız və onlara enerji verdiyimizə şübhə yoxdur. Daima Quran oxuyan bir insanın ətrafına gözəl qoxu yayacağı danılmazdır. Çünki, o, Quranın əxlaqıyla əxlaqlanmış, onun əmr və qadağalarına görə ömrünü formalaşdırmışdır.

Abdullah İbn Amr İbn Asdan (r.ə) rəvayət edildiyinə görə, Nəbi (s.ə.s) belə buyurdu: “Hər zaman Quran oxuyana belə deyiləcəkdir: oxu və ucal, dünyada aramla oxuduğun kimi burada (axirətdə) da aram ilə oxu. Şüphəsiz sənin mərtəbən oxuduğun ayənin son nöqtəsindədir. (Əbu Davud, Vitr 20; Tirmizi, Fəzailul-Quran 18) Hər şeydən əvvəl qeyd edək ki,  Allah Təala Qurani Kərimi yalnız oxumaq üçün göndərməmişdir. Əgər belə olsa idi Quran bir sıra etiqadi, əməli və əxlaqi hökmlər gətirib, onların yerinə yetirilməsini əmr etməzdi. Hz. Peyğəmbər (s.ə.s.) də bunları sadəcə insanlara təbliğ etməklə kifayətlənər, onların tətbiqi və həyat tərzinə çevrilməsi üçün ömrü boyu hər cür əzab-əziyyətə dözməz, hicrət etməz, zəhmətsiz və yüksüz bir həyat tərzi seçərdi. Bu səbəblə, bir insanın oxuduğu Quranın qəlbinə və könlünə heç bir təsiri olmazsa, onun davranışlarında Allahın kitabından heç bir şey əksini tapmazsa, əxlaq və ədəbinə müsbət təsir etməzsə belə bir insanın axirətdə qazanacağı üstün bir mərtəbə yoxdur. İnsan dünyada Quranı nə qədər çox oxuyarsa, onu həyat tərzi kimi mənimsəyərsə axirətdə də o qədər Quran oxuyacaq və ona görə mərtəbə qazanacaqdır. Mömin dili ilə bədəni, sözü ilə əməli ahəng içərisində olan insandır. Hərəkət və davranışları oxuduğu Quranla eyni olmayanlar, bir mənada dilinin oxuduğunu əməli inkar edənlər axirətdə yüksək mərtəbə qazana bilməyəcəklər. Bu mənada evlərimizin ən yüksək yerlərinə Qurani-Kərimi qoymaq ancaq oxumamaq, maşın, ev və ofislərimizə ayətül kürsi, fələq, nas kimi ayələr asıb oxumamaq axirətdə bizə fayda verməyəcəkdir. Bunun əksinə Quranı özlərinə rəhbər tutmuş, onun nurlu yolunda irəliləyən möminlər üçün Allahın sürpriz nemət və hədiyyələri vardır. Əbu Ümamə (r.ə.), mən Rəsulullahı (s.ə.s.): “Quran oxuyun. Çünki, Quran, qiyamət günündə onu oxuyanlara şəfaətçi olaraq gələcəkdir.” buyurduğunu eşitdim, demişdir. (Müslüm, Müsafirin 252) Başqa bir hədisi şərifdə Allah Rəsulu (s.ə.s.) belə buyurur: “Kim Quranı oxuyar və onu gözəlcə əzbərləyər, halalını halal, haramını haram qəbul edərsə, Allah bu sayədə o kimsəni cənnətinə qoyar. O insan da öz ailəsindən hamısı cəhənnəmlik on insana şəfaət edər.” (Tirmizi, Fəzailul Quran 13) Özü cənnətə gedərkən kim ailəsinin cəhənnəmə getməsinə razı olar ki! Quranla əxlaqlanmış, savadlanmış, Quranı həyat tərzinə çevirmiş  bir insan onu valideynlərinə, həyat yoldaşına, uşaqlarına, qohum-əqrəbasına öyrətməli, onların mənəvi sıxıntı və xəstəliklərini Quranla müalicə etməlidir. Möminlərin anası Hz. Aişəyə Allah Rəslulunun (s.ə.s.) əxlaqını soruşduqları zaman, “Quran oxumursunuzmu?” deyə cavab vermişdi. “Oxuyuruq” cavabını alanda da “Onun əxlaqı Quran idi” demişdi. Dövrümüzdə psixoloji problemləri olan, depressiya yaşayan insanlar Qurana yönəlmiş olsaydılar problemləri bir-bir həllini tapmış olardı. Əxlaqı Quran olan bir peyğəmbər ədəb və əxlaqdan uzaq olan bir topluluğu ucaltmış, onların bütün problemlərini ən yüksək səviyyədə həll etmişdir. Bu gün biz problemlərimizin həlli üçün bu müqəddəs kitaba nə qədər də möhtacıq!

Quran dünyada sükunət, rəhmət və bərəkətdir, qəbirdə nurdur, sirat körpüsündə parlaq çıraqdır, məhşərdə şəfaətçidir. Onu səlis oxuyan da, kəkələyə-kəkələyə oxuyan da ondan nəsibini alar.

Hz. Aişədən (r.ə.) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.s.) belə buyurdu: “Quranı səlis və gözəl oxuyan vəhy gətirən şərəfli və itaətkar mələklərlə bərabərdir. Quranı kəkələyərək çətinliklə oxuyana isə iki qat savab vardır.” (Buxari, Tövhid 52; Müslüm, Müsafirin 243)

Abdullah İbn Abbasdan (r.ə.) rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s.) belə buyurdu: “Qəlbində Qurandan bir miqdar olmayan insan xarab olmuş ev kimidir.” (Tirmizi, Fəzailul-Quran 18) Gecə-gündüz Quranla məşğul olan insan isə   möhtəşəm və dəbdəbəli bina kimidir. Belə insana qibtə olunar. (Buxari, Elm 15, Zəkat 5, Əhkam 3, Tövhid 45; Müslüm, Müsafirin 266-268.) Çünki o oxuduğu Quranı əzbərləməyə çalışır, onun hökmlərini, əmr və qadağalarını öyrənərək onların işığında ömür sürür.

Bir insan tək başına Qurani Kərimi oxuyub öyrənməyə çalışdığı vaxt bu qədər çox savab qazandığına görə camaat içərisində öyrənəndə, əlbəttə ki, savabı dəfələrlə artar. Əbu Hüreyrədən (r.ə.) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.s.) belə buyurdu:  “Bir camaat Allahın evlərindən bir evdə toplanar, Allahın kitabını oxuyar və onu aralarında müzakirə edərlərsə üzərlərinə səkinə (hüzur) enər, onları rəhmət bürüyər və mələklər ətraflarını əhatə edərlər. Allah Təala da onları Öz dərgahında olanların arasında anar.” (Müslüm, Zikr 38) Camaatla qılınan namaz tək başına qılınan namazdan 27 dəfə çox savablı olduğu kimi müqəddəs kitabımız Qurani-Kərimi də bir topluluq içərisində oxumaq və ayələrini müzakirə etmək Allahın rəhmətinə, mələklərin o insanlarla bərabər olmasına səbəb olar. İstər tək, istər topluluq içərisində oxuyaq hər hərfi üçün bir savab olan və Allahın Kəlamı olan bir kitabı oxumaq, təfəkkür etmək və onun əmrləri istiqamətində yaşamaq hər bir müsəlmanın borcudur.

 

Əli Məmmədov

Read Previous

Qərblilər Həzrəti Məhəmməd haqqında

Read Next

83 yaşında Quran oxumağı öyrənir

One Comment

  • SALAM ALLAH SIZDƏN RAZI OLSUN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.