• 24 Avqust 2019

Rəhmət ayı gəlir.

Möhtərəm musəlmanlar, sizin də bildiyiniz kimi bir neçə gündən sonra mübarək ramazan ayı gəlir. Ramazan ayı ayların ən fəzilətlisidir. Quranın dünyaya nazil olması bu ayda başlayıb. Bu ay Allaha itaət və ibadət, yaxşılıq və ehsan, məğfirət və rəhmət ayıdır. Ramazan ayında min aydan xeyirli olan Qədir gecəsi var. Bu ay duaların daha çox qəbul edildiyi bir aydır. Ramazanın və bu ayda oruc tutmağın fəziləti ilə əlaqədar çox sayda hədislər var. Bunlardan bəziləri aşağıdakılardır:
– Ayların ən şərəflisi Ramazan ayı, günlərin ən şərəflisi isə Cümə günüdür.
– İnsanlar Ramazan ayının üstünlüklərini bilsəydilər, bütün ilin Ramazan ayı olmasını istəyərdilər.
– Ramazan ayı gələndə cənnət qapıları açılar, cəhənnəm qapıları bağlanar, şeytanlar da zəncirlənər.
– Ramazan ayının əvvəli rəhmət, ortası məğfirət, axırı cəhənnəm alovundan azad olmadır.
– Oruc tutanın ağız iyi Allah qatında müşk iyindən daha xoşdur.
– Ramazan ayı səbr ayıdır. Səbrin savabı da cənnətdir.
Möhtərəm möminlər, Ramazanın özünə xas bəzi xüsusiyyətəlri vardır:
1. Qurani-Kərim məhz bu aydan etibarən dünyaya enməyə başlayıb. Allah Təala buyurur: “Ramazan ayı insanlara düz yol göstəricisi, bu yolun və haqqı batildən ayırmağın aydın dəlilləri olan Quranın nazil edildiyi aydır” Bu ay Quran nazil olduğu üçün Ramazana “Quran ayı” da deyirlər. Buna görə müsəlmanlar hər il evlərində və ya məscidlərdə Quran oxuyaraq savab qazanmağa çalışırlar. Beləki, Rəsulullah: “Kim Allahın kitabı Qurandan bir hərf oxuyarsa, bir savab var. Hər savabın əvəzi isə on qat artıq veriləcək”, buyurub. Bundan başqa Hz. Peyğəmbər (səs) Quranın və orucun Qiyamət günü şəfaət edəcəyini bildirib

2. Hz.Muhəmmədə (s.ə.v.) peyğəmbərlik vəzifəsi məhz bu ayda verilib. Məkkəyə yaxın ərazidə yerləşən “Hira” mağarasında Hz.Muhəmmədin yanına gələn Hz. Cəbrail adlı mələk ilk Quran ayəsini gətirib. Hz. Cəbrail Hz. Muhəmmədə (səs): “Sən Allahın peyğəmbərisən, mən də Cəbrailəm”,- deyə səslənərək onun insanlığını qurtuluşu üçün göndərilmiş peyğəmbər olduğunu bildirib.
3. Min aydan daha xeyirli olduğu Qurani-Kərimdə bildirilən “Qədr gecəsi” bu aydadır.
4. İslamın əsas beş şərtindən biri olan oruc ibadəti bu aya məxsusdur.
5. “Təravih” namazı da sadəcə Ramazan ayında qılınır.
Bu aya “Əvvəli rəhmət, ortası məğfirət (günahların bağışlanması), axırı da cəhənnəmdən qurtuluş”, olduğunu söyləyən Hz. Muhəmməd (səs) möminlərə bu müjdəni verir: “Ramazan ayı gələndə cənnətin qapıları açılır, cəhənnəmin qapıları bağlanır və şeytanlar zəncirlənir”. İslam alimləri bu hədisin mənasını belə izah ediblər: “Ramazanda cənnətə aparacaq yaxşı işlər edən möminə cənnətin qapıları açılar. Cəhənnəmə aparan pisliklərdən çəkindiyi üçün də cəhənnəmin qapıları ona bağlanar”, deməkdir. Oruc tutaraq nəfsinə hakim olub şeytana tabe olmadığı üçün də şeytanı təsirsiz hala gətirmiş sayılır.
Əziz müsəlmanlar, “Oruc” sözü lüğətdə nədənsə uzaqlaşmaq, nədənsə özünü qorumaq mənalarına gəlir. Orucun dini termin olaraq mənasına gəlincə, Oruc tutması fərz olan insanların niyyət edərək dan yeri söküləndən günəşin batmasına qədər orucu pozan işlərdən uzaq durmalarına deyilir. Oruc ibadəti İslamdan əvvəlki dinlərdə də mövcud olub. Lakin o, ən mükəmməl səviyyəsini İslamda tapıb.
Əziz qardaşlar, xütbəmə bir hədisi-şəriflə son verirəm:
“Kim inanaraq və savabını Allahdan gözləyərək Ramazan orucunu tutarsa onun keçmiş günahları bağışlanır.”

      Rahmet ayi gelir

29 İyul 2011 / 28 Şaban 1432

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 143 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Yas və Toy Mərasimlərimiz.

Read Next

RAMAZANI SƏMƏRƏLİ KEÇİRMƏK.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.