• 13 Noyabr 2019

Ramazan Və Oruc haqqında ayə və hədislər

ramazanveorucayetvehadisler

Uca Rəbbimiz müqəddəs kitabımız Qurani kərimdə Ramazan ayı və oruc haqqında belə buyurur:

Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Bəqərə 183)
(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! (Bəqərə 184)
İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz. (Bəqərə 185)

Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, bəlkə, müttəqi olsunlar! (Bəqərə 187)

Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir). O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!) (Qədr 1-5)

Peyğəmbər əfəndimiz hz. Məhəmməd (səv)-in ramazan ayı və oruc haqqında hədisi şərifləri

İbni Ömər radıyallahu anhdan rəvayət edildiyinə görə, Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu:
“İslam beş təməl üzərinə bina edilmişdir: Allahdan başqa ilah olmadığına və Məhəmmədin Allahın Elçisi olduğuna şahidlik etmək. Namaz qılmaq, zəkat vermək, Allahın evi Kəbəni həcc etmək və Ramazan orucunu tutmaq.” (Buxari, İman 1, 2, Təfsiri surə (2) 30; Müslim, İman 19-22)
Əbu Ümamə Sudayy İbni Aclan əl-Bahili radıyallahu ənhdən rəvayət edildiyinə görə, Rəsulullah sallallahu əleyhi və səlləmi Vida Xütbəsində belə buyurarkən dinlədim demişdir:
“Allahdan qorxun. Beş vaxt namazınızı qılın. Ramazan orucunuzu tutun. Mallarınızın zəkatını verin. İdarəçilərinizə itaət edin! (Bu halda düz) Rəbbinizin cənnətinə girərsiniz.” (Tirmizi, Cümə 80)
Əbu Hüreyrə radıyallahu ənhdən rəvayət edildiyinə görə Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu:
Əziz və cəlil olan Allah: “İnsanın oruc xaricində hər əməli özü üçündür. Oruc mənim üçündür, mükafatını da mən verəcəyəm ” buyurmuşdur.
Oruc qalxandır. Biriniz oruc tutduğu gün pis söz söyləməsin və kimsə ilə dava etməsin. Əgər birisi ona söyər və ya sataşarsa: “Mən orucluyam” desin.
Məhəmmədin canı qüdrət əlində olan Allaha and içirəm ki, oruclunun ağız qoxusu, Allah qatında müşk qoxusundan daha gözəldir.
Oruclunun rahatlayacağı iki sevinc anı vardır: Biri, iftar etdiyi zaman, digəri də orucunun savabıyla Rəbbinə qovuşduğu andır.”(Buxari, Savm 9; Müslim, Siyam, 163)
Səhl İbni Sad radıyallahu ənhdən rəvayət edildiyinə görə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu:
“Cənnətdə Reyyan deyilən bir qapı vardır ki, qiyamət günü oradan ancaq oruclular girəcək, onlardan başqa kimsə girə bilməyəcək. Oruclular haradadır? deyə çağırılır. Onlar da qalxıb girərlər və o qapıdan onlardan başqası əsla girə bilməz. Oruclular girəndə o qapı bağlanar və bir daha oradan kimsə girməz.” (Buxari, Savm 4; Müslim, Siyam, 166.)
Əbu Səid əl-Hudri radıyallahu ənhdən rəvayət edildiyinə görə Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu:
“Allah rizası üçün bir gün oruc tutan kimsəni Allah Təala, bu bir gündəlik oruc səbəbiylə cəhənnəm atəşindən yetmiş il uzaq tutar.” (Buxari, Cihad 36; Müslim, Siyam, 167-168.)
Əbu Hüreyrə radıyallahu ənhdən rəvayət edildiyinə görə Rəsulullah sallalllahu əleyhi və səlləm belə buyurdu:
“Kim, fəzilətinə inanaraq və qarşılığını Allahdan gözləyərək ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar.” (Buxari, İman 28, Savm 6)
Əbu Hüreyrə radıyallahu ənhdən rəvayət edildiyinə görə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu:
“Kim yalan danışmağı və yalan-dolanla iş görməyi tərketməzsə, Allah o kimsənin yeməsini, içməsini tərk etməsinə qiymət verməz.” (Buxari, Savm 8, Ədəb 51)
Peyğəmbər -səllallahu əleyhi və səlləm- belə buyurmuşdur:
“Neçə oruc tutanlar vardır ki, orucundan ona quru bir aclıqdan başqa bir şey qalmaz! Gecələri neçə namaz (təravih və təhəccüd) qılanlar var ki, namazlarından özlərinə qalan yalnız yuxusuzluqdur.” (İbn-i Macə, Sıyam, 21)
Əbu Hüreyrə radıyallahu ənhdən rəvayət edildiyinə görə Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu:
“Ramazan hilalını görüncə oruc tutun. Şəvval hilalını görüncə də oruca son verin. Ramazanın başlanğıcı buludlu bir günə rast gəlsə, şabani otuza tamamlayın.” (Buxari, Savm 11)
Rəsulullah -səllallahu əleyhi və səlləm- əfəndimiz buyurmuşdur:
“Oruc tutun ki, (maddi və mənəvi cəhətdən) səhhət tapasınız!” (Heysəmi, 203 III, 179)
Peyğəmbər əfəndimiz -səllallahu əleyhi və səlləm- buyurmuşdur:
“Mömin öldüyü zaman, namazı baş ucunda, zəkat sağında, orucu solunda olar.” (Baxın. Heysəmi, III, 51)
Allah Rəsulu -səllallahu əleyhi və səlləm- bir gün:
“Oruc, orucluya yaraşmayan şeylərlə zədələnmədikcə (tutan üçün) bir qalxandır.” Buyurdu.
Əshabi-kiram: “(Oruclu) onu nə ilə zədələyər?” Deyə soruşduqda Rəsuli-Əkrəm -səllallahu əleyhi və səlləm-: “Yalan və qeybətlə…” cavabını verdilər. (Nəsai; Sıyam, 43)
Əbu Hüreyrə radıyallahu ənhdən rəvayət edildiyinə görə Peyğəmbər sallallahu aleyhi və səlləm əfəndimiz belə buyurdu:
“Sizdən biriniz unudaraq bir şey yeyər və ya içərsə, orucunu tamamlasın. Çünki onu Allah yedirmiş və içirdmişdir.”(Buxari, Savm 26, Eymân 15)
Əbu Hüreyrə radıyallahu ənhdən rəvayət edildiyinə görə Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu:
“Ramazan ayı girəndə cənnət qapıları açılır, cəhənnəm qapıları bağlanar və şeytanlar bağlanar.” (Buxari, Savm 5)
Abdullah İbni Abbas radıyallahu anhüma’dan rəvayət edildiyinə görə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu:
“Ramazan ayında edilən ümrə, tam bir həcc sayılır, yaxud da mənimlə birlikdə edilmiş bir həccin yerini tutar.” (Buxari, Ümrə 4)
“Sahura qalxın, çünki sahurda bolluq-bərəkət vardır.” (Buxari, Savm 20; Müslim, Siyam, 45)
Zeyd İbni Xalid əl-Cuheni radıyallahu ənhdən rəvayət edildiyinə görə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu:
“Kim bir oruc tutana iftar versə, oruc tutan qədər savab qazanar. Oruclunun savabından da heç bir şey azalmaz.”(Tirmizi, Savm 82)
Səhl İbni Sad radıyallahu ənhdən rəvayət edildiyinə görə Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu:
“Oruc açmağa tələsdikləri müddətcə müsəlmanlar xeyr üzrə yaşayarlar.” (Buxari, Savm 45; Müslim, Siyam, 48)
Əbu Hüreyrə radıyallahu ənhdən rəvayət edildiyinə görə Rəsulullah sallallahu əleyhi və səlləm dedi ki:
“Allah Təala belə buyurdu: Qullarımın mənə ən sevimli olanı, oruc açmaqda tələsik davranandır.” (Tirmizi, Savm 13)
Ömər İbnul-Xəttab radıyallahu ənhdən rəvayət edildiyinə görə Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu:
“Gecə, (şərqdən) gəldi, gündüz (qərbdən) getdi və günəş itdi mu oruclu dərhal orucunu açar.” (Buxari, Savm, 43; Müslim, Siyam, 51-52.)
Səhabədən Salman İbni Amir ed-Dabbə radıyallahu ənhdən rəvayət edildiyinə görə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu:
“Hər hansı biriniz iftar etmək istədiyi zaman orucunu xurma ilə açsın. Xurma tapa bilməzsə, su ilə iftar etsin. Su təmizdir. “(Əbu Davud, Savm 21; Tirmizi, Zəkat 26, Savm 10.)
Əbu Hüreyrə radıyallahu ənhdən rəvayət edildiyinə görə Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu:
“Kim ramazanın fəzilətinə inanaraq və savabını Allahdan gözləyərək təravih namazını qılarsa, keçmiş günahları bağışlanar.” (Buxari, İman 37; Müslim, Müsafirin 173, 174.)
Əbu Hüreyrə radıyallahu ənhdən rəvayət edildiyinə görə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu:
“Fəzilətinə inanaraq və qarşılığını Allahdan gözləyərək Qədr gecəsini qiymətləndirən adamın keçmiş günahları bağışlanar.” (Buxari, İman 25, 27, 28, 35, Savm 6, təravih 1, Leyletü’l-kadr 1; Müslim, Müsafirin 173-176. )
Abdullah İbni Ömər radıyallahu anhdan rəvayət edildiyinə görə, bir qrup səhabə, yuxularında Qədr gecəsinin Ramazanın son yeddi gecəsində olduğunu görmüşlər (və bunu Hz. Peyğəmbərə bildirmişlər)di. Bunun üzərinə Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu:
“Qədr gecəsi ilə əlaqədar yuxularınızın, ramazanın son yeddi gecəsi üzərində toplandığını görürəm. O halda Qədr gecəsini axtaran onu ramazanın son yeddi gecəsində axtarsın!” (Buxari, Leyletü’l-kadr 2, təbir 8; Müslim, Siyam, 205 -206.)
Aişə radıyallahu anha-dan rəvayət edildiyinə görə Rəsulullah sallallahu əleyhi və səlləm ramazan ayının son on günündə məscidə bağlanar ibadətə bürünər və belə buyurardı:
“Qədr gecəsini ramazanın son on günü içində axtarın!” (Buxari, Leyletü’l-kadr 3; Müslim, Siyam, 219.)
Aişə radıyallahu anha-dan rəvayət edildiyinə görə Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu:
“Qədr gecəsini Ramazanın son on günündəki tək gecələrdə axtarın!” (Buxari, Leyletü’l-kadr 3)
Abdullah İbn Ömər (ra)-dan belə dediyi nəql edilmişdir: “Hz. Peyğəmbər fitrənin insanlar Bayram Namazı’na çıxmadan əvvəl verilməsini əmr etmişdir “(Şövqəni, Neylü’l-Evtar, IV, 183.)
Abdullah İbn Ömər (ra)-dan belə dediyi nəql edilmişdir: “Hz. Peyğəmbər fitr sədəqəsini 1 sa (ölçü) xurma və 1 sa arpa olmaqla kölə, kişi, qadın, kiçik və böyüklərə fərz etmiş və insanlar (bayram) namazına çıxmadan əvvəl verilməsini əmr etmişdir. “(Buxari, Zəkat, 76; Müslim, Zəkat , 12.)
Əbu Səid əl-Xudri (ra)-dan rəvayət edilən bir hədisdə fitrə verilə maddələr və miqdarları belə müəyyən edilir: “Biz Peyğəmbər dövründə fitrəni, yemək maddələrindən 1 sa olaraq verirdik. O zaman bizim yediklərimiz arpa, kişmiş, xurma və keş (yağı alınmış pendir) idi.” (Buxari, Zəkat, 74; A. İbn Hənbəl, III, 73, 98.)
İbn Abbas (r. a)-nın nəql etdiyi bir hədisdə belə buyurulur: “Rəsulullah (səv) oruclunun gərəksiz və çirkin sözlərdən təmizləmək və yoxsullara yemək təmin etmək üçün fitrəni fərz etmişdir. Fitrəni kim namazdan əvvəl ödəsə, bu məqbul bir zəkat, kim də namazdan sonra ödəsə, hər hansı bir sədəqə olar.” (Buxari, Zəkat, 70, 71, 77; Müslim, Zəkat, 12, 13, 16)
Abdullah b. Sələbə (ra) belə nəql etmişdir: “Rəsulullah (sas) Ramazan Bayramından bir və ya iki gün əvvəl bir çıxış edərək belə buyurdu: “buğdadan, arpadan və ya xurmadan 1 sa azad və ya kölə, kiçik və ya böyüklər üçün sədəqə olaraq verin .” (A. İbn Hənbəl, V, 432.)Mənbə:islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 1. 290 dəfə.

calal calalov

Read Previous

Ramazan 2016/1437

Read Next

Ramazan ayının üstünlükləri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.