• 19 Mart 2024

Ramazan Və Quran

Möhtərəm möminlər, Ramazan ayının gəlişindən etibarən bir çox müsəlman qardaşımız Quran oxumağa çalışır. Bu ayda kimisi bir dəfə kimisi iki dəfə Quranı xətm edir. Bu ayda Quranın daha çox oxunması təbidir. Çünki Ramazan Quran ayıdır. Quran məhz bu ayda möminlərə şəfa və rəhmət olaraq nazil edilib.  Bunun üçün hamı istəyir ki, Quran tilavətinə görə savab qazansın ki, bu da normaldır. Ancaq, Quranı oxuyub xətm edərkən öz-özümüzdən “neçə ayə üzərində dayandım, hansı ayələri qəlbimlə yaşadım, hansılarını həyatımda tətbiq etdim, hansı ayə mənim həyatımı dəyişdi,” – deyə soruşsaq, nəticəsi bizdə təəssüf hissi doğurar.

Belə ki,  çox az müsəlman tapmaq mümkündür  ki, Quranı həqiqi mənada oxuyub onu həyatında tətbiq edir. Quranı oxuyarkən bir çoxunun  fikri surə və ayələrdəki mənalar deyil, onu bir neçə dəfə xətm etməkdir. Çünki, biz  onun ayələrini layiqincə düşünmür, mənası və məzmununu başa düşməyə çalışmırıq.

Quranı oxumaqda əsas məqsədimiz onu həyatımızın düsturuna çevirməkdir.  Daha dəqiq desək,  onunla yaşayıb ona əməl etməkdir. Quranın dediklərinə əməl etmək üçün isə,  ondakı  mənaları və Allahın bu ayələrlə bizlərə nə demək  istədiyini başa düşmək lazımdır. Bu isə yalnız onu oxumaqla mümkün deyildir.  Quranı oxuyarkən onu məzmunu ətrafında  düşünmək lazımdır. Allah təala bir ayədə buyurur: “Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?”[1]

Rəsulullah (səs) Abdullah ibn Amr ibn Asa Quranı 3 gündən tez xətm etməkdən çəkindirərək ona belə demişdi: “(Quranı) qısa vaxt ərzində  xətm etmiş kəs onu anlamaqdan uzaq olar”.  Bu hədisdən də məlum olur ki, Quranı oxuyarkən oxuduğumuz barəsində düşünməyimiz gərəkir.

Səhabələr  də Qurana yalnız oxunan bir kitab gözü ilə baxmırdılar. Onlar üçün  Quran  ayələrinin onlara müraciət edərək  onlardan bəhs etdiyi bir kitab idi. Bunun üçün  onlar Qurandan faydalana bildilər. Məhz Quran vasitəsiylə həyatları dəyişdi. Çünki onlar üçün Quran, yalnız başa düşmədən, düşünmədən oxunulan bir kitab deyil, həyat kitabıydı. Onlar üçün Quran ölü kitabı deyil diri kitabıydı. Onlar üçün Quran qazanc mənbəyi deyil, savab mənbəyiydi.

Əziz möminlər, bu səbəbdən Quranı mənasını düşünmədən oxumaq əsas götürülməməlidir.  Bu barədə Abdullah ibn Məsud (r.a.)  belə deyib: “Quranı  nə şeri oxuduğunuz kimi (dayana-dayana), nə də tələsə-tələsə oxuyun. Quranın  ecazkar  məqamları üzərində dayanın, onunla qəlblərinizi hərəkətə gətirin. Məqsədiniz  sadəcə surəni başa vurmaq olmasın”.

Alimlərdən  Aciri “Quran oxuyanın əxlaqı” adlı kitabında yazır: “Qurandan düşünərək az miqdarda oxumaq mənim üçün  düşünmədən çox miqdarda  oxumaqdan daha xoşdur”

Oxunulan ayələrin üzərində duraraq, mənalarını anlamağa  cəhd göstərilməli,  surəni  tezliklə bitirməyə çalışmamalıyıq.  Oxuduğumuz cüzün diqqətimizi çəkən hər hansısa  bir ayəsinin  üzərində durmalıyıq. Onu təkrar-təkrar oxuyub ən əsası isə həyatımızda tətbiq etməliyik. Elə etməliyik ki, bu ayə bizim həyatımızı dəyişsin. Ruhumuzu qidalandırsın. Əxlaqımızı gözəlləşdirsin.

Əziz müsəlmanlar, xütbəmə Quranı oxuyub ona əməl edənə verilən savab haqqında Peyğəmbərimizin (səs) bir hədisi-şərifiylə son verirəm: “Kim Qurani-Kərimi oxuyar və ona əməl edərsə, qiyamət günü ata-anasına bir tac qoyular. Bu tacın işığı, dünyada ikən günəşin evlərə vuran işığından daha parlaqdır. Elə isə Qurani-Kərim ilə əməl edən insanın özünün mükafatı  necə olacaq, düşünə bilirsinizmi?”[2]

Uca Allah cümləmizi bu mübarək Ramazan ayında Quran oxuyub ona əməl edən qullarından eyləsin! Amin!

Ramazanda Quran oxumaq 2

3 Avqust  2011 / 14  Ramazan 1433


[1] Muhamməd 24.

[2] Əbu Davud, Vitr, 14, 1453.

Read Previous

Təravih namazı

Read Next

ZƏKAT İSLAMIN KÖRPÜSÜDÜR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.