Şəki rayonunda fəaliyyət göstərən dini icmaların birgə bəyanatı

Şəki Şəhəri Mərkəzi Cümə Məscidi, Şəki rayonu Kiçik Dəhnə, Böyük Dəhnə, İnçə, Baş Zəyzid, Bideyiz, Baş Kəldək, Baş Layısqı, Zunud, Aşağı Küngüt, Suçma, Aydınbulaq kənd məscidi dini icmalarının birgə

BƏYANATI

İyulun 4-də saat 20:40 radələrində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək, beynəlxalq humanitar hüquq normalarınının tələblərini kobud surətdə pozub.

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və yaşayış yerlərini qəsdən məhv etmək məqsədilə mina və qumbaraatanlarla atəşə tutaraq növbəti təxribat törədib.

Nəticədə Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alıb, yaşayış yerlərinə külli miqdarda zərər dəyib.

Şəki rayonunda fəaliyyət göstərən dini icmalar olaraq bu hadisəni qətiyyətlə pisləyir, dinc insanların, qadın, uşaq, qocaların məhvi kimi bağışlanmaz cinayətlərə heç bir bəraət olmadığını bəyan edirik. Bu təxribat ilə erməni tərəfi növbəti dəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesini pozmağa yönəlmiş cinayət əməllərinə yol verir.

Biz, beynəlxalq ictimaiyyəti dinc insanların qətli kimi qəbuledilməz bir hala qarşı öz qətiyyətli münasibətini bildirməyə, təcavüz və təxribat hallarını kəskin qınamağa və cinayətkarların cəzalandırılmasına çağırırıq.