• 06 İyun 2020

Saxlama kin, təmiz olsun qəlbin

Kin, qisas almaq üçün qəlbdə yerləşən düşmənlik duyğusudur. Xüsusilə acizliyi səbəbindən dərhal intiqam ala bilməyən şəxsin qəlbinə yerləşən qəzəb, gizli bir düşmənlik duyğusuna, kinə çevrilir. Kin duyduğu insana daxildən hirslənən şəxs, intiqam almaq üçün hər vaxt fürsət güdər. Yəni kinin başlıca qaynağı qəzəb, nifrət və intiqam almaq hissidir. Qurani-Kərimdə kafirlərin möminlərə qarşı duyduqları kin və nifrət haqqında belə buyurulur:

 “Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət barəsindəki) ayələri artıq sizə izah etdik.” (Ali İmran 3/118)

Kafirlərin möminlərə qarşı duyduqları kin və nifrət başa düşüləndir. Çünki kin və nifrət küfrün nəticəsidir. Ancaq  çox təəssüflər  olsun ki, bəzən bu cür  kin və nifrət hisləri  müsəlmanlar arasında ola bilir. Halbuki, kin bir çox mənəvi xəstəliyin mənbəyidir. Bir müsəlmanın digər müsəlmana duyduğu kin eyni zamanda digər mənfi  xüsusiyyətlərin yaranmasına gətirib çıxarır. Bunların başlıcası həsəd, qeybət, əlaqələri kəsmək, insanları özündən aşağı görmək, sirləri açmaq, müxtəlif şəkillərdə əziyyət vermək kimi mənfi davranış və xüsusiyyətlərdir. Həzrət Peyğəmbərimiz (s.ə.s) möminlərə yaraşmayan bu mənfi xasiyyətlərdən uzaq durmaq və ümmətinə örnək olmaq üçün belə dua etmişdir: “Ey Rəbbim!.. qəlbimi hidayətə yönəlt, dilimi doğru qıl, köksümdəki (qəlbimdəki) hiylə və kin duyğusunu apar” (Əbu Davud, Vitr, 25)

Başqa bir hədisində isə kin və həsədin insanın dini həyatını necə məhv etdiyini bu ibrətli üslubu ilə bəyan etmişdir: “Sizə keçmiş millətlərin həsəd və kin xəstəliyi sirayət etdi. Bunlar kökündən qazıyıcıdır. Biləsiniz ki; qazıyıcı deyərkən saçı dibindən qazıyır demirəm. Onlar dini kökündən qazıyanlardır. Allaha and içirəm ki, sizlər iman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də iman etmiş olmazsınız. Bir-birinizi sevməyə yardım edəcək şeyi sizə xəbər verimmi: Aranızda salamı yayın.” (Tirmizi, Qiyamə, 57)

 Hədisi-şərifin vurğuladığı kimi fərdləri bir-birinə qarşı sevgisiz düşmənlik hissi bəsləyən, kin və nifrət duyğuları ilə dolu olan bir cəmiyyətdə, əsas etibarilə dini duyğular zədələnir. Dini duyğuların zəiflədiyi bir cəmiyyətdə isə əxlaqlı, sağlam xarakterli, bir-birinə qarşı hörmətlə davranan insanların sayı olduqca az olur. Məhz bu səbəbdən, uca dinimiz tərəfindən kin pis bir xüsusiyyət kimi qarşılanmış, qınanmış və qadağan edilmişdir.

 Abdulla bin Amrın (r.a) nəql etdiyi bir rəvayətə görə Rəsulullaha (s.ə.s) “İnsanların ən üstünü kimdir?”- deyə soruşdular. Peyğəmbərimiz (s.ə.s): “Qəlbi məhmum, doğru sözlü olan hər kəs”deyə cavab verdi. Əshabələr: “Doğru sözlülüyün nə mənaya gəldiyini bilirik amma “Qəlbi məhmum” nə deməkdir?- deyə soruşdular.

Peyğəmbərimiz (s.ə.s) belə buyurdu: “Bu Allahdan qorxan tərtəmiz bir qəlbdir, (elə bir qəlb ki,) içində heç bir günah, zülm, kin və həsəd yoxdur.” (İbn Macə, Zöhd, 24)

Qurani-Kərim möminləri kin və nifrət kimi pis xasiyyətlərdən çəkinməyi əmr edir. Həzrət Əbu Bəkr Həzrət Aişəyə iftira atan qohumlarından Mistaha bir daha kömək etməyəcəyinə dair and içir. Həzrət Əbu Bəkrin bu andından sonra bu ayə nazil olur: “Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!”  (ən-Nur 24/22; Buxari, Təfsir, 24/6)     Sön sözümüz əsl müsəlmanların qardaşları üçün etdikləri bu dua olsun. əl-Həşr surəsi 10-cu ayədə buyurulur: “Onlardan sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!”

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 9 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Yoluxucu xəstəliklər zamanı cənazə və dəfn işləri

Read Next

TÜRKİYƏDƏ MƏSCİDLƏRDƏ AZANDAN SONRA DUA OXUNDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.