• 25 İyun 2019

Təbliğ

    Əziz müsəlmanlar, insanlığın səhv yola düşməsinin qarşısını almaq və onlara həqiqi vəzifələrini öyrətmək istəyən Rəbbimiz   bir çox elçilər göndərmişdir. Bu elçilərin əsas vəzifəsi isə təbliğdir.

İnsanlıq ilk başlanğıcdan bəri təbliğə möhtac olmuşdur. Təbliğ, onun kimlərə ediləcəyi, necə ediləcəyi, bu işlə məşğul olanların xüsusiyyətləri və s. ilə bağlı çox sayda kitablar yazılmışdır.  Bizim  burda  bu  kiçik xütbədə üzərində  duracağımız məsələ  təbliğ zamanı nəzərə alınması vacib olan, lakin bir  çox dəvətçinin diqqət yetirmədiyi,   unutduğu  məsələ  olan  insanlara  qarşı gözəl münasibət bəsləməklə bağlıdır.
İnsan fitrətində ona edilən yaxşılıq, mehriban münasibət, şirin dil və gülər üzlülüyə rəğbət vardır. Hər kəs bu cür münasibət gördüyü insana ürəyində rəğbət bəsləyər, ona yaxınlıq hiss edər və onunla bir-birini anlamağa çalışar. Kobud münasibət və incidici sözlər isə insanları uzaqlaşdırar, sahibinə kin və nifrət hiss oyadar. Bunun üçün də bir şeyi əldə etmək yaxud da insanlara çatdırılması istənilən bir fikir üçün şirin dil və gözəl münasibət metodunu tətbiq etmək şərtdir. Çünki bu zaman qarşı tərəfdə olanlar sizinlə razılaşmaq üçün yollar arayacaq və sizinlə ixtilaf etməkdən qaçınmağa çalışacaqlar. Amma münaqişə, mücadilə yolunu tutanlar isə nəticəni əldə etmək üçün qısa yolu deyil ən uzun yolu seçmiş olacaqlar.

Uca Allah hər sahədə insanları yalnız buraxmayıb onlara yol göstərdiyi kimi bu mühüm vəzifədə də yol göstərməkdədir. Bir ayədə yaxşı və pis münasibətin bir olmadığını bildirərək insanlara gözəl davranmağı, hətta edilən pis bir davranışa belə yumşaq və gözəl şəkildə qarşılıq verməyi əmr etməkdədir. “Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!)” (Fussilət 34)  belə ki, bu insanlar arasında ülfət və sevginin yaranmasına yol açar bir də görərsən ki, qarşında olan bir insan artıq sənin dostuna çevrilib: “Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!” (Fussilət 34). Digər bir ayədə isə Allahu Təala belə buyurur:  “(Ya Rəsulum!) Bəndələrimə de: gözəl sözlər söyləsinlər (və ya müşrikləri imana dəvət edərkən onlarla xoş danışsınlar!) Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir!” (İsra 53) Əksinə, qarşısındakı insana çirkin söz söyləmək, onun əleyhinə danışmaq, onu asıb-kəsmək şeytanın gözlədiyi bir fürsətdir, belə ki ayənin sonunda da bu bildirilir. “Allah çirkin (pis) sözün açıq-aşkar söylənməsini sevməz” (Nisa 148). Bəzən həddini bilməz, azğın insanlara qəzəbləndikdə, ağır ifadələr istifadə edildikdə bunun ağır nəticələri  ola  bilər, fitnə-fəsada yol aça bilər. Bunun üçün də Rəbbimiz  belə   buyurmaqdadır: “Allahdan  başqalarına tapınanları  söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər.” (Ənam 108)
Belə olduqda xüsusilə təbliğlə məşğul olanların həlim, təmkinli, gülərüzlü və şirin dilli olması əsas şərtdir. Dəvətçilərin örnək aldıqları peyğəmbərlər, məhz bu məziyətlərə sahib olmuşlar. Uca Allah İbrahimdən (a.s) bəhs edərkən belə buyurur: “Həqiqətən, İbrahim həlim xasiyyətli, (həmişə dua edərək) yalvarıb-yaxaran və özünü tamamilə (Allaha) təslim etmiş bir zat idi.” (Hud 75) Hz. Musa və Harun (a.s.) təbliğ edərkən insanlarla yumşaq rəftar edən peyğəmbərlərdir. Firon kimi özünü rəbb elan edərək insanlara hər cür zülm və işgəncəni edən azğın birinə dəvət üçün göndərilərkən Uca Allah baxın bu iki dəvətçi peyğəmbərə nə deyir: “Fironun yanına yollanın. O (allahlıq iddiasına düşməklə), həqiqətən, azğınlaşıb həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!” (Taha 43-44)
Aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimiz (s) də şirin dilli, yumşaq rəftar edən bir təbliğçiydi. Ayədə buyurulur: “Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin.” (Ali İmran 159)

Yeni müsəlman olduğu üçün namazda danışmamaq lazım olduğunu bilməyən biri namaz qılındığı əsnada asqıran birinə “yərhəmukəllah”(Allah sənə mərhəmət etsin) dediyi üçün əshab ona acıqlı şəkildə baxmış, bundan təlaşa düşən səhabə vəziyəti peyğəmbərimizə bildirdiyində peyğəmbərimiz (s) yumşaq şəkildə “Namazda dünya kəlamı danışılmaz. Namaz təkbir, təsbih və Quran qiraətindən ibarətdir” buyurmuşdur. (Müslim, Əbu Davud)
Məscidə girən bədəvinin məscidi zibillərkən əshabın onu döyməyə cəhd etdiyini görən peyğəmbərimiz (s) buna mane olmuş, əshabına bədəvinin zibillədiyi yeri təmizləməyi əmr edərək bədəviyə məsciddə namaz qılındığını, Allahın zikr olunduğunu, Quran oxunduğunu söyləmiş buna görə də məscidi zibilləməyin, kirlətməyin doğru bir iş olmadığını yumşaq şəkildə bildirmiş və bədəvini bu şəkildə tərbiyə etmişdir. (Buxari və Müslim)
Əziz möminlər, bunun üçün də ümumiyətlə bütün müsəlmanlar, xüsusilə də təbliğçilər hərəkət və fəaliyyətlərində gözəl münasibət, şirin söz və yumşaq davranış onlar üçün bir şüar olmalıdır. Belə olduqda onlar insanların qəlblərinə asanlıqla yol tapar onları dinləməyə razı sala bilərlər. Əks halda haqlı etirazlarla qarşı-qarşıya qalacaqlar.

      Teblig

 17  Avqust  2012 / 28  Ramazan 1433

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 66 dəfə.

Müşfiq Xəlilov

Read Previous

ZƏKAT İSLAMIN KÖRPÜSÜDÜR

Read Next

Ramazan Bayramı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.