• 06 İyun 2020

Varlıq da, Darlıq da İmtahandır

Zənginlik və kasıblıq Uca Allahın təqdiridir. Allah bəndələrinə niyə varlı-dövlətli olmadın və yaxud niyə yoxsul oldun sualını soruşmayacaqdır. Zəngin bəndəsindən sərvətini necə qazandığını, harada xərclədiyini soruşacaqdır. Eyni zamanda kasıb bəndəsindən də səbir göstərib-göstərmədiyini soruşacaqdır.

Uca Allah Fəcr surəsində bəşər övladının zəifliyinə diqqət çəkir:

“İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” – deyər. Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əksiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!”- söyləyər”.[1]

Uca Allah bəndələrini varlıq və darlıqla imtahan edib sınayar. Əsas odur ki, imtahanın nəticəsi xeyirli olsun. Onun hansı vəsfdə (xeyirli və yaxud şərli) olmasının heç bir əhəmiyyəti yoxdur.

Bu həqiqətə aşina olan Hz. Ömər necə də gözəl deyir:

“Zənginlik də, yoxsulluq da minikdir. Hansına minəcəyimə əhəmiyyət vermirəm”.

Ayeyi kərimədə buyurulur:

“…Ola bilsin ki,sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz”.[2]

Səbr edən kasıblarla şükür edən zənginlər Allahın dərgahında bərabərdir.

Əgər Allah bəndəsinə var dövlət veribsə, bunu Onun rizasına müvafiq yerlərə xərcləməyə vəzifəli olduğunu anlamalıdır.

Allah bəndəsinə var-dövlət verməyibsə, bunun bir imtahan səbəbi olduğunu bilməlidir.

Əsas olan axirət pəncərəsindən baxdıqda dünya həyatının şəkli yox, nəticəsi əhəmiyyətlidir. Necə imtahana çəkildiyimiz yox, imtahanı qazanıb-qazanmadığımız önəmlidir.


[1] əl-Fəcr 15-16

[2] əl-Bəqərə,216

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 11 dəfə.

Araz İbrahimli

Read Previous

Hər şeyin çoxu ziyandır

Read Next

TRABZON AYASOFİYA MƏSCİDİ İYUNDA AÇILACAQ