• 29 Mart 2024

ZƏKAT VƏ FİTRƏ NƏDİR?

Zəkat kimlərə fərzdir?

Həddi büluğa çatmış, ağıllı və təməl ehtiyacları xaricində nisab miqdarı qədər ya da daha artıq zəkata aid bir mala sahib olan müsəlman zəkat mükəlləfi olar və ildən ilə malının zəkatını verməklə məsul olar.

Sərvət sahibi olan uşaqların zəkat vermələri lazımdır?

Zəkat bir ibadətdir. Namaz, oruc və həc kimi ibadətlər uşaqlara fərz olmadığı kimi zəkat da onlara fərz olmaz. (Şafei məzhəbinə görə isə, zəkat uşaq və ağıldan kəm olan hər kəsin malından alınmalıdır. Çünki zəkat ibadətlə yox, malla bağlı bir şeydir. Mal sahibi müsəlmandırsa uşaq və ya dəli də olsa onun malından alınmalıdır.)

Nisab miqdarı mala sahib olmaq nədir?

Nisab miqdarı mal, müsəlmanın zəkat verməsi fərz olduğu miqdara çatmış mal həddidir. 80 gr qızılı və ya bunun müqabili pulu olan dinən zəngin hesab edilir. Digər mallarda isə qoyunlarda  40, inək və camışlarda 30, dəvələrdə 5 sayı olmaqla bunlardan birinə sahib olan dinən zəngin hesab edilir. Zəkat verəcək kəs zəruri ehtiyacları (həvaici-əsliyyə) və bütün borcları xaricində nisab miqdarı ya da daha çox mala sahib olması lazımdır. Bu qədər malı olmayana zəkat fərz olmaz.

Uzun müddət ödəmə şərti ilə, gələcəkdə bir neçə ildə ödənməsi planlaşdırılan borclar mövcud olarsa, belə borcların sadəcə bir ildəki miqdarı hesablanmalı, yaxud bütün illərə aid borclar çıxılmalıdır?

Müddəti nə olarsa olsun bütün borcların yekunu çıxılmalı qalan miqdarın nisaba çatıb-çatmadığı hesablanmalıdır.

Həvaici-əsliyyə deyilən zəruri ehtiyaclar nələrdir?

Bir nəfərin həyatını davam etdirməsi üçün  normal olaraq məişətini təmin edən  ehtiyac hiss ettiyi hər şeydir. Bunlar ev və ev əşyaları, yay və qış paltarları, peşə-sənət üşün alət ədəvat, kitablar, minik vasitəsi və bir illik nəfəqə üçün qida ehtiyat maddələridir.

Evi və ya miniyi olmayan bir kəsin bunları təmin etmək məqsədilə yığdığı pullar zəkata aid olar?

Yuxarıda sadalanan ev və ya minik kimi məişət üçün lazım olan zəruri ehtiyaclardan hər hansı birini əldə etmək üçün yığılmış, əldə saxlanan nağd pullar həvaici-əsliyyədən hesab edilmir. Bu səbəblə belə pulların zəkatını vermək lazımdır. Deməli ev və minik vasitəsi özü zəruri ehtiyaclardan olduğu halda onları əldə etmək üçün yığılan nağd pullar zəruri ehtiyac hesab edilmir?

Zəkat hesablanarkən borclar çıxıldığına görə vergi borcları da çıxılması lazımdır?

Dövlətə və ya bir başqa yerə aid olan vergilər borc xüsusiyəti daşıyır. Bu səbəblə zəkat hesablanarkən bütün vergilər borc kimi hesablanmalı və borc kimi ümumi miqdardan çıxılmalıdır.

Zəkatın hesablanması necədir?

İldə bir dəfə zəkata aid olan malların cəmi hesab edilir, toplanan miqdardan həvaici-əsliyyəyə aid zəruri ehtiyaclar və eyni zamanda bütün borclar çıxılır. Geriyə qalan hasil əgər nisab midarı və daha çox olarsa onun zəkatı verilir. Məsələn, bütün ticarət malları, qızıl və pulların toplamı hesab edilib borclar çıxıldıqdan sonra hasil 80 gr-lıq qızıl və ya bu miqdarda pul olarsa bunun üstündəki (bundan artıq) hər miqdarın qırxda biri zəkat olaraq verilir. Qoyun, inək, camış və dəvə varsa, bunlar ticarət vasitəsi kimi satıldığı təqdirdə əldə edilən pulları qızıl və pullarla birgə hesablanmalıdır. Əks təqdirdə həvaici-əsliyyə və borclar xaricində sayı 40-a çatan qoyunlardan bir qoyun verilməlidir. Böyük başların zəkatı da bu cür hesablanır.

Fitrə nədir?

Fitrə sədəqəsi, Ramazan ayına məxsus bir ibadətdir. Bu, bəzi fiqh ədəbiyatında “bədənlərin zəkatı” deyə adlandırılmışdır. Çünki “fitr” yaradılış demək olub, yaşayan hər insan üçün verilən bir yaradılış şükrü və baş-göz sədəqəsidir. Bu səbəblə ailə başçısı ramazan ayında ailədə məsuliyyətindəki böyük-kiçik, ağıllı-dəli hər fərdin adına ayrı-ayrı fitrə verməklə mükəlləfdir. Hətta, yaradılma nemətinə nail olduğu üçün bayram gecəsi doğulan uşağın fitrəsini də vermək lazımdır.

Fitrə kimlərə vacibdir?

Bu içtihadi bir mövzu olduğuna görə məzhəblərə görə müxtəlifdir. Hənəfilərdə zəkat kimə vacibdirsə, fitrə də ona vacibdir. Zəkat düşməyənlərin fitrə verməsi daha səvab və fəzilətlidir. Cəfərilərə görə ailənin bir illik məişət ehtiyaclarını təmin edəcək miqdarda malı, yaxud qazancı olana vacibdir. Şafei, Maliki, və Hənbəli məzhəblərinə görə isə, fitrə sədəqəsi bayram günü və gecəsinə kifayət edəcək azuqəsi olan varlı-yoxsul hər kəsə vacibdir.

Fitrənin miqdarı nə qədər olmalıdır?

Bir nəfərin fitrə miqdarı, bir gündə iki dəfəlik (günorta və şam, yaxud səhər-axşam) yemək pulunun ən aşağı həddi veriləcək fitrə miqdarıdır.

Mənbə: İslam və İrfan

Read Previous

Namazın əhəmiyyəti

Read Next

İyun 2019

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.