• 23 Dekabr 2024

ƏSL XOŞBƏXTLİK NƏDİR?

Əziz möminlər, xoşbəxtlik haqqında düşünmək, oxumaq, yazmaq və eşitmək həmişə maraqlıdır. Bu haqda müxtəlif fikirlər və rəylər olsa da onların hamısı xoşbəxt olmaq istəyən insanlar üçün maraqlıdır.

Əslində Xoşbəxtlik – Gözlə görünməyən, ölçülməsi mümkün olmayan, alınıb satılmayan, mənəvi bir hissdir.
Xoşbəxtlik –  insanın içindən doğur, xaricdən bunu almaq, ya da əldə etmək mümkün deyil.

Xoşbəxtlik – Hər bir xeyir iş görəndən sonra fərəh və sevinc hissidir. Bu hissi Uca Allah insana bəxş edir.

Xoşbəxtlik – Razılıq və qənaət dolu çox dərin bir duyğudur.

Xoşbəxtlik – Bazarlarda satılan, yalnız varlıların ala biləcəyi və kasıbların əldə edə bilməyəcəyi bir şey deyil.

Xoşbəxtlik – Eyni zamanda başqalarının ürəyini rahat etmək, onlara yardım edib onları sevindirməkdir.

 Xoşbəxtlik – Faydalı bir elmin ardınca getmək, düzgün iş görmək və saleh bir həyat yaşamaqdır.

Xoşbəxtlik – Həsəd, kin, nifrət və pis duyğuları ürəkdən silib atıb, azad olmağı bacarmaqdır.

Xoşbəxtlik – Vicdanın və mənəviyyatın rahatlığıdır.

 “Qəlbdə bir narahatçılıq var ki, Allaha üz tutmadan o, yox olmur.

Qəlbdə bir kədər var ki, Allahla ünsiyyət yaratmadan məhz o kədərdən qurtulmaq olmur.  

Qəlbdə elə bir qəm-qüssə var ki, onu yalnız, Uca Allaha olan sadiqlik hissindən doğan sevinc hissi apara bilər.

Palçıqdan tikilmiş bir evdə, 17 il eyni ayaqqabını geyən, eyni paltarı yuyub geyinən, söküləndə tikən, arada bir qırıq quru çörək tapan onu da yağla yeyən, ayda bir dəfə dilinə ət dəyən insanı belə xoşbəxt edən, rahat yaşadan nədir görəsən?! Bəli O, İman Əhməd bin Hənbəldir ki, bütün bunlara rəğmən yenə də özünü xoşbəxt sayırdı. Bizim indiki müasir dövrün meyarları ilə götürsək, necə də bədbəxt və yazıq insandır – deyərik. Belə insan ömru boyu ancaq qəm-kədər içində yaşayar deyə düşünərik. Amma xoşbəxtlik insanın içində olur. Daxildə olan və insanı rahat edən o xoşbəxtlik hissini sahibindən başqa heç kim hiss edə bilmir və o xoşbəxtlik Allahla olan ünsiyyətə bağlıdır. O xoşbəxtliyi yaşadan, qəlbini döyündürən və damarlarında qanın hərəkətini dayandırmayan sirr, Allahın bəxş etdiyi daxili bir duyğu ilə   əlaqəlidir.

Abdullah bin Abbas (r.a) gözlərinin nurunu itirərkən, xoşbəxtlik hissini heç itirmədi və o bilirdi ki, artıq ömrünün qalan hissəsini zülmətin əsarətində kor olaraq keçirəcək. Ancaq O, içindən gələn razılıq hissi ilə belə deyirdi;

Allah götürsə də gözlərimdəki nuru,

Qəlbimdə və dilimdə qalacaq nuru.

Bəzən səadət çox yaxın olur, amma onu uzaqlarda axtarırıq.

Əziz müsəlmanlar, İslamın böyük alimlərindən biri  belə demişdir; “Düşmənlərim mənə nə edə bilər axı?! Mənim bağçam və cənnətim də mənim sinəmdə, mənim içimdədir. Hara getsəm mənimlədir. Həbs etsələr, cənnətimdə xəlvət yaşayacam, öldürsələr şəhid olacam, vətənimdən sürgün etsələr səyahət edəcəm.”

Məhbus – qəlbi Allah məhəbbətindən həbs olunan kimsədir.

Əsir – nəfsinin istəklərilə qandallanandır.

Bədbəxt –  Allah və Onun Peyğəmbərindən uzaq qalan kəsdir.

Peyğəmbərimiz (s.a.s) mömini vəsf edərkən, insanlığın xoşbəxtlik zirvəsini də göstərmişdir. Rəsulullah (səs) buyurur: “Möminin işi çox qəribədir, maraqlıdır. Çünki bütün işləri xeyir içindədir. Özü də bu yalnız mömində olur. Xeyir bir iş baş versə, şükr edər bu onun üçün xeyir gətirər. Başına bəla gəlsə, səbr edər, bu da onun üçün xeyir gətirər.” (Müslim)

Ey mömin, səbr et, kədərlənmə, çünki Allah rəhmət qapısını həmişə üzünə açıq saxlayır. Nələr etsən də, sonunda səhvini anlayıb peşmançılıq hissiylə Ona dönsən, tövbən qəbul olunacaqdır.

Kədərlənmə! Əgər kasıbsansa, xatırla ki, başqaları illər boyu borclar içində yaşayır.

Kədərlənmə! Əgər maşının yoxdursa, başqaları şikəst və çolaq yaşayır.

Kədərlənmə! Əgər övladını itirmisənsə, başqası bütün ailəsini bir qəzada itirmişdir.

Kədərlənmə! Xəstələnmisənsə, başqası on illərdir yataqdan tərpənə bilmir.

Kədərlənmə! Çünki heç nəyə geri qaytara bilməyəcəksən. Mürəkkəb qurumuş və kitablar bağlanmışdır!

Kədərlənmə! Sənin duan var, Allaha açdığın əllərin və eşidilən müraciətin var!

Kədərlənmə! Yer üzündə olan hər şeyi Allah sənin üçün yaratmışdır.

Kədərlənmə! Sən ki, yerdə gəzir, təmiz hava udur və saf sudan hələ də içə bilirsən.

Kədərlənmə! Bu, yalnız düşmənini sevindirər

Xütbəmə bir ayə ilə son verirəm: “Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz!” (Ali-İmran, 139)

Read Previous

Axirət

Read Next

Əsl müsəlman kimdir?

One Comment

  • Esl Xosbextlik Bizim Muhammed (s.a.s) Peygamberin Ummeti Olmagimizdir mence… 🙂

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.