• 25 Noyabr 2024

SOYQIRIM

Əziz müsəlman qardaşlar, dünya yaranandan bəri haq-batillə, iman küfürlə, ədalət zülmlə mücadilə aparıblar. Haqsız olan yaşaya bilməsi üçün haqlını məhv etmək istəmişdir. Çünki onun yaşaması haqqın yox olmasına bağlıdır. Çünki həqiqətin olduğu bir yerdə nahaq yaşaya bilməz. Eləcə də küfrlə iman da bir yerdə yaşaya bilməz. Nəfsini özünə ilah edən kimsə təbii ki “lə iləhə illəllah” deyənləri sevməz. Nəyinki onları sevməz nəfsinə qulluğu davam etdirə bilməsi üçün onları məhv etmək istər. Tarixə baxdığımız zaman məhz bunun üçün hər zaman küfr əhli islamı və müsəlmanları yer üzündən silmək istəmişlər. Onları özlərinə düşmən qəbul edərək soyqırım törətmişlər. Qadın, qoca, uşaq demədən hamısını məhv etməyə çalışmışlar.

1918-ci ildə ermənilərin azərbaycanlı müsəlmanlara qarşı törətdikləri soyqırımı məhz bu zehniyyətin bir nəticəsidir. Küfrün imana qarşı hucumudur. Batilin haqla mücadiləsidir.

1918-ci il mart ayının 30-da Bakıda erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçəri şəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk müsəlman deyə dərhal qətlə yetirirdilər. Daşnakların özləri etiraf edərək belə deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, öldürülməyin üçün təkcə müsəlman olmağın kifayətdir”. Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məscidləri, məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar.

Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə müsəlmanların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, Bakı hadisələri barədə bunları yazmışdır: «Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 müsəlman cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər».

Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı.

Bəli bu müsəlmanlara qarşı, xüsusilə azərbaycanlı müsəlmanlara qarşı milli soyqırımı idi.

Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi.

Erməni dəstələrinin bu vəhşilikləri ancaq Bakı ilə bitmir. Onlar Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında soyqırımı davam etdirmişdilər. 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.

1920-ci ilin mayında ermənilərin və XI Qızıl Ordunun iştirakı ilə təkcə Gəncədə 12 mindən çox müsəlman qətlə yetirilmişdir.

Erməni dəstələri 3-16 aprel tarixində Şamaxı əhalisinə divan tutdu. Yerli erməni və rus-malakan kəndlilərinin köməkliyi ilə təkcə mart ayında Şamaxının 658 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enmişdi.

Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edirdi. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirmişdi: “Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm. Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir” Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırdılar. Yerli sakinlər isə min bir əzablarla qətlə yetirildilər. Ermənilər adamların gözlərini çıxararaq “gözmuncuğu” düzəldirdilər. Qaçıb canını qurtarmağa çalışan müsəlmanları gülləbaran etmək üçün isə ermənilər şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar yerləşdirmişdilər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırım zamanı 30 minə yaxın müsəlman öldürüldü.

Möhtərəm möminlər, əgər diqqət etdizsə ermənilərin törətdikləri bu soyqırımı hadisəsi yalnız azərbaycanlılara qarşı deyil ümumiyyətlə azərbaycanlı müsəlmanlara qarşı törədilən bir cinayətdir. Küfrün imana qarşı hücumudur. Haqsızın haqlıya qarşı törətdiyi cinayətdir. Batilin haqqla mücadiləsidir.  Əhli küfrün müsəlmanları yer üzündən silmə cəhdidir. Bunun üçün biz müsəlmanlara düşən vəzifə bu kimi hadisələri unutmamaq, düşmənimiz yaxşı tanımaq, tarixin təkrarlanmaması üçün ayıq olmaqdır. Bu səbəbdən birliyimizi bə bərabərliyimizi qorumağımız şərtdir. Xütbəmə bu ayələrlə son verirəm:

“(Ey möminlər!) hamınız bir yerdə Allahın ipindən (dinindən) möhkəm yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi neməti xatırlayın ki, bir-birinizə düşmənikən O, sizin qəlblərinizi (İslam ilə) birləşdirdi. Və onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz.”

 “(Allah tərəfindən)  açıq-aydın dəlillər gəldikdən, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın.” [1]

“Allaha və onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin. Çünki Allah səbr edənlərlə bərabərdir.”[2]

Soyqirim

 

             30 Mart  2012 / 8 C. Əvvəl  1433


[1] Ali İmran: 103, 105.

[2] Ənfal: 46.

Read Previous

Hicab taxmaq, yoxsa taxmamaq günahdı?

Read Next

Tağut Nə Deməkdir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.