“İslamın məqsəd güddüyü kamil bir mömin olmaq üçün dini elm, əməl və səmimiyyət bütünlüyü çərçivəsində dərk edib, yaşamaq lazımdır. Rəbbinə qarşı qulluq vəzifəsini tam yerinə yetirə bilmək üçün elm zəruri bir amildir. Ancaq elm bəndəni xatircəmlik, təqva və saleh əməllərə sövq edərək, Allahı tanımasına kömək etməlidir. Əks təqdirdə bu elmin heç bir faydası olmaz”.
Bu sözlər dövrün müsəlman dəvətçilərindən biri, gənclərin sevimlisi, gənc nəslin Allah sevgisi ilə yaşaması və inkişafı üçün ömrünü fəda edən Osman Nuri Topbaşa məxsusdur.
O, 1942-ci ildə İstanbulun Erənköy qəsəbəsində doğulub. Atası Musa Topbaş, anası isə Fatimə Fəridə xanımdır. İlk təhsilini doğulduğu kəndin Zehni Paşa orta məktəbində alıb. Bu illər ərzində Qurani-Kərimi öyrənir. 1953-cü ildə İmam Xətib məktəbinə daxil olur. O dövrdə bu məktəbdə M. Cəlaləddin Öktən, Mahir İz və Nurəddin Topçu kimi Qərb təhsili almış Osmanlının tanınmış mütəfəkkirləri dərs deyirdilər. Əmisi Abidin Topbaş ilə birgə 1960-cı ildə məktəbi başa vururlar. Təhsil illərində M. Zəkai Konrapa, Yaman Dədə, Əhməd Davudoğlu, Mahmud Bayram, Əli Rıza Sağman kimi müəllimlərdən də dərs alır.
Məktəb illərində Ustad Nəcib Fazil Kısakürəklə tanış olur. Davamlı olaraq onun dərslərində iştirak edən gənc Topbaş onun rəhbərlik etdiyi “Böyük Şərq” jurnalının, habelə əsərlərinin daimi oxucusu, fikrilərinin maddi və mənəvi dəstəkçisi olur.
Təhsili başa vurduqdan sonra bir müddət ticarət və sənaye sahəsində fəaliyyətini davam etdirir. 1962-ci ildə hərbi xidmətə yollanan Nuri Siirt-Tilloda ehtiyat zabit kimi müəllimlik edir. Hərbi xidmətdə olduğu illərdə müəllim olmaq arzusu ilə alışıb-yanan Nuri insanlara təhsil vermək və gənclərlə məşğul olmaqdan həzz alır.
Tarixə, ədəbiyyata, dini elmlərə və şeriyyata olan sevgisi 1990-cı illərdən etibarən onun yazıçılıq həyatına qədəm qoymasına zəmin yaradır. Qələmə aldığı əsərləri aşağıdakılardır:
Bir səhəng su. İstanbul, 1996.
Rəhmət yelləri. İstanbul, 1997.
Nəbilər silsiləsi. İstanbul, 1997-98
Tarixdən günümüzə ibrət nurları. İstanbul, 1998.
Dahi şəxsiyyətləri və qurumları ilə Osmanlı xilafəti. İstanbul, 1999.
İslam, iman və ibadət. İstanbul, 2000.
İmandan ehsana: təsəvvüf. İstanbul, 2002.
Vəqf, xərcləmə, xidmət. İstanbul, 2002.
Son nəfəs. İstanbul, 2003.
Bu kitablar dünyanın bir çox dillərinə tərcümə edilib. Osman Nuri Topbaş bununla yanaşı, xarici ölkələrdə seminar və konfranslar vermişdir.
Evlidir, dörd övladı var.
One Comment
Heqiqeten boyuk insandir,Allah razi olsun.