Əziz müsəlman qardaşlarım!
Uca Allaha şükür və həmd olsun ki, bu mübarək günü bizə göstərdi. Uca Allaha şükürlər olsun ki, bu gün növbəti bir Qurban bayramını da qeyd edirik. Uca Allah şükür və həmd olsun ki, bu mübarək günü bizə bəxş etdi. Bəli bu gün Allah Təalanın biz müsəlmanlara bəxş etdiyi çox qiymətli günlərdən biri olan mübarək Qurban bayramıdır. Bu gün, Allahı bir, Peyğəmbəri bir, Kitabı bir, Qibləsi bir olan milyonlarla müsəlmanın ən böyük və ən müqəddəs günüdür. Çünki Allah Rəsulu (sav) bir hədisində belə buyurmuşdur:
“Allah qatında günlərin ən böyüyü qurban bayramının ilk günüdür…”[1] Bu gün milyonlarla imkanlı müsəlmanalrın “Qurban kəs” əmrini yerinə yetirəcəyi qiymətli bir gündür. Bu gün uca Allahın “Rəbbin üçün namaz qıl” əmrini yerinə yetirərək üzərimizə vacib olan bayram namazını qıldığmız bir gündür. Bu gün imkanlı müsəlmanların, qurban kəsərək kasıbları, kimsəsizləri, aylarla ət yeməyən kimsələri sevindirəcəkləri bir gündür.
Qurban sözünün lüğət mənası yaxınlıq mənasına gəlir. Yəni qurban kəsən hər bir müsəlman Allahın əmrini yerinə yetirməklə, öz Rəbbinə yaxınlaşır. Bunun üçün Qurban yalnız Allahın rizasını qazanmaq niyətiylə kəsilməlidır. Əks halda məsələn: ət yemək məqsədiylə, və ya kimlərinsə şərəfinə kəsilən qurban insanı Allaha yaxınlaşdıra bilməz. Bu barədə Qurani kərimdə belə buyurulur: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi qəlbdən etdiyiniz ibadətdir).”[2]
Əziz qardaşlar, bir məsələni xüsusiylə vurğulamaq istəyirəm. Xalq arasında belə bir batil inanc var ki, güya cümə günü qurban kəsmək olmaz. Cümə günü qurban kəsilərsə qırğın olar. Nəzərinizə çatdırım ki, bu inancın islamla heç bir əlaqəsi yoxdur. Bu xurafatdan başqa bir şey deyildir. Ümumiyyətlə nəyinki cümə günü qurban kəsilə bilməz, hətta tam əksi cümə günü qurban kəsilməsi daha fəzilətlidir. Çünki cümə günü müsəlmanların həftəlik bayramıdır.
Möhtərəm möminlər, Peyğəmbərimiz (səs) bayram günləri gözəl geyinər, üstünə xoş qoxu çəkər, saçını yağlayıb darayar, insanlar arasına çıxmazdan əvvəl özünə ciddi fikir verərdi. Bayram namazına geydiyi yolla deyil, başqa yolla evinə dönərdi. Hər kəsi təbəssümlə salamlayar, bayramını təbrik edərdi. Rəsulullah (s) Ramazan bayramına gedəndə bir şey yeyib gedər, Qurban bayramı namazına isə ac gedər və namazdan sonra evinə dönüb qurbanlıq heyvanını kəsər, o günün ilk yeməyini də həmin qurban ətindən yeyərdi. İki qurban kəsərdi, birini öz adından, o birini də inkanı olmadığı üçün qurban kəsə bilməyən müsəlmanların adından.
Əziz möminlər! elə isə gəlin bizdə bu mübarək bayramı İslama yaraşan şəkildə keçirək. Anamızı, atamızı qohumlarımızı, qonşularımızı və bütün din qardaşlarımızı imkan daxilində ziyarət edək. Ehtiyac sahibi kimsələrə maddi və mənəvi dəstək olaq. Bu mubarək gündə kin və həsəd kimi mənfi xususiyyətləri qəlbimizdən atıb çıxaraq. Qardaş kimi yaşayaq, küsülülərimiz varsa barışaq və barışdıraq. Kin və düşmənçilik hislərinin qəlbimizdən silinməsi üçün Peyğəmbərimizin (səs) bu hədisi şərifini unutmayaq: “Bir- birinizə hədiyyələr verin, bir- birinizi sevin, bir- birinizi mudafiyə edin ki, kin və düşmənçilik hisləri qəlblərinizdən silinsin.” Bu mövzu ilə əlaqəli islamın müqəddəs kitabı Qurani kərimdə isə Uca Allahımız belə buyurur:
“Allah və onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin çünki Allah səbr edənlərlə bərabərdr.”[3]
“Həqiqətən möminlər (dində) qardaşdırlar. Buna görə (aralarında bir mubahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki bəlkə (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız.”[4]
Aləmlərə rəhmət olaraq göndərilən şanlı Peyğəmbərimiz (sav) yenə bir hədisi şərifində belə buyurur:
“Nəfsim əlində olan Allaha and içirəm ki, iman etmədikcə cənnətə girə bilməzsinis. Bir- birinizi sevmədikcə də iman etmiş sayılmazsınız. Sizdən biriniz özü üçün istədiyini qardaşı üçün də istəmədikcə iman etmiş olmaz.”[5]
Bu ayə və hədisi şəriflər onu göstərirki uca dinimiz İslam, möminlərin bir-birlərini sevməsini, birlik və qardaşlıq duyğuları içərsində yaşamalarını istəməkdədir. Bəli həqiqi müsəlmanların həqiqi bayram anlayışı budur.
Uca Allah sizin və bütün dünya müsəlmanlarının qurban bayramını xeyirli və mübarək etsin. Allah təala bu mübarək gündə bütün dünyada əziyət çəkən müsəlmanlara yardım etsin. Uca Allah Muhamməd ümmətini bağışlasın. Müsəlmanların arasına kin və düşmənçilik salmasın! Allah təala vətənimizi, millətimizi, və bütün dünya müsəlmanlarını parçalamaq istəyən qüvvələrə fürsət verməsin!
26 Oktyabr 2012/10 Zilhiccə 1433
[1] [1] Əbu Davud, ət-Tac, C. 2, Səh. 142.
[2] Həcc: 37
[3] Ənfal: 46.
[4] Hucurat: 10.
[5]Müslim, Ə. Davud, Tirmizi, et-Tac, c. 5 , səh. 244.