• 23 Dekabr 2024

Qurban Satılmaz

Əziz möminlər, Allah Rəsulu (s) qurbanla əlaqəli bir hədisi-şərifində buyurur: “Adəm oğlunun Qurban bayramının birinci günü gördüyü işlərin Allaha ən sevimli olanı (qurban) qanı axıtmaqdır. (Həmin gün Allah qatında bundan daha sevimli bir əməl yoxdur.) Qiyamət günü həmin qurban buynuzları, dırnaqları və tükləri ilə gələr. Qurbanın qanı hələ yerə düşmədən Allahın rizasına nail olar və qəbul edilər. O halda qurbanlarınızı könül xoşluğu ilə kəsin!”[1]

Peyğəmbərimiz (s) hicrətin ikinci ilində Mədinədə qurban kəsməyə başlayıb. Rəsulullah (s) qurbanı özü kəsərdi, özü də hər dəfə iki qurban kəsərdi: birini öz adından, birini də ümmətindən qurban kəsə bilməyənlərin adından. Rəsulullah (s) bu qədər həssas, ümmətini bu qədər çox sevən uca bir Peyğəmbərdir.

Bir dəfə evinə gəlir və xanımından soruşur ki, Qurban ətini neylədin? Xanımı da cavabında belə deyir:

-Ya Rəsuləlllah, (s) üçdən ikisini payladım, üçdən biri bizə qaldı.

Rəsulullah (s) gülür və belə deyir:

-Xeyir, elə deyil, sənin payladığın o üçdən iki bizə qaldı.

Bu məsələ Allah rizası üçün paylamağın nə qədər böyük zövq olduğunu insana öyrədir. Öyrədir ki, verən əl alan əldən daha xeyirlidir, daha üstündür. Qurban düşüncəsi insana bu dünyaya sahib olmağa deyil, şahid olmağa gəldiyini bir daha xatırladır.

Möhtərəm qardaşlar, qurbanla əlaqəli digər bir məsləyə xüsusilə diqqətinizi cəlb etmək istəyirəm. Nə qədər acı da olsa, etiraf edək ki, son illərdə bizdə qurban əti də satılır. Yəni qurban bayramı gələndə bəzi insanlar bazara və ya müəyyən ət dükanlarına gedir ki, bir-iki kilo qurban əti alsın. Qəribədir ki, getdiyi yerdə elə özü kimi düşünən, yəni qurban əti satan da oturub onu gözləyir. Beləcə, biri satır, biri alır. Satan qurban əti satdığını deyir, alan da elə bilir ki, aldığı qurban ətidir. Amma bilmirlər ki, qurban əti ticarət obyekti ola bilməz, satılmaz, alınmaz. Ət satılırsa, qurban olmaz, çünki qurban kəsmək kəsdiyinin qarşılığını Allah-Təaladan istəməkdir, hər cür günahdan Allaha sığınırıq, yəni o qurbanlığı Allaha satmaqdır.

Ümumiyyətlə, bu cür mövzuların dərk edilməsində müəyyən problemlərimiz olduğunu etiraf etməliyik ki, vəziyyətdən doğru çıxış yolunu tapa bilək. Yəni biz bəzi məqamlarda ibadəti ticarətdən ayıra bilmirik, daha doğrusu, bəzən ibadəti də ticarətə vasitə halına  gətiririk. Amma unuduruq ki, yönü ticarətə yönəlmiş ibadət daha ibadət olmur, ticarət olur.

Ona görə də, Qurban bayramında satmaq məqsədilə kəsilən heyvan qurbanlıq deyil, satılıqdır. Unutmayın ki, qurban kəsilən heyanın nəinki ətini, heç dərisini, bağ-ayağını, yununu belə sata bilməzsiniz. Qurban bütöv olmalıdır, tam olmalıdır. Əgər qəssab sizin heyvanınızı kəsirsə, siz bu zəhmət  qarşılığında dərini, baş-ayağı ona versəniz məsələ yenə ticarətə dönər. Demək istədiyimiz odur ki, bu məsələdə həssas olun, əgər qurban kəsəcək qədər zənginsinizsə, qurbanınızı kəsin, yox əgər kasıbsınızsa, evdə oturub qismətinizi gözləyin.

Bütün bunlarla yanaşı biz demirik ki, Qurban bayramı günlərində bazardan ət almaq olmaz, olar, amma aldığınız qurban əti olmaz. Çünki qurban əti satılmaz, satılarsa da qurban olmaz.

Əziz müsəlmanlar xütbəmi bir ayə ilə yekunlaşdırıram: “Onların  (yəni kəsdiyiniz qurbanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi qəlbdən etdiyiniz ibadətdir).”[2]           26 Oktyabr 2012/10  Zilhiccə 1433


[1] İbn Macə, Ədahi, 3; Tirmizi, Ədahi, 1/1493

[2] Həcc: 37

Read Previous

QURBAN BAYRAMI

Read Next

Noyabr 2012

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.