Möhtərəm möminlər, Bu günkü xütbəmizin mövzusu övladın ana-atasına qarşı vəzifəsi haqqında olacaqdır. Ana övladını doqquz ay bətnində daşıyır, hamiləlik zamanı bir çox çətinliklərə məruz qalır, bəzən həyatını risqə qoyaraq övladını dünyaya gətirir. Aciz olan körpəsini böyütmək üçün yuxusundan, istirahətindən, sağlamlığından belə keçir.
Qurani Kərimdə Allah Təala buyurur: “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!” (Loğman 31:14)
Ailə və övladının ehtiyaclarını ödəmək üçün ata gecə-gündüz usanmadan çalışır, övladının bir yeri ağrıyarsa ondan daha çox narahat olar.
Əziz müsəlmanlar, indi isə gəlin görək övladın ata-anasına qarşı nə kimi vəzifələri vardır.
1. İtaət (hörmət): Övladın ana-ataya qarşı ən önəmli vəzifəsi onlara itaət etmək, edilməsi haram olmayan istəklərini yerinə yetirməkdir. Allah Təala belə buyurur: “Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm!” (əl-Ənkəbut,29:8)
Yuxarıda zikr edilən ayələrdən başa düşüldüyü kimi ata-anaların istək və arzularına qarşı çıxmamaq Allahın əmridir. Ancaq valideyinlər övladından Allaha qarşı gəlməsini, Onu inkar etməsini, fərz qıldığı bir şeyi etməməsini, haram qıldığı şeyləri etməsini əmr edərsə, onların bu istəkləri yerinə yetirilməz. Çünki Allaha üsyan olan təqdirdə, valideyinlər olsa belə, insanlara itaət edilməz.
2. Valideyinlərlə mülayim davranmaq: Allah Təala Qurani Kərimdə, belə buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de. (əl-İsra,17/23-24)
Peyğəmbərimiz də (səs) “Kimə yaxşılıq edim”, – deyə soruşan əshabəyə üç dəfə “anana”, – cavabını verdikdən sonra dördüncü dəfə soruşulduqda “atana yaxşılıq et”, – demişdir. (Buxari Ədəb, 2, Müslim Birr,1)
3. Maddi ehtiyaclarını ödəmək: Yaşlanıb öz ehtiyaclarını təmin edə bilmədikdə valideyinlərin bütün ehtiyaclarını təmin etmək övladların borcudur. Uca Allah bu vəzifəni övladlara yükləmişdir. “(Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: “(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir.” (əl-Bəqərə, 2:215)
4. Razılıqlarını qazanmaq: Abdullah b. Amr b. əl-Asın rəvayətinə görə, “bir adam Peyğəmbərimizin (səs) yanına gələrək cihada getmək üçün izin istədi. Peyğəmbərimiz (səs) də ona “valideyinlərin sağdırmı”, – deyə soruşdu. O, adam “bəli”, – deyincə Peyğəmbərimiz (səs): “O halda sən öncə onların razılığını almağa çalış”, – deyərək ona bu vəzifəsini xatırlatdı”. (Təcridi Sarih Tərcüməsi,VIII, 377)
5. Öldüklərində xeyirlə xatırlamaq, dua etmək: Valideyinlərimiz öldükdən sonra onlara qarşı olan vəzifələrimiz bitməz. Valideyinlərimizi xeyirlə yad etmək, bağışlanmaları üçün dua etməliyik. Məsələn Allah Təalanın Qurani Kərimdə bizə öyrətdiyi kimi belə dua edə bilərik: “Ey Rəbbimiz! İnsanların hesaba çəkiləcəyi Qiyamət günündə məni, atamı, anamı və bütün möminləri bağışla. (İbrahim, 14/41)
Səhabələrdən biri “Ölümlərindən sonra valideyinlərim üçün edə biləcəyim bir yaxşılıq varmi”, – deyə Peyğəmbərimizdən (səs) soruşduqda, Allahın elçisi (səs) belə buyurmuşdur: “Bəli: onlara xeyirlə dua etmək və Allahdan bağışlanmalarını diləmək. Varsa, vəsiyyətərini yerinə yetirmək, dostları ilə münasibətləri davam etdirmək, qohumları ilə əlaqəni kəsməmək”. (Buxari, əl-Ədəbül Mufrad,19)
Ölümlərindən sonra ediləcək duanın valideyinlər üçün faydasını Peyğəmbərimiz (səs) belə ifadə etmişdir: “İnsan ölüncə əməl dəftəri bağlanır. Ancaq bu üç şey xaricində davam edər – davam edən sədəqə, insanların faydalanacağı bir elm və arxasından xeyirlə dua edən bir övlad”. (Buxari əl-Ədəbül Müfrad, 19)
Həyatda və öldükdən sonra valideyinlərinə qarşı vəzifələrini yerinə yetirən, onları məmnun edib, xeyir-dualarını alan kimsə dünya və axirətdə ən xoşbəxt insandır. Çünki Peyğəmbərimiz (s) belə insanların bərəkətli, uzun bir ömrə sahib olacaqlarını, valideyinlərin onlar üçün edəcəkləri duaların Allah tərəfindən mütləq qəbul ediləcəyini və Cənnəti qazanacaqlarını müjdələmişdir.
Üzərimizdə bu qədər çox əmək və haqqları olan ana və atalarımızı sevmək ən önəmli əxlaqi vəzifələrimizdəndir. Bu vəzifəmizi həyatda ikən onlara qarşı hörmət, şəfqət və mərhəmət göstərməklə yerinə yetirə bilərik. Gerçək valideyn sevgisi, “anamı, atamı sevirəm” deməkdən ibarət deyildir. Həqiqi valideyn sevgisi onlara qarşı maddi və mənəvi hər cür vəzifəmizi yerinə yetirərək bu sevgimizi isbat erməkdir.
15 Mart 2013 /3 C.Əvvəl 1434.