Əziz möminlər, Bu günkü xütbəmizin mövzusu zərərli vərdişlər haqqında olacaqdır. Heç şübhəsiz ki, zərərli vərdişlərin başında narkomaniya bəlası gəlir.
Narkomaniya bütün dünyanın bəlasıdır. Dünyanın bir parçası olan Azərbaycan gənclərinin də narkomaniya bəlasına bulaşanlar heç də az deyildir.
Narkomaniya bir xəstəlikdir. Bu xəstəliyin yaranmasının müəyyən səbəbləri vardır. Heç şüphəsiz ki bu səbəblərin başında mənəvi boşluq gəlir. Bəli bu xəstəliyin yaranma səbəblərindən ən önəmlisi mənəvi boşluqdur. Gənclərimizin dini və milli mənəvi dəyərlərimizdən uzaq qalmasıdır. Bu gün gənclər təhsildən, dini dəyərlərimizin öyrənilməsindən çox əyləncəyə daha çox vaxt ayırırlar. Əyləncə də həddindən artıq olanda siqaret, spirtli içki kimi zərərli vərdişlərə meyllənirlər. Bu vərdişlər inkişaf etdikcə narkotik vasitələrdən istifadəyə keçir. Narkotikadan cəmi bir dəfə istifadə etmək isə narkomaniyaya yol açmaq deməkdir. Acınacaqlı hal odur ki, son dövrlər orta məktəblərdə və universitetlərdə də narkomaniyaya qurşananların sayı artmaqdadır. Bunun üçün gənclərin narkotik vasitələrə qurşanmasının qarşısını almaq üçün cəzbedici təbliğat formalarından istifadə olunmalıdır. Dinimizin gözəlliklərini aşılamaq lazımdır. Allah və Rəsulunu sevdirmək lazımdır. Gənclərimizə İslamı sevdirməli nifrət etdirməməliyik.
Əziz möminlər, narkomaniya yoluxucu xəstəlikdir, üstəlik də ölümcül xəstəlik olan QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir. Əgər bir vaxtlar narkotik maddələrə aludə olanların yaş həddi 19-20 arasında götürülürdüsə, indi artıq bu yaş həddi 14-17 arasında dəyişir Bu rəsmi statistikadadır, qeyri rəsmi statistikada isə bəlkə də yüzlərlə yeniyetmə və gənc var. Bu isə onu deməyə əsas verir ki, artıq orta məktəblərdə də narkotik maddələrə aludəçilik var. Digər bir problem isə narkotik maddələrə aludəçilərin getdikcə daha ağır narkotik maddələrdən istifadə etməsi ilə bağlıdır. Bütün bunlar gəncliyin həm bu dünyasını həm də axirətini məhv edir. Odur ki hər bir müsəlmanın borcudur ki, ölkəmizin ümumiyyətlə bəşəriyyətin gələcəyi olan yeniyetmə və gəncləri narkomaniya kimi bəladan qurtarmaq üçün narkomaniya ilə mübarizə aparsın.
Əziz möminlər, içki və qumarda zərərli vərdişlərin başında gəlir. İçki və qumar, fərt, ailə və bütün cəmiyyət üçün böyük bir fəlakətdir.
Bunun üçün Uca Allah tərəfindən qadağan edilmiş və Qurani Kərimdə “Şeytanın əməlindən olan murdar bir şey olaraq” bildirilmişdir.
Maidə surəsinin 90 və 91 ci ayələrində Uca Allah belə buyurur: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də fal oxları da Şeytanın əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şüphəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?”
Hər bir müsəlman içki və qumardan çəkinmək məcburiyyətindədir. Əks halda içki və qumar bataqlığına düşənlər həm özlərini, həm ailəsini, həm də yaşadığı cəmiyyəti məhv edir.
Əziz müsəlmanlar!
Bütün pisliklərin anası olan içkinin azıda çoxuda haramdır. Hədisi şərifdə belə buyurulur: “Çoxu sərxoş edən şeyin azı da haramdır.”[1]
Bu səbəblə müsəlman içki içməz, içirməz. İçki emal etməz, onun ticarətini etməz. İçki süfrəsinə oturmaz.
Peyğəmbərimiz (s) ümmətini içkidən uzaqlaşdırmaq üçün kəskin ifadələrdən istifadə etmiş, onunla əlaqəli hər şeyi qadağan etmişdir. Belə ki, Rəsulullah (səs) bir hədisi-şərifində bu barədə belə buyurur: “Şübhəsiz ki, Allah təala içkiyə, onu içənə, paylayana, satana, alana, hazırlayana, daşıyana və aparılan (vasitəyə) lənət etmişdir!”[2]
Möhtərəm möminlər, digər bir zərərli vərdişlərdən olan qumara gəlincə, çalışmadan, heç bir əmək sərf etmədən, şans və təsadüflərə bağlı olaraq başqasının malını haqsız yerə almaqdır. Oynayanlardan biri udacaq, digəri isə uduzacaqdır. Uduzan udmaq üçün, udan da daha çox udmaq üçün yenə oynayacaqdır ki, bu da yuxarıda oxuduğum Maidə surəsi 90-91 ci ayələrdə şeytan əməlindən murdar bir şey olaraq ifadə edilmişdir.
Nəticə olaraq bunları deyə bilərik: Hər bir müsəlman zərərli vərdişlərdən olan narkotikadan, içkidən, qumardan və digər zərərli vərdişlərdən uzaq durmaq məcburiyyətindədir. Çünki bu canı bizə verən Allahdır. Zərərli vərdişlərə qurşanaraq özümüzü məhv etməyimiz Uca Allahın bizə vermiş olduğu bu əmanətə xəyanət etməkdir. Xəyanət isə münafiqliyin bir əlamətidir. Xütbəmə bir hədisi-şəriflə son verirəm:
Peyğəmbərimiz (s) belə buyurur: “Münafiqin əlaməti üçdür: Danışanda yalan danışar, Söz verəndə sözündən qaçar, Ona bir şey əmanət ediləndə xəyanət edər. Oruc tutsa, namaz qılsa və mömin olduğunu iddia etsə də!”[3]
21 May 2013 /12 Şaban 1434