• 04 Noyabr 2024

Dua Möminin Silahıdır.

kulun-mevlasiyla-iletisimi-dua_26-11-2012_12-15-36[1]Möhtərəm müsəlmanlar,  heç şübhəsiz bütün insanlar duaya və Allaha sığınmağa xüsusi bir ehtiyac duyur. Sıxıntıların  aparılmasında, ehtiyacların təmin edilməsində,   onlara   gələn bəla və fitnələrin qarşısının alınmasında dua insan üçün zəruri ehtiyacdır.

    Dua, möminin qüvvətli silahı, bəlanı dəf edib qəzanı rədd edən sağlam qalasıdır.  Dua, yolunu itirmişlərin, zülmə məruz qalanların sığınağıdır. Dua, ən böyük ibadətlərdən biridir. Tam bir səmimiyyətlə dua edən kimsə, Rəbbinə bağlanır və yaradılmışlardan üz çevirir. Qəlbi ilə məxluqlara yönəlmir. Çünki qullar onu üçün nə zərər, nə fayda, nə ölüm, nə həyat, nə də başqa bir şeyə qadir ola bilməzlər.

     Uca Allah Qulun ehtiyaclarını Ondan istəməsini ibadət saymişdır və bunu ona əmr etmişdir, onun tərk edilməsini də ən açıq şəkildə qınamışdır. Bu ibadəti tərk edən kimsəni Ona qarşı böyüklük edən biri saymış və onu şiddətli bir şəkildə təhdid etmişdir.

     Əziz möminlər,  dua qışqıraraq edilməməlidir. Çünki Uca Allah buyurur: “Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!” (əl-Əraf, 55)

  Duanın   böyük    fəzilətləri  və möcüzəli sirrləri var:

     1) Dua etmək, Allaha itaət və Onun əmrini       yerinə yetirməkdir. Dua   edən   kimsə    Allaha   itaət    edərək Onun    əmrinə tabe olmuşdur.  Çünki  Uca Allah əl-Ğafir surəsi 6o-cı ayədə “Mənə dua edin!” deyə bizə əmr etməkdədir.

    2) Dua bir ibadətdir. Çünki, Rəsulullah (s) belə buyurur: «Şübhəsiz dua, ibadətin özüdür» (İbn Macə, 3828)

   3) Dua etmək, Allah qatında ən dəyərli bir əməldir. Peyğəmbərimiz   (s)   belə    buyurur: «Allaha  edilən duadan    daha    şərəfli    bir   şey yoxdur» (İbn Macə, 3829)

    4)    Dua etmək, Allahın qəzəbini aparmağa vasitədir.

    Həzrət Peyğəmbər (s) belə buyurur: «Hər kim Allaha dua etməsə, Allah o kimsəyə qəzəb edər» (İbn Macə, 3827)

    5) Dua etmək, bəla enmədən əvvəl onu dəf etmək üçün bir səbəbdir. Rəsulullah (s) belə buyurdu: «Qəzanı, duadan başqa heç bir şey geri döndərməz» (Tirmiz, 2225; Əhməd, 22476)

   Möhtərəm qardaşlar, duanın Allah qatında qəbul edilməsi üçün yerinə yetirilməsi vacib olan müəyyən şərtlər vardır. Bu şərtlərdən bəziləri aşağıdakılardır:

   1) Dua   edən    kimsənin    duasına    sadəcə  Allahın cavab verməyə qadir olduğunu bilməsi lazımdır. Maddi və mənəvi, dünyaya və axirətə aid hər şey Uca Allahdan istənilməlidir.

   Uca  Allahdan başqasına duıa etmək ağaclardan,  daşlardan mədəd ummaq, qəbirlərdən şəfa istəmək; Allahın edə biləcəyi şeyi Allahdan deyil başqasından istəməkdir ki,

 -Allaha sığınırıq- ən böyük şirk və küfürdür. Bu cür hərəkət və davranışlardan son dərəcə uzaq olmaq, hər mömin və müsəlmanın üzərinə dini bir fərzdir.

    Belə ki, Allahdan başqa kimsə fayda verə bilməz və Allahdan başqa kimsə hər hansı bir zərəri dəf edə bilməz.

   2) İnsanın sadəcə Allahdan istəməsi, sadəcə Allaha sığınıb Ondan yardım diləməsi lazımdır

       İnsanın Allahdan başqasından bir şey   istəməsi     ya   Allahdan     başqa birinə dua etməsi   haramdır. Çünki   bu  Allaha   şərik qoşmaqdır. Allah Təala     belə    buyurur:     «Allahdan   başqa  heç  kəsə     ibadət (dua)  etməyin!» (Cin, 18)

    Rəsulullah (s) İbn Abbasa (r.a) belə buyurdu: «Bir şeyi istədiyin vaxt Allahdan istə, yardım dilədiyin vaxt yenə Allahdan dilə» (Tirmizi,  2635)

   3) Duanın qəbul edilməsi üçün yeyəcəyin,    içəcəyin   və geyəcəyin halal qazancdan olması da şərtdir. Allah Təala belə buyurur: «Allah yalnız müttəqilərdən (dua) qəbul edər!» (Maidə, 27)

       Yuxarıda    bəhs edilən   mövzular   duanın qəbul olması üçün şərtdir.

   Əziz müsəlmanlar, elə isə gəlin yalnız çətin vəziyyətə düşəndə deyil hər zaman Uca Allaha dua edək. Bolluqda da darlıqda da yanlız Onu xatırlayaq. Yalnız Onun əzəmət və məgfirətinə sığınaq. Günahlarımızın əffi, xəta və qusurlarımızın bağışlanması üçün yalnız Ona yalvarıb yaxaraq. Qəlbimizi ona verək. Əlimizi yalnız onun dərgahında qaldıraq. Arzu və istəklərimizin həyata keçməsi üçün yalnız ona rica və xahiş edək və səmimi qəlbdən  Rəbbimizə belə dua edək.  “Ey Rəbbimiz, bizi hər iki dünyada məsud və bəxtiyar  eylə. Bizi nəfsimzlə baş-başa  buraxma. Haq yoldan azdırma. İmanınımızı gücləndir. Əxlaqımızı gözəlləşdir. Vicdanımızı təmizlə. Xəstələrimizə şəfa ver. Rəhmətini bizdən əsirgəmə. Məni, anamı, atamı və bütün din qardaşlarımı bağışla. Onları cəhənnəm əzabından qoru. Bizi qiyamət günü rəzil və rüsvay etmə. Kiçik günahlarımızın üstünü  ört, böyük günahlarımızı bağışla. Şüphəsizki, sən çox bağışlayan və rəhm edənsən.  Bağışlamağı  sevərsən.

         Möhtərəm möminlər!   

     Xütbəmə bir ayə  ilə son verirəm.

     «Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin  dualarınızı qəbul  edim! Mənə ibadət (dua) etməyi təkəbbürlərinə sağışdırmayanlar  Cəhənnəmə zəlil olaraq girəcəklər!» (Ğafir, 60)

 

14 İyun  2013 / 5 Şaban 1434

Read Previous

Amerikalılar islamın nə üçün sürətlə yayılmağının səbəblərini araşdırıblar

Read Next

Zərərli vərdişlər/Narkomaniya, İçki, Qumar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.