Əziz möminlər, ağlımız kəsəndən bəri özümüzü “Müsəlman” sayırıq. “Sən müsəlman deyilsən” ifadəsini bir təhqir hesab edirik. Bəzən “müsəlman olmayanları” qınayır, aşağılayır, düşüncələrimizdə küçümsəyir və sözlərimizlə alçaldırıq. Günahkarların günahlarını elə ağız dolusu müzakirə edir, mühakimələrdən doymuruq ki, sanki kimisə mühakimə etməyə fürsət axtarırıq. Rəbbimiz, bir-birimizə hörmət naminə aramızda nəlayiq “ləqəblər” qoymamağı əmr edərkən, sadə bir şey kimi kafir, fasiq, zındıq, və sairə kimi ləqəbləri müsəlmanlara heç çəkinmədən yaraşdırırıq.
Biri müsəlmanlar və ya islam haqda mənfi tonda danışsa, ona qarşı hücum çəkməyə və sərt dialoqa girməyə həmişə hazırıq. Amma özümüz əksər hallarda müsəlmanları incidir, əzir və ya əziyyət veririk. Bu azmış kimi bir də oturub bu ümmət üçün bir şeylər çatdırmaq istəyən islam alimlərin ətini də yeməkdən həzz alırıq.
Müasir müsəlmanlarda sanki yeni bir etiket formalaşıb. Başqalarını müzakirə edib, onların əməllərinə görə onları ayırmaq, bölmək, fikir və ya əqidə mübahisələri aparmaq.
Bu mübahisələri apararkən də çox vaxt özümümzü unuduruq. Kiminsə etdiyi səhv hərəkətindən ağız dolusu danışır öz halımızı unuduruq. Kiminsə qusurunda bəhs etməyin özüdə bir qusur olduğunu unuduruq. “(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!” ayəsini unuduruq. Başqasının gözündə çöp axtararkən öz gözümüzdəki tiri unuduruq. Zənnə qapılmağa bir-birimizin eyibini axtarmağa, qeybətini etməyə o qədər başımız qarışıb ki aşağıdakı bu ayəni unuduruq: “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!” (Hucurat, 12)
İslama tabe olduğumuzu iddia ediriksə, təqva sahibi olmağımızı şərtdir. Təqva, Allaha daha yaxın olmaqdır. Allaha yaxın olmağımızı yalnız Allah bilər və yalnız Allah ölçər. O yaxınlığın bir rəngi və ya tonu yoxdur. Kimsə özünü başqalarıyla müqayisədə “daha imanlı”, başqası isə “zəif imanlıdır” deyə hesab etməməlidir. Kimsə özünü daha bilikli və ya elmli saydığına görə, dini biliyi zəif olana “mən irəlidəyəm o geridədir” düşüncəsiylə yanaşmamalıdır. Geyimi, zikri, namazı, orucu, tez-tez məscidə getməsi, Quran oxumasıyla özünü “təqva sahibi” sayanlar, başqalarına yuxarıdan aşağı baxmamalıdırlar. Allaha yaxın olduğunu sanan bəndə, bunun məsuliyyətindən daha çox titrəməli, azma təhlükəsinin ona daha yaxın olduğunu bilməli və daha ayıq olmalıdır. Başqalarından əvvəl özünə fikir verən, öz qusurlarını saymaqdan, başqalarının qusurlarına nəzər yetirməyə vaxt tapmaz, öz eyblərini bildiyindən xəcalət çəkər və başqalarını qınamağa üzü olmaz. Axı daha az günahkar olan, daha çox günahkar olana niyə düşmən olmalıdır?! Özü də o günaha bata bilməzmi?! Başqasının günahını sadalamaqla özünü niyə təmizə çıxarmalıdır?! Özü günahdan uzaq olduğu üçün qürurlanmaqdansa, Rəbbinə şükr etməlidir.
Müsəlman ailədə və ya müsəlman cəmiyyətdə doğulan şəxslər özlərini heç cür üstün tuta bilməz. İslam miras deyilki, onlara kimlərdənsə qalsın. Allah təala Quranda; “Allah qatında din İslamdır” buyurur. Biz “Allah qatında hansı səviyyədə müsəlmanıq” deyə özümüzü tərəzidə çəkmişikmi?
Quran, yaradıcının bütün insanlığa olan xitabıdır. Quranda buyurulanları etməyə, Qurana uymağa borcluyuq. İnsanları da Qurana tabe olmağa çağırmalı, onların əməllərini Qurana uydurmağa çalışmamalıyıq. Həqiqət bizə aid deyil, biz həqiqətə aid olmalıyıq. Həqiqəti dərk edib, anlayıb, insanları tanımalıyıq, insanları müzakirə edərək həqiqət axtarmamılıyıq. Ümumiyyətlə kiminsə kafir, kiminsə qeyri-kafir olma damğasını vurmaq kimin ixtiyarına verilib ki? “Günahkar” saydığımız kimsələrin Allahın buyuruqlarına əməl etməmələrinə görə çox təəccüblənirik. Çox zaman da “niyə namaz qılmır, niyə oruc tutmur, niyə belə geyinir, niyə belə deyir, niyə belə edir, niyə belə etmir” və sairə kimi gileylər və deyinmələrlə onları qınayırıq. Amma gəlin görən biz özümüz, nə dərəcədə Qurana tabe olub onun dediklərini edirik. Namaz qılıb hələ adam ola bilməyənlər, namaz qılmayanlara elə istehzalı və kinayəli yanaşırlar ki, sanki onlara vəhy gəlir və Allah tərəfindən seçilmişlərdir. Doğrudur namaz dinin dirəyidir. Namaz müsəlmanın əlamətidir. Namazsız bir kimsə meyvəsiz ağac kimidir. Namazsız bir müsəlmanın imanı uçurumdadır, təhlükədədir. Namazsız bir müsəlman qaranlıqda işığı olmayan bir ev kimdir. Amma bütün bunlarla birlikdə namaz qılmaq demək, hər şey demək deyldir. Namaz qılıram, demək ki, cənnətliyəm deyə heç kəs özünü aldatmasın. Qeydsiz şətsiz bütün namaz qılanlar günha iş görsədə, müsəlmanların qeybətini etsədə, insalara iftira atsa da, zənn etsədə, fitnə-fəsad çıxartsada cənnətə gedəcəkdir deyə nə bir ayə nə də bir hədis vardır. Tam əksinə namaz qıla-qıla yuxarıda sayıdğım günahlara davam edən kimsənin cəhənnəmə gedəcəyi haqqında hədis vardır. Dünyada ikən namazını qılan, orucunu tutan, zəkatını verən, bununla birlikdə onun bunun qeybətini edən, kiminsə malını qəsb edən, qanını tökən kimsənin əsl müflis oludğunu və cəhənnəmə gedəcəyini Peyğəmbərimiz (səs) bizə bildirmişdir. Uca Allah buyurur: “…Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər…” (Ənkəbut, 45) Elə isə sən namaz qıla qıla kimlərinsə qeybətini edirsənsə, kiməsə iftira atırsansa, çirkin və pis işlərini davam etdirirsənsə, özündən başqa heç kimi bəyənmirsənsə, zənn etməyə davam edirsənsə, müsəlmanların eyib və qusurlarını araşdırırsansa, insanlara yuxarıdan aşağı baxırsansa, deməli səndə Uca Allahın bəhs etdiyi namazı qılmırsan. Deməli sən də günahkarsan. Uçurumun kənarındasan.
Möhtərəm möminlər, elə isə cənnətə girməyi haqq edən həqiqi müsəlman kimdir? Həqiqi müsəlman Allahın varlığına və birliyinə inanıb inandığını həyatında tətbiq edən, namazını qılan, orucunu tutan, zəkatını verən bununla birlikdə çirkin və pis əməllərdən çəkinən, öz qusurlarını düzəltməklə məşğul olmaqdan başqalarını qusurlarını görməyən, bütün müsəlmanları özünə qardaş bilən, fitnə-fəsad çıxartmağı adam öldürməkdən daha təhlükəli görən, müsəlmanlarını qeybətini etməyən, gizli işlərini araşdırmayan, onlara pis ləqəblər qoymayan, müsəlman sayılan hər kəsi Allah üçün sevən kimsədir.
19 May. 2011/ 17. C. Axır. 1432.
One Comment
Chirkin və pis əməllərdən çəkinən, öz qusurlarını düzəltməklə məşğul olmaqdan başqalarını qusurlarını görməyən, bütün müsəlmanları özünə qardaş bilən Kimsədir Məncə… Cox gozel movzu idi twk…