• 22 Noyabr 2024

NƏFSİN YEDDİ MƏRHƏLƏSİ

İnsan həyatı daimi bir yürüyüşdədir. Beşikdən məzara səfər halında, səfərdəyik. Önümüzdə uzanan yeddi ayrı mərhələ, yeddi pillə var. Elmdə üstün olanlar yoldakı hər mənzilə bir ad verib. Nəfsimiz bu mərhələlərdən bir-bir keçmədən, özünü ayrı bir varlıq sanmaqdan imtina etmədən səfərini tamamlayıb Haqq ilə bütünləşməz. İnsan yalandadır, ziyandadır, zənndədir. Yeddi pilləni çıxmadıqca həqiqətə çata bilməz.

İlk mərtəbənin adı “Nəfsi Əmmarə”dir. Bu korlanmış, çiy və daim başqalarını günahlandıran nəfs mərhələsidir. Çox təəssüf ki, bəziləri ömrü boyu bu mərhələdə ilişib qalır. Bu məngənədən xilas ola bilmir. Dünyəvi işlərdən başqa heç nə düşünməyən, pula, iqtidara, mövqeyə tamah edən bir “Mən” zənniylə yaşayan insan bu mövqedədir. Burda olanları dərhal tanıyırsan. Daima başqalarını günahlandırar, tənqid edər, müzakirə edər; dedi-qodu edər və böhtan atar; qətiyyən özlərində qüsur tapmaz; yalnız başqalarını mühakimə edərlər; şübhə, inamsızlıq və qürur iqlimində yaşayarlar. Onları tanımaq çətin deyil. Sən özün də nə vaxtsa bu mərhələdə olduğun və özünü tanıdığın üçün onları da tanıyarsan. Madam ki, insanıq və madam ki, bəşər dediyin çaşar, nəfsi əmmərəyə düşməyənimiz yoxdur. Önəmli olan o çuxurdan tez çıxa bilməkdir.

İnsan nə vaxt ki, nəfsinin pisliklərini araşdırar və düzəltməyə niyyətlənər, məhz o zaman daxili bir səfərə çıxar. Bundan sonra gözləri çölə deyil, öz içinə yönələr. Belə-belə, addım-addım bir sonrakı mövqeyə çatar. Bu mövqe bir baxışda əvvəlkinin tam əksidir. Burada insan daima başqalarını günahlandıracağına, davamlı özündə qüsur tapar. Olan, bitən hər şeydə özünü günahlandıraraq tənqid edər. Bu mərhələ “Aləm gözəl, mən çirkin” mərhələsidir. Məhz bu mərhələdə nəfs, Nəfsi Ləvvamə olar. Yəni Günahlandırılan. Yaxud Qınanan Nəfs.

Üçüncü mərtəbədə insan bir az daha bişər. Nəfsi Mülhiməyə çatar. Bu nöqtədə, insanın nəfsi, İlham Alan olduğundan, dünyada gördüyü hər şeydən və hər kəsdən ilhamlanar. Təslimiyyət deyilən halın necə bir azadlıq olduğunu hiss etməyə başlayar. Qismət olsa Elm Şəhərinə varid olar. Bu mövqe zaman-zaman qəbz, yəni sıxılma və daralma yaratsa da, əksərən bast, yəni genişləmə və fərəhlənmə gətirdiyinə görə könülə xoşluq verəcək qədər gözəldir. Lakin cazibəsi eyni zamanda da ən böyük təhlükəsidir. Çünki bu mərhələyə gələnlərdən çoxu buradan çıxmaq istəməz. Zənn edər ki, yolun sonuna gəlib. Halbuki yol daha uzun və daha çətindir. Bura rəngarəng olduğu üçün çox adam daha uzağa getmək iradəsini, bəsirətini və ya cəsarətini göstərə bilməz. Buna görədir ki, üçüncü mövqe hər nə qədər cənnət bağçası qədər lətifsə olsa da, zirvələri hədəfləyənlər üçün bir tələdir.

Buradan daha irəliyə keçməyi bacaran adam Elm Şəhərini qət edər və Nəfsi Mutmain mərhələsinə çatar. Artıq nəfs əvvəlki kimi deyil, tamamilə dəyişib. Buna görə də ona Təmin Olmuş Nəfs adı verilər. Bu mərhələdəki insan artıq dərin bir zəkaya sahibdir. Gözü doymuş, könülü genişləmişdir. Pul, marka, ad, san, mal, mülk, mövqe dərdində deyil. Başqalarıyla yaxşı dolanar, yalnız səccadə üstündə namaz qılarkən deyil, hər vaxt hüzur içində olar. Daimi namazdadır. Ürək qırmaz, qul haqqı yeməkdən çəkinər və kimsənin qüsuruna baxmaz, hətta başqalarının qüsurlarını örtər. Malı və mülkü, Malik-ülmülk olan Allaha təslim edər.

Buradan sonrakı son üç mərtəbəyə kamal mərtəbələri deyilir. Oraya çata bilən insan həqiqətən çox azdır. Və onlar, Allah onları hansı hala qoyursa-qoysun məsud, munis və mütəşəkkirdir. Son üç mərhələdən ilkində Nəfsi Raziyəyə çatdıqda dünyəvi məsələlərə aldanmazlar.
Sonrakı mövqe, Nəfsi Marziyədir. Bu mərhələdən Allah razı olduğu üçün ona Razı Olunmuş Nəfs də deyilir. Bura çatan adam başqalarına mayak olar. İşığını kim istəsə ona tutar, sönməyən bir şam kimi işıqlandırar. Bəzən şəfa belə verə bilir. Davranışlarında ifrat və təfritdən çəkinər. Heç bir mövzuda ifrat etməz; tam əksinə ayrılanları qovuşdurar, düşmənləri barışdırar. Mühitləri yumşaldar; ən tündxasiyyət iqlimlərdə əsən ilıq bir yel kimidir.

Yeddinci və sonuncu mövqedə insan Nəfsi Kamiləyə çatar. Burada ayrı bir “mənlik” zənni toz duman olar. Amma bu mövqeni bilən, bilsə də haqqında danışan olmadığından oradan baxınca aləmin necə göründüyünə dair məlumatımız məhduddur. Haqq Yolundakı mövqeləri tək-tək sıralamaq asan, yaşamaq isə çətindir. Yolun özünə xas maneələri yetməzmiş kimi, dümdüz bir xətt halında irəliləmək də mümkün deyil. Başlanğıcdan sonuncu mövqeyə gedən yol düz deyil, dolambaclıdır. Üstəlik üst mövqelərə çatan adamın orada qalacağının zəmanəti də yoxdur. Hətta “artıq bişdim, çatdım, mən bu yolları çözdüm” zənninə qapılıb yuxarıdan aşağıya kəlləmayallaq düşənlər də var.

Read Previous

Hər kəs Allahın nəzarətindədir.

Read Next

Qiyamət günü ailəmizdən ayrı düşməmək üçün…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.