Cavab:Ərin evlənərkən arvadına verdiyi və ya verməyi vəd etdiyi pul və ya mala “mehr” deyilir. Quranda “Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin!”(ən-Nisa, 4/4, 24) buyurulur. Mehr nikahın ünsür (rükn) və ya şərtlərindən deyil, nəfəqə kimi ərə vacib olan bir öhdəlikdir. Hz. Peyğəmbər (s.ə.s) Hz. Əliyə (r.ə) qızı Hz. Fatiməyə (r.əhnha) mehr olaraq zirehini verməsini söyləmişdir (Əbu Davud, Nikah, 35).
Odur ki, İslamda satışı və ya istifadəsi qadağan edilməyən hər bir şey mehr olaraq verilə bilər. Belə ki, daşınan və daşınmaz əmlaklar, zinət əşyaları və hətta daşınan və daşınmaz əmlakdan faydalanmaq haqqı da bunlardan sayıla bilər.
Əbu Hənifəyə görə, mehrin ən az miqdarı 10 dirhəm (5 dirhəm təqribən bir qoyun əvəzidir), İmam Malikə görə 3 dirhəm, İmam Şafeiyə görə isə, ən azı üçün hər hansı hədd yoxdur. Çünki mehrin ən çox miqdarı üçün hər hansı məhdudiyyət qoyulmamışdır. Ayədə “…onlardan birinə çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın!”(ən-Nisa, 4/ 20) buyurulur. Hz. Ömər mehrləri 400 dirhəmlə məhdudlaşdırmaq istəmiş, lakin bir qadının yuxarıdakı ayəni oxuyaraq qarşı çıxması ilə bundan vaz keçmişdir.
Qadın tərəfindən nikah əsnasında bir mehr müəyyən edilibsə bunu, əks təqdirdə ailədən digər qızlara verilən mehr miqdarını tələb etmə hüququ vardır. Mehr qadının hüququdur və onun üçün maddi bir dəstəkdir. Onu valideyn və ya başqası götürüb özü üçün sərf edə bilməz. Bundan əlavə, adət-ənənəmizdə evlilik zamanı qıza verilən qır-qızıl İslamdakı mehr anlayışından gəldiyi üçün mehr sayılır və bu, əgər mehr olaraq başqa bir şey qərarlaşdırılmayıbsa, mehr yerinə keçir.
Bayram və ya digər münasibətlərlə verilən hədiyyələr isə tamamilə hədiyyə mahiyyətini daşıyır və izah edilən mehrlə heç bir əlaqəsi yoxdur.
Mənbə:irfandergisi.com