• 23 Dekabr 2024

Təkfir və təkfirin təhlükələri

kelimeyitevhidTəkfir etmək hər hansı bir adamı kafir saymaq deməkdir. Bir insanın etiqadi mənada imandan çıxıb-çıxmadığını əqaid və kəlam elmi müəyyənləşdirir. Hz. Peyğəmbərin həyatı araşdırıldığında onun yalnız Məkkə dövründə müəyyən qrup və şəxsləri təkfir etdiyi görülməkdədir. Halbuki Mədinə dövründə də müsəlmanlar arasında münafiqlərin varlığı bilinirdi.

 Quranın bir çox yerində münafiqlər kafirlər və müşriklərlə birlikdə qeyd edilməkdə və eyni əzaba düçar olacaqları xəbər verilməkdədir. Vəhy kimi mötəbər bir bilgi qaynağına sahib olduğu üçün, kimlərin səmimi imana sahib olduğunu, kimlərin də kafir olduğu halda zahirən mömin kimi göründüyünü çox yaxşı bilən Hz. Peyğəmbər(s.ə.s) hər hansı bir kimsəni və yaxud qrupu təkfir etməkdən qaçınmış, onları İslam nuruyla əridərək bir islamlaşdırma siyasəti güdmüşdür. O, “mən müsəlmanam” deyən kəsi, münafiq belə olsa, İslam cəmiyyətindən saymamağı cəmiyyətin gələcəyi baxımından uyğun görməmişdir.

İslam dünyasında ilk təkfir hərəkəti Xəvaric (xaricilər) ilə başlamışdır. Əməli imanın hissəsi saydıqları üçün böyük günah işləyən hər kəsi təkfir edən xaricilər İslam dünyasında anarxiya və terror toxumlarını atan ilk zümrə olmuşdur.

Müsəlman kimi tanınan bir kimsəni kafir saymaq fərd baxımından ağır nəticələr doğurar və cəmiyyət həyatında sağalmayan yaraların açılmasına, birlik və bütövlüyün zədələnməsinə, parçalanmağa səbəb olar. Bu səbəblədir ki, böyük İslam alimi və kəlamçısı İmam Qəzali (ö. 505/1111) “kəlmeyi-tövhidə səmimi bir şəkildə bağlı qalan və bu prinsiplərə zidd olmayan yollar nə qədər fərqli olursa olsun, müsəlmanları və məzhəbləri təkfir etməkdən çəkinilməlidir” demişdir .

Fiqh alimləri də insanları yersiz və gərəksiz bir şəkildə təkfir etməyin zərərlərini təkidlə vurğulamışlar:“Bir kimsənin kafir olduğuna dair doxsan doqquz, müsəlman olduğuna dair bir dəlil olsa, o adama müsəlman kimi davranılmalıdır”. XIX əsr hənəfi fiqh alimlərindən İbn Abidin əsərlərində təkfir mövzusuna toxunarkən təmkinli davranmış və belə demişdir: “… Müsəlman olduğu bilinən birinin sözünün şərh imkanı varsa şərh edilməli, kafir sayılmamalıdır”. Bir mömini küfr ilə ittiham etməyin təhlükəli olduğu Hz. Peyğəmbərin (s.ə.s) bir çox hədisində dilə gətirilmiş və müsəlmanlar bu barədə xəbərdar edilmişlər. Bu hədislərin bəziləri aşağıdakılardır:

“Bizim kimi namaz qılan, qibləmizə yönələn və kəsdiyimizi yeyən kimsə Allahın və Elçisinin zəmanətini əldə etmiş olar. O halda belələri haqqında Allahın verdiyi zəmanəti və əhdi pozmayın”. (Buxari, Salat 28)

“Heç kim bir başqasına fasiq və ya kafir deməsin.Əgər itham altında buraxılan adamda bu sifətlər yoxdursa,  söylədiyi söz özünə qayıdar”. (Buxari, Ədəb 44)

“Möminə lənət etmək onu öldürmək kimidir”. (Buxari, Cənaiz 84; Müslim, İman 176, 177)

“Bir mömini küfr ilə ittiham edən onu öldürmüş kimi olar”. (Tirmizi, Nuzur 16; Nəsai, Eyman 7, 11, 31; İbni Macə, Kəffarət 3)

“Bir insan müsəlman qardaşına “ey kafir!” deyə xitab etdiyi zaman ikisindən biri bu sözü üzərinə almış olar. Əgər söylədiyi kimi isə küfr onda qalar, deyilsə deyənə dönər”. (Buxari, Ədəb 73; Müslim, İman 111)

Bu mövzuda çox diqqət çəkici bir hadisə də səhabələrdən Üsamə ibn Zeydin (r.a) başına gəlmişdir. O, belə demişdir:

“Hz. Peyğəmbər bizi bir bölük əsgərlə düşmənə qarşı göndərmişdi. Səhərə yaxın basqın  etdik. Mən dərhal bir adamı tutdum. Bu adam “Allahdan başqa ilah yoxdur” dediyi halda onu öldürdüm. Bu hadisəni yadımdan çıxarda bilmədim.  Dönən kimi hadisəni Hz. Peyğəmbərə danışdım. Hz. Peyğəmbər:

–“Qiyamət günündə onun söylədiyi “La ilahə illəllah’ın” əlindən səni kim qurtaracaq?”- deyəndə, “O, bunu qılınc qorxusu ilə söyləmişdi”, – cavabını verdim. Bundan sonra Rəsulullah:“Sən onun ürəyini yarıb baxdınmı? La İlahə illəllahı səmimiyyətlə, yoxsa silah qorxusuyla söylədiyini necə anladın?”– deyə məni danladı. Hz. Peyğəmbər bu danlağını o qədər çox təkrar etdi ki, kaş ki, əvvəldən müsəlman olmasaydım, bu hadisəylə qarşılaşandan sonra olsaydım deyə arzu etdim”. (Müslim, İman 41; Əbu Davud, Cihad 95; İbni Macə, Fitən 1; Əhməd b. Hənbəl, Müsnəd IV, 439)

İman mövzularını işləyərkən camaatın  səviyyəsi nəzərə alınmalıdır. Hz. Əli (r.a): “İnsanlara səviyyələrinə görə danışın. (Ağıllarının qavramayacağı sözlər söyləməklə) Allahın və elçisinin inkar edilməsini istəyərsinizmi?”- demişdir.

İman mövzuları sevdirici üslubla izah edilməlidir. Peyğəmbərimiz (s.ə.s) bu mövzuda:“Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin” (Buxari, Elm 11, Ədəb 80; Müslim, Cihad 6-7)buyurmuşdur.

Mənbə:irfandergisi.com

Read Previous

Uzun ömür, gözəl əməl haqqında hədislər

Read Next

Mehrə nələr daxildir? Qıza hansısa bayramda verilən hədiyyələr də mehr sayılarmı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.