Bütün ömrü at yarışlarında, at fermalarında, atları tərbiyə etməklə keçən bir at tərbiyəçisinin məktəb yaşlarında bir oğlu var idi. Atasının işləri səbəbi ilə uşağın təhsili çox da irəliləyə bilməmişdi. Bir gün müəllim uşaqdan, böyüyəndə nə olmaq istədiyi barədə bir inşa yazmasını istədi.
Uşaq, gələcəkdə böyük bir at fermasına sahib olmaq istədiyi haqda 7 səhifədən ibarət bir inşa yazdı. O, xəyalını ən incə detallarına qədər inşada əks etdirdi. Hətta xəyalında canlandırdığı 200 hektar ərazisi olan at fermasının planını da çəkib inşaya əlavə etdi. Binaların, axırların və atlar üçün təyin olunan qaçış yollarının yerini də planda göstərdi. Planın içərisində 1000 kvadrat metrlik evin eskizini də yerləşdirməyi unutmadı.
Ertəsi gün, böyük bir fərəh və qürür hissi ilə 7 səhifəlik tapşırığı müəlliminə uzatdı. Aradan iki gün keçdikdən sonra müəllim, qırmızı qələmlə üzərində böyük bir “0” yazılmış 7 səhifəlik tapşırığı uşağa geri qaytardı. Hətta inşanın üzərinə “DƏRSDƏN SONRA YANIMA GƏLƏRSƏN” deyə bir xəbərdarlıq da yazılmışdı.
Uşaq nə üçün “0” aldım? deyə müəlliminə maraqla soruşdu.
Müəllimi:
-Bu, sənin yaşındakı bir uşaq üçün həyata keçməsi mümkün olmayan bir xəyaldır. Xəyalını gerçəkləşdirməyin üçün lazım olan var dövlətin yoxdur. At təsərrüfatının qurulması üçün çox mal-mülkə sahib olmalısan. Əvvəlcə torpaq və damazlıq heyvanlar almaq lazımdır. Sənin kimi kasıb bir ailənin uşağının bütün bunları etməsi imkansızdır. Qarşına həqiqi məqsədlər qoyduqdan sonra ev tapşırığını yenidən yazırsan, onda mən də sənin qiymətini nəzərdən keçirəcəyəm deyir.
Uşaq dərsdən sonra evə gəlib uzun-uzadıya fikirləşdi. Atası ilə də məsləhətləşməyi unutmadı.
Atası:
-Oğul, bu barədə öz qərarını özün verməlisən. Bu, sənin həyatın üçün olduqca vacib bir qərardır! dedi.
Uşaq, bir həftə fikirləşdikdən sonra, tapşırığında heç bir dəyişiklik etmədən onu olduğu kimi müəlliminə təhvil verdi.
Sonra isə müəlliminə dönərək:
-Siz mənə verdiyiniz qiyməti dəyişdirməyin. Mən də öz xəyallarımı dəyişdirməyəcəyəm dedi.
Həmin uşaq bu gün 200 hektar at fermasının ərazisində tikdirdiyi 1000 kvadrat metrlik bir təsərrüfat evində yaşayır. İllər əvvəl yazmış olduğu ev tapşırığı isə buxarının üzərində çərçivələnərək asılmışdır. Həmin müəllim isə ötən yayda bu fermaya 30 nəfər tələbəsini ekskursiyaya gətirmişdi.
Fermanı tərk edərkən tələbəsinə:
-Mən sənin müəllimin olduğum zaman sənin üçün müəllim yox bir xəyal oğrusu idim. O illərdə şagirdlərimdən bir çoxunun xəyallarını oğurladım. Yaxşı ki, sən xəyallarından vazkeçməyəcək qədər inadçı oldun.