• 25 Noyabr 2024

Cərir bin Abdullah (r.a) nəql etdikləri

Cərir bin Abdullah  (r.a.), sevimli peyğəmbərimizin (s.ə.s) yanında qısa bir müddət olmasına  baxmayaraq,Onun (s.ə.s)-mübarək dilindən bizə 100 hədis rəvayət etmişdir. Onlardan sadəcə ikisini sizinlə paylaşmaq istəyirəm. Çünki,  xüsusi ilə hazırki vəziyyətdə bizim üçün bu iki hədis daha çox  əhəmiyyət kəsb edir.

Cərir bin Abdullah (r.a.) belə rəvayət edir:

“Bir gün səhər vaxtı Allah Rəsulunun (s.ə.s.)  hüzurunda idik. Birdən yarıçılpaq bir dəstə  adam gəldi, çoxu, hamısı Mudar qəbiləsindən idi. Əyinlərinə şir dərisinə oxşar zolaqlı paltar geyinmiş və ya əbalarını deşib başlarına keçirmiş və qılınca qurşanmışdılar. Onların bu qədər kasıb olduğunu görən Allah Rəsulunun (s.ə.s.) üzünün rəngi dəyişdi. Evinə getdi bir müddət sonra da gəlib Bilala əvvəlcə azan, ardınca iqamə oxumağı tapşırdı, o da Allah Rəsulunun (s.ə.s.) istəyini yerinə yetirdi. Daha sonra Allah Rəsulu (s.ə.s.) namaz qıldırdı. Namazdan sonra bir xütbə verərək bu ayələri oxudu:

“Ey insanlar! Sizi tək bir kəsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!”[1]

Ardınca da  Həşr surəsindən bir ayə oxudu:

“Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.[2]

Bu ayələri oxuduqdan sonra Peyğəmbərimiz (s.ə.s) belə buyurdu: “İnsanlar ehtiyacı olduqları halda sizə gəldiklərində, nəyə imkanınız çatırsa; dinar, buğda, arpa, xurma və s . Allah yolunda sədəqə verin!

Peyğəmbərimiz (s.ə.s) sözlərini hələ yeni bitirmişdir ki, ənsardan bir nəfər qaça-qaça evlərinə doğru getdi və o anda evində nə tapdı isə  hamısını toplayıb geri qayıtdı. Həmin adamın gətirdikləri o qədər ağır idi ki, güclə qaldırırdı . Həmin adam Peyğəmbərimizin (s.ə.s)  hüzuruna gəldi və : “Bunlar mənim sədəqəmdir ey Allahın Rəsulu! (s.ə.s) ” dedi. Peyğəmbərimiz (s.ə.s) də onun sədəqəsini məmnuniyyətlə qəbul etdi.  

Bu hadisəyə şahid olan  digər səhabələr də  qaça-qaça evlərinə doğru getdilər və evlərində nə tapdılarsa hamısını Peyğəmbərimizin (s.ə.s hüzuruna gətirdilər. Beləliklə, ərzaq və paltardan ibarət iki təpə meydana gəldi.  Peyğəmbərimiz (s.ə.s) o anda ayağa qalxdı…

 Hadisəni öz gözləri ilə görən Cərir bin Abdullah (r.a) deyir ki: Baxdım ki, bir az əvvəl Onun (s.ə.s) nur üzündə gəzən buludlar bir-bir çəkildi və mübarək çöhrəsi par-par parıldamağa başladı. Bundan sonra Allah Rəsulu (s.ə.s.) belə buyurdu:

“Kim İslamda yaxşı bir cığır açaraq xeyirli bir işə səbəb olarsa, bu cığırla gedənlərin qazandığı savab o cığırı açana da tam şəkildə verilər və onların savabından heç nə azalmaz. Kim İslamda pis bir cığır, yol açarsa, o  da onun günahını qazanar. O pis yolla gedənlərin günahından da ona yazılar. Üstəlik, onların günahından heç nə azalmaz” [3]

Bəli, Cərir bin Abdullah (r.a) nəql etdiyi bu hadisə bizə çox şeyi xatırladır. Bu mənada insan çox diqqətli olmalı və yaşadığı müddətcə yaxşı cığırlar açmağa çalışmalıdır. Əks halda Allah qorusun pis işlərin başçısı və rəhbəri ola bilər.

Cərir bin Abdullahın (r.a.)  rəvayət etdiyi digər hədis isə bu şəkildədir.

 “ Bir gün biz Peyğəmbərimizin (s.ə.s)  yanında oturmuşduq. Allah Rəsulu (s.ə.s) ayın 14-də gecə aya baxaraq belə buyurdu:

“ Şübhəsiz ki, sizlər, bu ayı gördüyünüz kimi Rəbbinizi görəcəksiniz.   Çox olmağınıza baxmayaraq Onu görməkdə  heç bir sıxıntı çəkməyəcəksiniz”[4]

Bəli, möminlər üçün Cənnətdə bəxş ediləcək ən böyük nemət əzəmətli və kəramətli Rəbblərini görməsidir. Lakin bu böyük nemətdən kafirlər məhrumdular. Gəlin indi isə Peyğəmbərimiz (s.ə.s) bu hədisini təsdiqləyən bir neçə ayəyə nəzər salaq.

 “Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!”[5]


“O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır!” [6]


 “Həqiqətən, yaxşı əməl və itaət sahibi olan möminlər Nəim cənnətlərində olacaqlar. Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi nemətlərə) tamaşa edəcəklər. Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən!” [7]


Allah Təalanın mübarək üzünə bu nəzər möminlərə vəd edilmiş əlavə mükafatdır:
“Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat gözləyir”
[8]

Uca Allah,  ayın 14 də görülən ay kimi, Rəbbimizi görməyi cümləmizə nəsib eyləsin. Amin.


[1] Nisa surəsi, 4/1

[2] Həşr 59/18

[3] Müslim, Zəkat 69

[4] Buhari, Tövhid,24; Müslim, Məsacid,211

[5] əl-Mutəffifun, 15

[6] əl-Qiyamət, 22-23

[7] əl-Mütəffifun, 22-24

[8] Yunus, 26

Read Previous

TÜRKİYƏDƏ HƏFTƏ SONU KOMENDANT SAATI TƏTBİQ EDİLİR

Read Next

Baxmaq və Görmənin Hekayəsi