• 25 Noyabr 2024

Korların günəşi təkzib etməsi

Əsrlər boyu insanlar içərisindən Allahın varlığını, birliyini qəbul etməyən insanlar olmuşdur və bu qiyamətə qədər davam edəcək bir haldır. Ətrafa baxdığımız zaman gördüklərimiz düşünən insan üçün yetərli dəlildir. Allahın varlığını təkzib etmək dünya həyatının keçici faydalarından yaralanmaq üçün daha sərfəli göründüyündən bir çoxları öz saxta fikirlərini təbliğ etmək, cəmiyyət arasında qınaq obyektinə çevrilməmək və ya cəmiyyətin də özünün fikirlərinə uyğun davranmasına çalışarlar. Bu cür insanlar Allahın varlığını qəbul etməyərək Onun göndərmiş olduğu peyğəmbərləri də qəbul etməmiş, Onlara zülm etməkdən də çəkinməmişdirlər.

Əgər gözlər kor deyilsə Onu mütləq görər. Əgər çəp deyilsə, Onda heç bir nöqsan tapmaz. Yəni Ona qüsur izafə etməyə çalışanlar, əslində öz acizliyini, xəta və nöqsanlarını ifadə etməkdən başqa bir şey etmirlər. Tarix, qövmlərin öz peyğəmbərlərinə etdikləri iyrənc iftira və zülmlərlə doludur. Çünki peyğəmbərlərin təbliğ etdiyi ilahi həqiqətlər, bəzi insanların nəfsi arzularına uymadığı üçün onlar bu gözəlliklərdən narahat olurdular. Buna görə onlar da yaşadıqları nəfsi həyatın normal və məşru qəbul edilməsini təmin etmək məqsədi ilə öz nöqsan və çirkinliklərini peyğəmbərlərə yaraşdırmağa çalışırdılar.

Hər varlıq həyatını ancaq təbiətinə uyğun bir məkanda davam etdirə bilər. İnsan bu qaydadan kənara çıxa bilməz. Necə ki, qidası və tənəffüs sahəsi gül-çiçək olan bir bal arısının o aləmdən kənarda yaşaması mümkün deyilsə, bunun əksinə təbiəti etibarıyla pisliklə qidalanan bir siçanın da gül bağçasında həyatını davam etdirməsi mümkün deyildir. Yüksək ruhlar ” həqiqəti Məhəmmədi” (s.ə.s) dən əks edən feyzlə qidalandıqları kimi, xəbis və günah bataqlığında boğulan ruhlar da pisliklə qidalanırlar.

Həzrəti Mövlanə  həqiqətə qarşı kor olan və ilahi nuru söndürmək üçün çalışanları belə təsvir edir:

“Dünyamızı aydınladan günəşi müzakirə etmək, onda qüsur axtarmaq, mənim iki gözüm də kordur, qaranlıqdır, çəpdir deyə mühakimə etmək özünü pisləməkdir.”

Read Previous

ƏYYUB PEYĞƏMBƏRİN DUALARI

Read Next

Qədərə imanın özəllikləri