Böyük Bədr Qəzvəsi (döyüşü)
Bədr döyüşü müsəlmanlarla Qureyş arasındakı ilk əhəmiyyətli döyüşdür. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Zül Uşeyraya hərəkət edərək mane olmaq istədiyi Qureyş karvanı Şama qaçmağı bacarmışdı. Ancaq, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bu karvanın Şamdan qayıtmağını gözləyirdi. Bunun üçün Şam ətrafındakı Həvra bölgəsinə iki nəfər göndərərək karvanla əlaqəli məlumat toplayıb ona gətirmələrini əmr etdi. Bu iki nəfər karvanı müşahidə etdilər və Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın yanına gələrək karvanın yolda olduğunu xəbər verdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) müsəlmanları bu karvanı ələ keçirmək xüsusunda təşviq etdi. Ancaq, müsəlmanların çoxu çıxmağa əzm etmədilər. Sadəcə 313 nəfər (bu sayın 314 və ya 317 olduğunu deyənlər də vardır.) onun bu təşviqinə tabe olaraq yola çıxdılar. Bunlardan 82-si (və ya 83 və ya 86) mühacirlərdən, 612-i Evsdən və 170-i Həzrəc qəbiləsindən idi. Böyük bir döyüş gözləmədiklərinə görə, kifayət edəcək bir hazırlıq etməyə ehtiyac görmədilər. Yanlarında sadəcə iki at və yetmiş dəvə var idi.
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ağ bir bayraq əqd edərək onu Musab ibni Umeyrə verdi. Mühacirlərin bayrağını Əli ibni Əbu Talib, Ənsarın bayrağını isə, Səd ibni Muaz daşıyırdı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Mədinəyə özünə vəkil olaraq İbni Ümmü Məktumu bıraxdı. Daha sonra onun yerinə Əbu Lübabə ibni Abdul-Munziri göndərdi.
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Bədrə tərəf yola çıxdı. Bədr 155 km kənarda, Mədinənin cənubi qərbində olan və hər cəhətdən yüksək dağlarla əhatə olunmuş bir sahə idi. Sadəcə üç dənə keçidi vardı. Şimal keçidi ki, bura “uzaq yamac”dır. Cənub keçidi ki, bura “alçaq yamac”dır. Cənub keçidi yanındakı şərq keçidi ki, burdan Mədinə xalqı daxil olardı. Məkkə və Şam arasındakı əsas karvan yolu bax bu sahənin içindən keçirdi. Burada məskunlaşılan yerlər, quyular və xurmalıqlar mövcud idi. Keçməkdə olan karvanlar bura enər və saatlarla və ya günlərlə burada yerləşərdilər. Qureyş karvanının bu sahəyə girməyindən sonra, müsəlmanların bu keçidləri bağlayıb, karvanı təslim olmağa məcbur etmələri həqiqaətən də çox asan idi.
Fəqət, bunun şərti karvanın müsəlmanların hərəkətlərindən xəbərdar olmamalarıydı. Əks halda burada yerləşmədən ətraf yollardan keçib gedərdilər. Bu səbəbdən, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ilk əvvəl Bədrə getdiyi təəssüratı verməmək üçün ora başqa bir yoldan getdi.
Qureyş karvanı isə minə qədər dəvəyə yüklənilmiş əlli min dinardan az olmayan müxtəlif dəyərli əşyalarla yüklənmişdi. Karvanın başında Əbu Süfyan idi və özüylə birlikdə sadəcə qırx nəfər var idi. Ancaq, Əbu Süfyan çox diqqətli və ayıq davranırdı. Qarşılaşdığı hər kəsdən müsəlmanların hərəklətlərini soruşurdu. Beləcə, müsəlmanların Mədinədən çıxdıqlarını öyrənmiş oldu. Bədrə yaxınlaşdığı bir məqamda Karvanın istiqamətini qərbə çevirərək sahil yolundan getməyə qərar verdi. Qətiliklə Bədr yolunu tərk etmiş oldu. Ayrıca, bir adam kiralayaraq müsəlmanların çıxdığını xəbər vermək üçün ən sürətli bir şəkildə Məkkəyə göndərdi. Xəbər Məkkəyə çatdıqda burada olan müşriklər müsəlmanlarla döyüşmək üçün dərhal hazırlandılar. Əbu Ləhəbdən başqa qövmün liderlərnin hamısı bu səfərə çıxdılar. Ətraflarındakı digər qəbilələrdən də adam toplayaraq böyük bir orduyla hərəkətə keçdilər. Qureyş boyları içində sadəcə Adiyy oğulları bu səfərə qatılmadı.
Müşrik ordusu Cuhfə bölgəsinə yaxınlaşdıqda Əbu Süfyanın xilas olduğunu bildirən və onlardan geri qayıtmalarını istəyən məktubu çatdı. Müşriklər bu məktubu aldıqdan sonra dönmək qayıtmaq istəsələr də, Əbu Cəhl lovğalıq və qürurundan dolayı onları qayıtmağa qoymadı. Zəhra oğullarından başqa geri qayıdan olmadı. Zəhra oğulları Ahnəs ibni Şərikin əmrində üç yüz nəfərlə geri qayıtdılar. Geridə qalan min nəfərlik Məkkə ordusu uzaq vadiyə, Bədrin lap yaxınlığına qədər yürüşlərinə davam etdilər. Ora, Bədri əhatə edən dağların arxasında qalan geniş bir meydan idi.
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) daha hələ Bədrə çatmadan müşriklərin döyüş üçün çıxdıqları xəbərini alan kimi müsəlmanları toplayaraq müşavirə etdi. Əbu Bəkr qalxdı və gözəl danışdı. Sonra Ömər qalxıb yenə gözəl danışdı. Sonra Miqdad qalxaraq belə dedi :
Vallahi ey Allahın elçisi, biz İsrail oğullarının Musaya (Sən və Rəbbin gedin və döyüşün. Şübhəsiz, biz burada oturacağıq) dedikləri kimi demərik. Əksinə, sənin sağında, solunda, qabağında və arxanda döyüşərik. Onun bu sözü Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın üzünü güldürdü və sevindirdi.
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) daha sonra : “Mənə fikirlərinizi bildirin, ey insanlar” buyurdu. Bunun üzərinə Ənsarın rəhbəri Səd ibni Muaz ayağa qalxaraq : “Ey Allahın elçisi! Zənn edirəm bizi qəsd edirsən.” dedi. O da “Bəli” deyə cavab verdikdə, Səd belə xitab etdi. Səni insanlığa həqiqi bir peyğəmbər olaraq göndərən Allaha and içirəm ki, bu dənizə gedib girsən, biz də səninlə birlikdə girəcəyik. Bizdən heç bir kəs geri çəkilməyəcəkdir. Sabah bizi düşmənimizlə üzbəüz gətirməyinə əsla qarşı olmayacağıq. Biz döyüşdə səbrli və düşmənlə qarşı-qarşıya gəldikdə də sözümüzün sahibi olanlarıq. Ümid olunur ki, Allahu Təala bizim edəcəyimiz xidmət və dəstəklərlə sevindirici nəticələri sənə göstərər. O təqdirdə əmr et, gedək.
Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) Sədin belə danışmağına çox sevindi və fərəhləndi. Sonra da belə buyurdu :
“Elə isə, gedin və artıq sevinin. Həqiqətən də, Allah mənə iki dəstədən birinin qələbəsini vəd etmişdir. Allaha and olsun ki, bu anda yerə sərilən düşmənləri görürmüş kimiyəm.”
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) daha sonra hərəkətə keçərək müşriklərin Bədr yaxınlığına gəldikləri eyni gecə, alçaq vadi ətrafındakı Bədr meydanına yerləşdi. Ancaq, Ənsardan Həbbab ibni Munzir burada deyil, düşmənə ən yaxın quyuya qədər irəliləməyi və beləcə, bütün su quyularına nəzarət edərək düşməni susuz bıraqxmağı təklif etdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onun bu gözəl fikrini qəbul edib eynilə tətbiq etdi. Düşmənə ən yaxın quyuya mövqe tutub, digər quyuları zay edərək yararsız hala saldılar.
Müsəlmanlar daha sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) rəsulullahı qərargah mərkəzi olaraq istifadə etməyi üçün bir otaq hazırladılar. Buranın müdafiəsi vəzifəsini Səd ibni Muaz rəhbərliyindəki bir qrup gənc Ənsar üzərinə götürdü.
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) qalxaraq əskərlərini nəzərdən keçirdi. Döyüş meydanında gəzərkən belə deyirdi :
Bu filankəsin ölüsüdür, bu filankəsin ölüsüdür. Sabah inşəallah.
Allahın Rəsulu (Səllallahu Aleyhi və Səlləm) daha sonra otağında namaz və duaya çəkildi. Möminlər o gecəni olduqca rahat və hüzurlu keçirdilər. Allahın da kərim ayədə bildirdiyi kimi yüngül bir yağış endirdi.
«O zaman Allah Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin.» (Ənfal / 11)
Hicrətin ikinci ili, Ramazan ayının 17-si səhəri iki ordu üzbəüz gəldi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Rəbbinə belə niyaz etdi :
“Allahım! Budur Qureyş, bütün qürur və gücüylə sənə qarşı həyasızlıq edərək, elçini inkar edərək üzərimizə gəlməkdədir. Ey Allahım! Mənə vəd etdiyin zəfəri gerçəkləşdir və onları bu günün sabahında üzü üstə məğlub et.”
Sonra əskərlərini sıraya düzərək səflərini düzəltdi və öz əmri gəlmədən döyüşə başlamamaları təlimatını verdi. Və belə dedi :
“Sizə yaxınlaşsalar, ox atın. Ancaq, sizə qarışdıqları halda qılınclarınızı çıxarın.”
Sonra Əbu Bəkr ilə birlikdə otağına gedib Allaha yalvarmağa başladı. Yalvarır, yalvarırdı. Hətta belə dedi : Ey Allahım, əgər bu gün bu birlik həlak olarsa, sənə ibadət edən qalmaz. O qədər dua və istək və dua etdi ki, hətta, ridası çiyinlərindən düşdü. Əbu Bəkr qalxaraq yenidən çiyinlərini örtdü və bəsdir ey Allahın elçisi. Rəbbin sənə vəd etdiyini yerinə yetirəcəkdir. Deyərək onu təsəlli etməyə başladı.
Təkbətək döyüşlər və Döyüş
Sonra müşriklərin ən igid üç döyüşçüsü Rəbiənin iki oğlu Ütbə və Şeybə ilə Vəlid ibni Ütbə irəli çıxaraq müsəlmanlardan mübarizə (təkbətək vuruşmaq) istədilər. Onların qarşısına Ənsardan üç gənc çıxdı. Ancaq, müşriklər ənsar gənclərini rədd edib, “Biz əmioğullarımızı istəmirik.” dedilər. Bunun üzərinə Ubeydə ibni Haris, Həmzə və Əli irəli atıldılar. Həmzə Şəybəni, Əli də Vəlidi dərhal öldürdülər. Ancaq, Ubeydə və Utbə bir-birilərini yaralamalarına baxmayaraq, bir qalib olmadı. Həmzə və Əli (Allah hər ikisindən də razı olsun) işlərini qurtaran kimi qaçaraq Ubeydəyə kömək üçün gəldilər və Utbəni öldürdülər. Ubeydənin ayağı kəsilmişdi. Əli və Həmzə onu qucaqlayaraq cəbhənin arxasına gətirdilər. Ubeydə bu hadisədən dörd və ya beş gün sonra Səfra mövqeyində vəfat etdi.
Mübarizədən məğlub çıxmaları müşriklərin əhvalını pozdu və qəzəblərini artırdı. Hamısı birlikdə və şiddətlə müsəlmanların səflərinə hücum etdilər. Müsəlmanlar isə, mövqelərini pozmadan müdafiəyə keçdilər. Əhəd, Əhəd deyərək nida edirdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) qısa bir yuxuya daldı. Sonra başını qaldırıb : “Səni müjdələyirəm, ey Əbu Bəkr, sənə Allahın yardımı gəldi. Bax, bu Cəbrayıl (Əleyhissalam)`dır. Bir atın düzümünü tutmuş, onu çəkib aparır, yolları üstündə toz var.” buyurdu. O gün Allah möminlərə bir-birinin ardınca gələn min mələklə köməklik etdi.
Daha sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) zirehini götürərək önə çıxdı və Allahın bu kərim ayəsini oxudu : «Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaçacaqdır.» (Qəmər / 45) Sonra yerdən bir qədər qum götürüb müşriklərin üzünə səpdi. Bu qumun üzünə, gözünə dəymədiyi müşrik qalmadı. Bununla əlaqəli Allah belə buyurur :
«(Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqdan keçirtsin.» (Ənfal / 17)
Allahın Rəsulu (Səllallahu Aleyhi və Səlləm) sonra müsəlmanlara müşriklərin üstünə şiddətlə saldırma əmri verdi və onları döyüşə təşviq etdi. Müsəlmanlar böyük bir şövq və həyəcanla kafir səflərinə hücum etdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın aralarında olmağı onlara şövq və sevinc bəxş edirdi. Şiddətlə irəli atılıb müşriklərin səflərini yarırdılar və boyunlarını vururdular. Ayrıca, mələklər də onlarla birlikdəydi və müşriklərin barmaqlarını və boyunlarını vururdular. Müşriklərin baş və barmaqları vurulur, kimin vurduğu görünmürdü. Çox keçmədən ağır bir zərbə alıb məğlubiyyətə uğradılar geri qaçmağa başladılar. Müsəlmanlar onları arxalarından qovalayaraq bir qismini öldürməyə, bir qismini də əsir olaraq almağa başladılar.
İblis də bu döyüşə Sürakə ibni Malik ibni Caşəm surətində qatılmışdı. Müşrikləri həvəsləndirir və döyüşə ruhlandırırdı. Ancaq, mələkləri və etdiklərini görəndə arxasını dönüb Qırmızı dənizə tərəf qaçdı və özünü dənizə atdı.
Əbu Cəhlin öldürülməsi
Döyüş bütün şiddətiylə davam edirdi. Əbu Cəhl ətrafında qılınc və oxların uçuşduğu bir dəstənin içindəydi. Müsəlmanların səflərində Abdur-Rəhman ibni Aufun ətrafında olan iki Ənsar gəncindən biri digərindən gizli olaraq Abdur-Rəhmana : “Ey əmi, mənə Əbu Cəhli göstər” dedi. Nə edəcəksən? deyə soruşduqda bu cavabı verdi : “Eşitdim ki, o Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı söyüb. Nəfsim əlində olana and olsun ki, onu görsəm, ikimizdən biri ölənə qədər yaxasını bıraxmayacağam.” Digər Ənsarlı gənc də gələrək eyni şəkildə Abdur-Rəhmandan özünə Əbu Cəhli göstərməsini istədi. Səflər aralandıqda Abdur-Rəhman onu yeriyərkən gördü və o iki Ənsarlı gəncə göstərdi. Gənclərin ikisi də eyni anda qılınclarıyla hücum edərək Əbu Cəhli qətlə yetirdilər. Biri qılıncıyla ayağını qopardı, o biri də vücudunun başqa yerlərindən yaraladı. Sonra hər ikisi də Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın yanına gələrək “Əbu Cəhli mən öldürdüm” dedilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onların hər ikisinin də qılıncına baxaraq : “İkiniz öldürdünüz.” buyurdu. Bu gənclər Afranın iki oğlu Muaz və Muavvəzdir. Muavvəz bu döyüşdə şəhid edildi. Muaz isə Osmanın dövrünə qədər yaşadı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Əbu Cəhlin üstündən çıxan əşyaları ona verdi. Döyüşdən sonra insanlar Əbu Cəhlin cəsədini axtarmağa çıxdılar. Abdullah ibni Məsud tapdı. Can verirdi. Abdullah ayağını boynuna qoyub, saqqalından tutaraq başını çevirdi. Və : “Allah səni alçaq etdimi, ey Allahın düşməni?” deyə soruşdu. Əbu Cəhl : Niyə alçaq oluram ki? Siz heç məndən üstün birini öldürə bildinizmi? deyə cavab verdi. Sonra da ibni Məsuda : “Mənim sinəmə zorla çıxdın, ey qoyun çobancığı!” deyərək təhqir etdi. Abdullah ibni Məsud onun başını kəsərək Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a göstərdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onun başını qopuq görəndə : “Allahu Əkbər! Vədinə sadiq olan, quluna kömək edən və tək özü dəstələri məğlubiyyətə düçar edən Allaha həmd olsun!” buyurdu. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Əbu Cəhl haqqında ayrıca belə buyurmuşdur : O, bu ümmətin Fironudur.
Haqq və Batilin ayrıldığı Furqan günü
Bədr döyüşü iman ilə küfrün döyüşüydü. Bu döyüşdə bir adam heç çəkinmədən atasını, əmisini, oğlunu öldürə bilmişdir. Bu döyüşdə Ömər ibni Xəttab dayısı As ibni Hişamı öldürdü. Əbu Bəkr oğlu Abdur-Rəhmanla döyüşdü. Müsəlmanlar Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in əmisi Abbası əsir götürdülər. Bu döyüşdə qohumluq və yaxınlıq əlaqələri kəsilmişdir. Allahu Təala bu döyüşdə iman kəlməsini küfr kəlməsinin üstünə ucaltdı və haqq ilə batilin bir-birindən ayrıldığı mənasına gələn Furqan günü deyilir. Bu, Ramazanın 17-sində Bədr günündə baş vermişdir.
Hər iki tərəfdən ölənlər
Bu döyüşdə müsəlmanlardan altısı mühacirlərdən, səkkizi də ənsardan olmaqla, cəmi 14 nəfər şəhid oldu. Döyüş meydanına basdırıldılar. Qəbirləri bu gün belə bilinməkdədir.
Müşriklər isə yetmiş ölü, yetmiş əsir verdilər. Öldürülənlərin çoxu əsas tağutlardan idilər. Müşrik ölüləri Bədrdə içinə zibillərin atıldığı bir çuxura atıldılar.
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Bədrdə üç gün qaldıqdan sonra Mədinəyə qayıtmadan əvvəl müşrik cəsədlərinin atıldığı çuxurun yanına qədər yaxınlaşıb, onlara adlarını (filan oğlu filan) deyərək xitab etdi və belə buyurdu :
“Sağ ikən Allaha və Rəsuluna inanmağı indi arzulayırsınızmı? Biz, Rəbbimizin bizə vəd etdiyi şeylərin həqiqi olduğunu tapdıq. Siz də Rəbbinizin vəd etdiklərinin həqiqi olduğunu tapdınızmı?” Bu əsnada Ömər ona :
Ey Allahın elçisi! Necə olur ki, cansız cəsədlərə xitab edirsən? deyə soruşduqda :
“Məhəmmədin canını əlində saxlayan Allaha and içirəm ki, dediklərimi onlardan daha yaxşı eşidən deyilsiniz” buyurdu.
Döyüş haqqındakı xəbərlərin Məkkə və Mədinəyə çatmağı
Məğlubiyyət xəbəri Məkkəyə döyüşdən sonra qaçıb canlarını zorla qurtaran Qureyşlilər tərəfindən çatdırıldı. Allah bu ağrılı xəbərlə onların ciyərlərini yaxdı və alçaltdı. Müsəlmanlar sevinməsinlər deyə, onların ölülərinə ağı deməyi qadağa etdilər. Əsvəd ibni Abdul-Muttalibin üç oğlu öldürülmüşdü. Onlar üçün ağı demək istəyirdi. Bir gecə qulağına ağı deyən bir qadının səsi gəldi. Xidmətçisini qadının yanına göndərərək ağı deməkçün icazənin çıxıb-çıxmadığını öyrənmək istədi. Xidmətçisi gəlib ona qadının dəvəsini itirdiyi üçün ağladığını dedi. Əsvəd özünə sahib ola bilməyərək bu mənaya gələn beytlər dedi :
Dəvəsi itdiyi üçünmü ağlayır?
Bu onun şirin yuxusuna mane olur.
Dəvəyə ağlama, ancaq,
Fəlakətlərin sel kimi axdığı Bədr üçün ağla.
Mədinə xalqına gəldikdə, Rəsulullah onlara Abdullah ibni Rəvahanı yuxarı və Zeyd ibni Harisəni də aşağı bölgələri müjdələmələri üçün göndərdi. Müjdəçilər gəlməmişdən əvvəl yəhudilər Mədinədə müxtəlif yalan xəbərlər yaymışdılar. Zəfər xəbəri gəldikdə xalq böyük bir fərəh və sevincə qapıldı. Mədinə, təhlik və təkbir nidaları ilə inlədi. Müsəlmanların fəalları Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı qarşılamaq üçün Bədr yoluna çıxdılar.
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın Mədinəyə girişi
Peyğəmbərimiz (Səllallahu Aleyhi və Səlləm) Mədinəyə Allahın köməyilə zəfər qazanmış olaraq qayıtdı. Yanlarında qənimət malları və əsirlər də vardı. Səfra bölgəsində yaxınlaşdıqda qənimət mallarının hökmünü bildirən kərim ayə nazil oldu. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) qənimət mallarından beşdə birini götürərək qalanını döyüşdə iştirak etmiş kəslər arasında bölüşdürdü. Səfra bölgəsinə girdikdən sonra Nadr ibni Harisin öldürülməsini əmr etdi. Onun boynunu Əli ibni Əbu Talib vurdu. İrqız-Zabyə mövqeyində də Ukbə ibni Əbu Muaytın öldürülməsini əmr etdi. Onu Əli və ya Asım ibni Sabit əl-Ənsari boynunu vuraraq öldürdü.
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı qarşılamaq üçün yola çıxan müsəlman fəalları onunla Rəvhada qarşılaşdılar və Mədinəyə qədər birgə yeridilər. Rəsulullah Mədinəyə özündən bütün düşmənlərinin qorxduğu müzəffər bir başçı olaraq qayıtdı. Bu parlaq zəfərdən sonra bir çox insan müsəlman oldu. Abdullah ibni Ubeyy və yoldaşları isə zahirən İslama girmək məcburiyyətində qaldılar.
Əsirlər Məsələsi
Allahın elçisi (Səllallahu Aleyhi və Səlləm) Mədinəyə qayıdıb sabitliyi təmin etdikdən sonra dostlarıyla əsirlər haqqında müşavirə etdi. Əbu Bəkr (radiyəllahu anhu) onlardan fidyə almasını, Ömər (radiyəllahu anhu) isə, öldürülmələri fikrini təklif etdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Əbu Bəkrin fikrini üstün tutaraq onlardan fidyə aldı. Əsir başına maddi vəziyyətinə görə dörd min dirhəm, üç min dirhəm və min dirhəm alındı. Əsirlərdən oxumaq, yazmaq bilənlərin fidyəsi hər biri üçün on müsəlman uşağına oxumağı, yazmağı öyrətmək olaraq müəyyən edildi. Bəzi əsirlərə də yaxşılıq edilərək heç bir məbləğ alınmadan sərbəst bıraxıldılar. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in qızı Zeynəb, müsəlmanların əlinə əsir düşən əri Əbul-As fidyə olaraq, anası Xədicənin ona toy hədiyyəsi olaraq verdiyi boyunbağını göndərdi : Rəsulullah (Səllallahu Aleyhi və Səlləm), qızının göndərdiyi bu boyunbağını gördükdə çox kövrəldi və səhabədən Əbul-Ası fidyəsiz olaraq bıraxmalarını rica etdi. Onlar da qəbul etdilər. Zeynəbin boyunbağısı özünə geri göndərildi. Əbul-As da Zeynəbi Mədinəyə, atasının yanına göndərdi.
Mənbə:islamveirfan.com