• 22 Noyabr 2024

VƏTƏNİ SEVMƏK İMANDANDIR?!

Vətənpərvərlik və dövlətçilik ilə əlaqəli bir çox mövzuda Hz. Peyğəmbərə aid edilən sözlərdən biri “vətəni sevmək imandandır” sözüdür. İstər Tv ekranlarında istərsə də sosial şəbəkələrdə vaxtaşırı bu sözün Hz. Peyğəmbərə nisbət edilərək səsləndirildiyinin şahidi oluruq. Bəs görəsən bu söz həqiqətən Hz. Peyğəmbərə aiddirmi? Bunu təsbit etmək üçün öncəliklə insanların dilində məşhurlaşan, lakin əslində Hz. Peyğəmbərə aid olmayan sözləri və hikmətli kəlamları əhatə edən əsərlərə müraciət etmək mümkündür. Belə əsərlərdən biri Əcluninin (1162/1749) Kəşfül-xəfa adlı əsəridir. Bunu əsərinə qeyd edən Əcluni Hz. Peyğəmbərin belə bir sözünün olmadığını və bu sözün hədis terminologiyası baxımından mövzu/uydurma olduğunu ifadə etmişdir. (Əcluni, Kəşfül-xəfa, I, 398). Buna əlavə olaraq zəif və uydurma hədislərə dair yazılan bir çox əsərdə də bu sözün Hz. Peyğəmbərə aid olmadığı qeyd olunmuşdur. (bax: Sağani, əl-Mövzuat, s. 53; Səxavi, əl-Məqasid, s. 297; Əliyyül-Qari, əl-Əsrarul-mərfuə, 180 və.s).

Bu söz hər nə qədər Hz. Peyğəmbərə aid olmasa da İslam alimlərinin bir çoxu tərəfindən məna baxımından gözəl bir söz olaraq qəbul olunmuşdur. Belə ki, Rəsulullah (s.ə.s) də müşriklərin təzyiqi ilə Məkkədən Mədinəyə hicrət edərkən öz doğma vətəni olan Məkkəyə qarşı hisslərini belə ifadə etmişdir: “Ey Məkkə! Allaha and olsun ki, sən yer üzünün ən yaxşı yerisən. Əgər qövmüm məni səndən çıxarmasaydı mən səndən əsla ayrılmazdım“. (Tirmizi, Mənaqib, 69). Hz. Peyğəmbərin öz vətəni Məkkə üçün sərf etdiyi bu həsrət dolu sözlər hər bir insan kimi onun da doğub böyüdüyü vətəninə bağlılığını bariz bir şəkildə ifadə etməkdədir.

Lakin vətən sevgisinin iman mərkəzli olub-olmadığı mövzusu mübahisəlidir. Belə ki, valideyin sevgisi, mal sevgisi, can sevgisi və.s kimi vətən sevgisi də insanın sonradan əməlləriylə qazandığı bir sevgi deyil, insanın təbiətində var olan bir duyğudur. Bu səbəblə də inanc sahibi olmayan insanlarda da vətənə qarşı sevgi mövcuddur. Belə olduğu halda vətən sevgisi ilə iman arasında əlaqə qurmaq çətinləşməkdədir. Lakin ümumi mənada bir çox əxlaqi davranış kimi vətən qarşısında göstərilən müəyyən fədakarlıqları imanla əlaqələndirmək mümkündür. Ən doğrusunu Allah bilir.

f.f.d. Səfa Muradov

islamveirfan.com

Read Previous

PANDEMİYA DÖVRÜNDƏKİ DİNİ HÖKMLƏR – 1

Read Next

TANZANİYADA “SULTAN ABDULHƏMİD XAN” MƏSCİDİ AÇILDI