• 23 Noyabr 2024

QURANIN ƏN UZUN AYƏSİ NƏDƏN BƏHS EDİR?

Qurani-Kərimin ən uzun ayəsi əlimizdəki Quran müshəfinin tam bir səhifəsini əhatə edir. Bu uzun ayə insanların sosial həyatı ilə əlaqəli çox əhəmiyyətli bir mövzudan bəhs edir: Borc. Bəli, hər birimiz həyatımızın müxtəlif anlarında kimdənsə borc alır, yaxud kiməsə borc veririk. Dinimizdə çətin vəziyyətdə qalan birinə borc verib ona əl tutmaq savab işlərdən sayılır. Çünki İslam dininin əmr etdiyi əsil üxüvvət bunu gərəkdirir. Həmçinin borc alan kimsə də çalışmalıdır ki, borcunu vaxtında qaytarsın. Atalarımız da: “Borc igidin qamçısıdır!” – deyərək buna işarə etmişlər. Bununla yanaşı ətrafımızda borcun gecikdirilməsi, yaxud heç qaytarılmaması səbəbi ilə gileylənən bir çox insanlar da müşahidə edirik. Bu səbəbdən də Qurani-Kərimin bu ayəsində borcun necə verilib, necə qaytarılması ilə əlaqəli bütün incəliklər qeyd olunmuşdur. Ayənin əvvəli və ən mühim hissələrindən biri belədir: يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا تَدَايَنْتُمْ بِدَيْنٍ إِلَىٰ أَجَلٍ مُسَمًّى فَاكْتُبُوهُ وَلْيَكْتُبْ بَيْنَكُمْ كَاتِبٌ بِالْعَدْلِ “Ey iman gətirənlər! Müəyyən müddətə qədər borc alıb-verdiyiniz zaman onu yazın! Aranızda bir katib (onu) ədalətli bir şəkildə yazsın!” (Bəqərə, 2/282)

Uca Rəbbimiz bir-birimizə borc verdiyimiz zaman bunu yazmağımızı və hətta yanımızda bir nəfər şahidin olması gərəkdiyini bildirir. Təbii ki, bütün bunlar, borc alanın və borc verənin haqsızlığa məruz qalmaması üçündür. Möminlər olaraq bir-birimizə borclandığımız zaman mütləq bunu yazılı şəkildə qeyd etməliyik. Çünki insan oğlu unutqandır. Borcun qaytarılma vaxtı barəsində verilən söz unudularsa, bu zaman möminlər arasında bir-birinə qarşı etibar və güvən aradan qalxar, həmçinin bu, borc verən kimsənin bir daha bu kimi bir yaxşılıq etməməsinə gətirib çıxarda bilər. Borcu alan da, verən də şahidin hüzurunda bununla bağlı qeydləri özündə aparmalı və buna riayət etməlidir. Mövzumuzu borc verməyin nə qədər gözəl bir davranış olduğunu göstərən bir hədisi-şəriflə yekunlaşdıraq. Belə ki, Həzrət Peyğəmbər (s.ə.s) bir hədisində belə buyurmuşdur: “Merac gecəsi cənnətin qapısı üzərində “sədəqə on misli savabla mükafatlandırılar. Borc isə on səkkiz misli savab ilə mükafatlandırılar”, – deyə yazıldığını gördüm. Mən Cəbrailə (ə.s): “Borc verməyin sədəqə verməkdən üstün olmasının səbəbi nədir?” – deyə sual verdim. Cəbrail (ə.s): “Çünki dilənçi varı olduğu halda dilənər. Halbuki borc istəyən şəxs yalnız möhtac olduğu üçün borc alar”, – deyə cavab verdi”. (İbn Macə, “Sədaqət”, 19)

f.f.d. Ələddin Sultanov

Read Previous

“ONLAR PEYĞƏMBƏRİN AYAĞININ TOZUNA DA ÇATA BİLMƏZLƏR”

Read Next

Qurani-Kərim Oxumağı Əmr Edir