• 26 Dekabr 2024

ADƏTLƏR VƏ XÜRAFƏLƏR – I yazı

Adət-ənənələr bir millətin mədəniyyətini əks etdirir. Bir millətin əbədi olması üçün keçmişini, tarixini və adət-ənənələrini bilməsi və yaşatması labüddür.

İslam dinində adət ənənəyə önəm verilmiş, qəbul və ya rədd etməkdənsə dinin təməl əsaslarına uyğun olub-olmaması baxımından dəyərləndirilərək, dini əsaslara uyğun olanlar qəbul edilib, uyğun olmayanlar da rədd edilmişdir.[1] Məhz buna görə də Quranda “örf” kəlməsi “məruf” kəlməsi ilə birlikdə qeyd olunur. [2] Yəni adətlər vəhy süzgəcindən keçirildikdən sonra qəbul edilir.[3] Məsələn, Quranı-kərimdə “Onlara (büdpərəstlərə) : “Allahın göndərdiyinə (Qurana) tabe olun!” -deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” -deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Yenədəmi onlara tabe olacaqlar?)”[4]-deyilərək adət və ənənələrdə dinə uyğunluq əsasına diqqət çəkilmişdir.

Azərbaycan mədəniyyətinin və adət ənənələrinin formalaşmasında əlbəttə ki, İslam dininin də böyük rolu olmuşdur. Bu baxımdan məqalədə cəmiyyətimizdə yayğın olan dini mahiyyət daşıyan bəzi adət və ənənələrimizi ümumilikdə İslam dini xüsusiylə Hədis pəncərəsindən tətqiq ediləcəkdir. 70 il boyunca ateizmi təbliğ edən bir rejimin əsarətində yaşamaq əlbəttə ki, adət-ənənəmizə də öz mənfi təsirini göstrərmişdir. Bəzi əsassız xurafatlar dindən sayılaraq yaşadılmağa çalışılmışdır. Nəticədə müxtəlif xurafat və mövhumatlar dinin çərçivəsinə daxil edilmişdir. Dini olanlar dinsiz, dində yeri olmayanlar da dini kimi qələmə verilmiş və cəmiyyət tərəfindən də belə qəbul edilmişdir.

Xurafat və batil inancların ən böyük zərəri əsasən onlara inanıb dini adətmiş kimi tətbiq edənlərə toxunur. Çünki yanlış əqidə və xurafatlar insanları doğru yoldan uzaqlaşdırır. Sağlam təməli olmayan binanın ömrü qısa olduğu kimi, sağlam əqidə üzərində inşa edilməmiş din və dövlətin də uzun müddətli ayaqda qala biləcəyini düşünmək doğru olmaz. Həzrət Peyğəmbər əleyhisalamın da buyurduğu kimi, hər xurafat və bidət həqiqətdən uzaqdır: “Kəlamların ən gözəli Allahın kitabıdır. Yolların ən doğrusu Məhəmmədin (s) yoludur. Əməllərin ən pisi və zərərlisi, dindən olmadığı halda sonradan uydurulub dinə yamananlardır. Bu cür uydurulmuş hər şey bidətdir, xurafatdır, hər bidət də doğru yoldan uzaqlaşma və azqınlıqdır.[5]

Bu dəfəki yazımızın məqsədi, bəzi dindənmiş kimi qəbul edilən adət-ənənələri dini nöqtəyi-nəzərdən təhlil etmək olduğu üçün, dinə uyğun olan adətləri qəbul edərkən, dinə uyğun olmayanları da qəbul etməməyin vacibliyi bu başdan vurğulaqdır. Əlbəttə ki, burada qeyd ediləcək adətlər, adətlərin çox az bir qismidir. Bütün adətləri incəlmək məqalə şərtlərinin fövqündədir. Araşdırmanın məqsədi adət-ənənəyə qarşı gəlmək deyil, əksinə adət-ənənələrin əsasını araşdırmaq, doğru olanı yanlışdan ayırmaq və “inandığınız kimi yaşamazsanız, yaşadığınız kimi inanarsınız” hikmətli sözünün əksinə, inancımızla yaşantımızın eyni olmasını təmin etməkdir.

Adət-ənənə nədir?
Adət kəlməsi “əvd” və “əvdət” kökündən törəyən bir sözdür. “Ayrılan şeyə yenidən dönmək”, “geri dönmək” mənalarına gəlir. Adət – vərdiş olunan, vaxtaşırı bir işi etmək, bir işi bitirdikdən sonra bir daha etməmək mənasına gəlir.[6] Adət kəlməsi əgər Allah nisbət edilərsə, Allahın sünnəsini, yəni ilahi qanunu ifadə edir. Qadınların zahı halına da müəyyən zamanlarda təkrar-təkrar meydana gəldiyi üçün adət deyilir.[7]

İslam ədəbiyyatında adət-ənənə, örf terminləri eyni mənalar da istifadə edilir. Termin mənasına gəldikdə: “cəmiyyətin həyatında yerləşmiş və uzun müddət tətbiq edilməsi baxımından hüquq baxımından bağlayıcı qəbul edilən və yazılı olmayan hüquq qaydalarıdır. [8]

Dini adətlər dedikdə dini əsaslara uyğun adətlər nəzərdə tutulur. Bunlardan dinə uyğun olanlar olduqları kimi, dinlə əlaqəsi olmayanlar da vardır. Burada adətlərdən xalq arasında məşhur olmaqla birlikdə, dini ədəbiyyat və mənbələrdə yeri olmayan bəzi adətlər izah olunacaqdır.

Zamanla əlaqəli olan bəzi yanlış adətlərimiz

-Günlərin şanssız (nəs) sayılması

Yanlış əqidələrdən biri də həftənin və yaxud da ayın bəzi günlərinin, hətta bəzi rəqəmlərin, şanslı və ya şanssız (nəs gün) hesab edilməsidir. Məsələn, 13 rəqəminin nəs rəqəm kimi qəbul olunması, cəmiyyətimizdə əksəriyyət tərəfindən mənşəyi araşdırılmadan qəbul edilən ve heç bir əsası olmayan yalnış əqidədir. Bundan başqa çərşənbə axşamları işə başlamağın şanssız olduğu, axır çərşənbədə qismətlərin yazıldığı, günəş batan zaman yanlış şeylər arzulansa qəbul olunacağı, bazar və ya şənbə günlərində iş görülməyəcəyi və s. kimi xalq arasında gün və ya zamanla əlqədar yanlış inanclardır.

İslam dinində zamanla bağlı “bu zamanda bu edilməz” “bu zamanda bu edilər” kimi bir vaxt ayırımı yoxdur. Zaman, içində baş verən hadislərə görə dəyərli və ya zərərli ola bilər. Dini cəhətdən heç bir günün diğər gündən üstünlüyü yoxdur. Gün, gün olması baxımından bir- birinə bərabərdir. Buna əsasən insan istədiyi zaman işə başlaya bilər, istədiyi zaman da səyahət və ya digər işlər edə bilər.

Mütəxəssislərə görə, bəzi zamanın şanssız qəbul edilməsi bizə digər dinlərdən keçmişdir. Məsələn, xristiyanlar çərşənbə axşamı gününü uğursuz, bazar günündə isə işləməyi günah olaraq qəbul edirlər. Yəhudi dinində də şənbə günü iş görulməz, əgər iş görulərsə günah sayılır[9].

Bütün bunların İslam dini ilə əlaqəsinin olmadığı hədislərdə belə ifadə edilir: “İslam dinində “təşə`üm” (şanssız sayma, şərrə yozma )yoxdur, əksinə “təfə`ül” (xeyirə yozma) vardır.”[10] “Əşyada uğursuzluq yoxdur, səfər ayında uğursuzluq yoxdur, bayquşun ötməsində uğursuzluq yoxdur”[11].

Bu hədislər bəzi əşya və ya günləri uğursuz qəbul etməkdənsə, onların uğurlu olduğunu və xeyirə yozmağın daha məqsədə uyğun olduğunu göstərir.

Hədis alimi Münavi (vəfatı 1031/1621) “münəccimlər kimi batil inancla şanssızlıq gətirəcək düşüncəsi ilə çərşənbə günündə iş görməmək və çəkinmək qəti şəkildə haramdır. Çünki həftənin hər günü Allahındır. Tək başına nə faydası, nə də zərəri var. Kim günlərə uğrusuzluq nisbət edərsə, öz-özünün uğursuzluğuna düçar olar. Hər kim də Allahdan başqa heç kim və heç bir şeyin fayda və ya zərər verməyəcəyindən əmin olarsa, bu məsələdə heç bir şeyin ona mənfi təsiri olmaz. Bil ki, şanssızlıq sadəcə buna inanan kəsə gələr. Odur ki, əsl fəlakət məhz bu inamdır. “[12]-deyərək uğursuzluq inancının nə qədər yersiz olduğuna diqqət çəkmişdir.

Nəticə olaraq, mütləq şəkildə ifadə edə bilərik ki, İslam dinində, müəyyən şeylərdə şanssızlığın olduğuna dair heç bir dəlil olmamaqla birlikdə[13], şanssızlığın dinlə heç bir əlaqəsi olmadığı açıq şəkildə ortaya çıxır.

“İki bayram arasında nikah olmaz” – məsələsi

Bəzi bölqələrdə xalq arasında yayqın olan və davam edən adətlərdən biri də iki bayram arasında nikah qıyılmaması, yəni toy edilməməsidir. Bu aya boş ay da deyilir. Mənbəyi bilinməyən bu adətin cəmiyətdə təsiri azalmasına baxmayaraq, hələ də gündəmdə olması bizi bu mövzuya dini müstəvidən baxmağa vadar edir.

Məlum olduğu kimi, İslam dinində evlilik özünəməxsus ciddiyyəti olan ibadət kimi qəbul edilir. Məhz buna görə də Həzrət Peyğəmbər əleyhissalam “Evlənmək mənim sünnəmdir. Kim sünnəmdən üz döndərərsə məndən deyildir”[14]-deyərək evliliyin əhəmiyytinə diqqət çəkmişdir.

Dinimizdə hər hansı hökm qoya bilmək üçün Quran, Sünnə, İcma və yaxud da Qiyasdan bir dəlilin olması labüddür[15]. Bu dörd mənbədə dəlili olmayan bir mövzu haqqında söz söyləmək istinadsızdır və mötəbər deyil. Əlbəttə ki, İslam hüququ baxımından evliliyin səhih olması üçün müəyyən şərtlər qoşulub. Bu şərtləri Quran, Sünnə, İcma və Qiyas çərçivəsində dəyərləndirdikdə “ iki bayram arasında evlənmək olmaz”-deyə bir qaydaya təsadüf etmək mümkün deyil. Buna əsasən də, iki bayram arasında nikah qıymağın caiz olduğu açıqdır.

Eyni zamanda iki bayram arasında nikah qıyıla biləcəyini Həzrət Peyğəmbərin həyatına nəzər saldıqda görmək mümkündür. Cünki Peyğəmbərimiz əleyihssalam Hz. Aişə ilə evliliyi Ramazan ayından sonra gələn Şəvval ayında baş tutmuş, yəni iki bayram arasında olmuşdur.[16]

Bundan əlavə, iki bayram arası olmayan gün də yoxdur əslində. Belə ki, Ramazan və Qurban bayramı arasında iki ay on günlük zaman varsa, Qurban bayramı ilə gələcək Ramazan bayramı arasında da qəməri təqvimə görə 354 gün var. Bu da təqribən doqquz ay on gün edir. [17] Ramazan bayramı ilə Qurban bayramı arasını iki bayram arası qəbul edib, Qurban bayramı ilə Ramazan bayramı arasını iki bayram arası qəbul etməmək obyektiv düşüncəylə səsləşmir. Odur ki, bu adətə əsasən il boyu evlənmək və nikah qıymaq doğru olmaz. Bu fikri qəbul etmək məntiq əsaslarına və eyni zamanda “Evlənmək mənim sünnəmdir. Kim sünnəmdən üz döndərərsə bizdən deyildir”[18] hədisinə ziddir.

Şərtlər və imkanlar hazır olunca ilin hər anında nikah kəsilə bilər. “Bu gün nikah qıymaq caizdir, bu gün caiz deyildir” kimi bir şərt yoxdur. İslami ədəbiyyatda zaman baxımından hər hansı məhdudiyyətə təsadüf etmək çox çətindir.[19]

Türbə və qəbirlərlə bağlı bəzi adətlər

-Türbələrə qurban nəzir etmək

Türbə – ziyarət edilən məzar, müsəlmanlardan böyük alim, Allah dostu, hökmdar, vəzir və sərkərdələrin qəbirləri üzərinə tikilmiş və üstü kümbəzlə örtülmüş binadır. İslam böyüklərinin üstü açıq olan məzarlarına da, onlara hörmət nişanəsi olara türbə deyilir.[20]

Xalq arasında türbələrə nəzir etmək və ya sədəqə (qurban) kəsiləcəksə türbələrə aparılaraq, orada kəsmək dini bir davranış kimi qəbul edilir. Bu davranışın doğru olub-olmadığını qeyd etməzdən əvvəl türbə və qəbiristanlığı ziyarət etmənin hökmü və nəzirin mahiyyətinə dini mənbələr əsasında nəzər salmaq doğru olar.

Əlbəttə ki, qəbirləri ziyarət edərək orada ölümü, axirəti düşünmək və oradakı ölülərin bağışlanması üçün Allaha dua etmək dinin tövsiyə etdiyi əməllərdəndir. Çünki, Həzrət Peyğəmbər əleyhissalam “Mən sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim. Artıq ziyarət edə bilərsiz. Çünki onlar sizə axirəti xatırladır”[21]-deyərək kişi və ya qadın[22] hər kəsin qəbirləri ziyarət edə biləcəyini ifadə edir. Bundan aydın olur ki, qəbir və türbələri ziyarət etmədəki məqsəd ibrət almaq, axirəti xatırlamaqdır.

Dini terminalogiyada nəzir, Allah rizası üçün insanın öz-özünü hər hansı şərtə bağlı olaraq və ya şərtsiz mübah olan bir mövzuda borclandırmasıdır.[23] Bu tərifə görə də deyə bilərik ki, Allahdan başqası adına nəzir qəbul olmaz. Əgər Allahdan başqa birinin adı üçün nəzir edilərsə[24] o nəzir nəzir sayılmaz, nəzir edən də Allaha şərik qoşmuş qəbul edilir[25] ki, bu da Allahın bağışlamadığı ən böyük günahdır. Allah adına söylənən nəzir yerinə yetirilməszə, insan borçlu hesab olunur.[26]

Bir müsəlman qurban nəzir edərkən diləyinin olmasını Allahdan deyil, qəbirdən və ya türbədən gözləyərsə imanı batil olar.[27] Çünki qurban kəsmək ibadətdir, ibadət də ancaq Allaha edilir.

Eyni zamanda qəbirləri Kəbəni təvaf edər kimi, təvaf etmək və qəbir üzərində qurban kəsmək də İslamiyyətin qəbul etmədiyi bidətdir. [28] Nəzir qurbanları hər hansısa bir qəbir və ya türbəyə getmədən də kəsilə bilər. Əfsuslar olsun ki, günümüzdə bir çox insan ölülərin ruhunu şad etmək və ya arzularına nail olmaq üçün türbə və ya qəbir başlarında qurban kəsirlər. Bu tamamiylə İslam əqidəsinə tərsdir və “Qəbirdə inək, dəvə, qoyun kəsmək İslamiyyətdə yoxdur”[29]- deyərək Rəsulullah əleyhissalam tərəfindən qətiyyətlə qadağan edilmişdir. Ancaq Allah üçün kəsilən qurbanın səvabı, hər hansı şəxsin ruhuna hədiyyə edilə bilər. Səhabə tətbiqatında buna rast gəlmək mümkündür. Hənəşdən belə nəql olunur: “Həzrət Əlini gördüm, iki qoç kəsmişdi. Belə dedi: “Bu qurbanlardan biri özüm, o biri də Həzrət Peyğəmbər əleyhissalam üçündür.” Sonra belə əlavə etdi: “Allahın Rəsulu belə vəsiyyət etdi. Mən həyatda olduğum müddətdə bunu tərk etməyəcəm.”[30] Həzrət Əli bu qurbanı Rəsulullah əleyhissalamın vəfatından sonra kəsmişdir. Odur ki, ölülər adına qurban kəsmək və savabını ona bağışlamaq caizdir.

Ancaq “Qurbanı bu şəxsin hörmətinə, diləyimin yerinə yetirilməsi üçün kəsdim” –demək doğru deyil. Əgər məqsəd Allah üçün nəzir etməksə, evdə qurbanı kəsərək möhtaclara paylamaq daha məqsədəuyğundur.

Nəzirin qədərimizdə hər hansı bir dəyişiklik meydana gətirib, əzəli təqdirimizi dəyişdirəcəyi düşüncəsi də islami baxımdan qəbuledilməzdir. Odur ki, Həzrət Peyğəmbər “ Nəzir heç bir şeyi (şəri və zərəri) dəf etməz. Ancaq nəzir səbəbilə xəsisdən mal çıxarılmış olur.[31]-deyərək buna diqqət çəkmişdir.

Bəzi qəbir və türbələrin xəstəliklərə şəfa verdiyinə inanmaq və bunların daş, torpaq və ağaclarını müqəddəs qəbul etmək İslam dininin tövhid əqidəsi ilə səsləşmir.

Xülasə, türbələrə qurban nəzir etməyin, qurbanı götürərək türbə və ya qəbiristanlıqda kəsməyin, türbələrdəki şəxsiyyətin və ziyarətgahların hər hansı problem və yaxud xəstəliyə çarə ola biləcəyinə dair heç bir islami ədəbiyyatda dəlili yoxdur. Qurbanlar yalnız Allah üçün kəsilməlidir. Məqsəd sadəcə Allaha yaxınlaşma olmalıdır. Bunun üçün hər hansı türbədə qurban kəsməyin mənası yoxdur. İslamda olmayan bir adəti varmış kimi qəbul etmək bidətdir və böyük mənəvi məsuliyyət daşıyır.

Qəbir və ya türbədə şam yandırmaq

İslam dinində məscid divarına, qəbir və ya məzar daşına şam yandırma adətinə yer yoxdur. Bu adət müsəlmanlara məcusi və xristiyanlardan keçmişdir.

Həm israf etmə, həm də müsəlman olmayanlara bənzəmə baxımından İslam dininin əsaslarına ziddir. Çünki Qurani-kərimdə “Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!”[32] buyurularaq, israf qadağan edilməkdədir. Eyni zamanda Həzrət Peyğəmbər “Kim bir qövmə bənzərsə o, onlardandır”[33]deyərək bu cür davranışların dinə uyğun olmadığını vurğulamışdır.

Qəbir başında, məzar daşında şam yandıran şəxs, orada dəfn olunandan bir kömək gözləməkdə və yaxud onunla bütünləşdiğini, ona yaxın olduğunu düşünür. İslam dininə görə insan yalnız Allaha pənah aparmalı, onun xaricindəkilərdən kömək ummamalıdır. Bu baxımdan qəbirlərdə şam yandırmaq dini nöqteyi-nəzərdən əsli olmayan bir adət, xurafatdır.

-Qəbir və ya türbələrə parça bağlamaq

Türbə və qəbirlərə parça bağlama İslamiyyəti qəbul etməzdən əvvəl Orta Asiyada yayğın şəkildə yaşayan şamanistlərin adətlərindəndir. Şamanist türklərin inancına görə hər dağın, hər bulağın, göl və çayların “ izi” sahibləri vardır. Müasir Şamanisltərin inandıqları “izi”- lər, göytürklərin buraxdığı yazılı xatirələrdə “ yer-su” olaraq ifadə edilmişdir. Göytürklər “Yer-su” olaraq adlanan bu ruhlar, Türk yurdunun qoruyucuları olaraq qəbul edirdilər. Onların inancına görə bu “izi”lər hər kəsdən qurban istəyirlər. Kim qurban verməzsə ona zərər toxunar. Ancaq bu ruhlar çox qənaətkardır. Bunları bir parça, biraz at tükü hətta qurban niyyətiylə atılan daş ilə də razı salmaq mümkündür”[34]

Əfsuslar olsun ki, bəzi müsəlmanlar İslamdan sonra belə bu adətlərdən qurtula bilməmişlər. Allah dostları saydıqları ulu şəxsiyyətlərin türbələrinə, orada bitən ağaclara və ya həmin bölgədəki qayalara parça bağlamaq surətilə bu adətlərini davam etdirmişlər . Halbuki, bu adətin İslam dinilə əlaqələndirilməsi həqiqətə uyğun deyil.

(Ardı var…)

Dr. Rüfət Şirinov

(Hədis elmləri üzrə mütəxəssis)

sunna.az

[1]Hayreddin Karaman, “Adet”, DİA, I, 369.

[2]Məsələn bax. Əraf , 7/199, Nisa, 4/26.

[3]Karaman, “Adet”, DİA, I, 369.

[4]Bəqərə, 2/179.

[5]Buxari, Etisam, 2.

[6]Firuzabadi, Qamusul-Mühid, Beyrut 1998, s. 302-303

[7]Şener Mehmet, İslam Hukukunda Örf, İzmir 1987, s. 104-105.

[8]İmre Zahid, Medeni Hukuka Giriş, İstanbul 1976, s. 166.

[9]Bax. Bəqərə, 2/65. Şənbə günü iş görülməməsi əmri yahudi dininə mənsub şəxslərə aid idi. Ancaq İslam dininin gəlməsi ilə digər dinlərin hökmləri nəsx olnmuşdur. Odur ki, bu hökmün bağlayıcılığı yoxdur.

[10]Buxari, Tib 54; Müslim, Salam 110

[11] Müslim, Salam 102.

[12]İbrahim Canan, Kütübü-sitte Tercümesi ve Şerhi, VII, 530.

[13] Ancaq bəzi hədislərdə uğursuzluq bağlı müəyyən əşyaların ismi qeyd edilir. Məsələn “… ancaq bu üç şey uğursuzluq gətirir: Ev, at və qadın” (Buxari, Cihad, 47; Müslim, Salam, 115-120.). Hədisdə qeyd olunan uğursuzluğu şərh alimləri, “faydalanmaya yararsız olan şeylər” mənasında şərh etmişlər. Hətta Xəttabi (vəfatı 388/998) və digər bəzi alimlər bu hədisdən üç şeydə uğursuzluğun olduğuna inanmaqdan çəkindirmənin vurğulandığı mənasını anlamışlar. Onlara görə burada qeyd olunanlardan məqsəd (ev, at və qadın) sahiblərinin razı qalmamalarıdır. Ancaq belə bir vəziyyət meydana gələrsə o zaman boşama, satma kimi yollara müraciət edilərək bunlardan xilas olmaq olar. (Bax. Xəttabi, Məhəmməd ibn İbrahim, Məalimus-Sünən, Şərhu Sünəni Əbi Davud, IV, 236) Bəzilərinə görə qadının uğursuzluğu qısır və ya kobud dilli olması, atın uğursuzluğu müharibə şəraitinə yararsız və nadinc olması, evin uğursuluğu da namaza gəlməyə mane olacaq qədər uzaqda olması və sıxıntı verəcək dərəcədə dar olması və.s dir. (Canan, e.a.ə. III,183.)

[14]Buxari, Nikah, 1.

[15]Zəkiyuddin Şaban, İslam Hukuk İlminin Esasları, (tərc. İbrahim Kafi Dönməz,) Ankara 2007, s. 45.

[16] Müslim, Nikah, 73.

[17]Çakan, İsmail Lütfi, Hurafeler ve Batıl İnanışlar, İstanbul 2003, s. 52-53.

[18]Buxari, Nikah, 1.

[19] Geniş məlumat üçün bax. Çakan, e.a.ə. s. 53.

[20] Bağçeci, Muhiddin , “Türbe”, Şamil İslam Ansiklopediyası T maddəsi.

[21]Müslim, Cənaiz 106; Əbu Davud, Cənaiz 81.

Şərh alimləri qəbirləri ziyarət etmənin qadağan edilməsinin səbəbi olaraq, bütə sitayişə gedən yolları bağlamaq və imanın zəif olduğunu göstərirlər. Ancaq daha sonra imanın kök salması bu qadağanın aradan qaldırılmasına səbəb olmuşdur.

[22]Qadınların da qəbirləri ziyarət etməsinin müstəhəb olduğunu Həzrət Peyğəmbərlə övladı vəfat etdiyi üçün qəbri başında ağlayan qadın arasında keçən dialoqu qeyd edən hədisdən anlayırıq. Hədis üçün bax. Buxari, Cənaiz, 43, Əhkam, 11; Müslim Cənaiz, 14.

[23] Bilmen, Ömer Nasuhi,Büyük İslam İlmihali, s. 416.

[24]Məsələn filan babaya nəzir demişəm, bu işim alınarsa filan pirə nəzir aparacam demək kimi.

[25]Çakan, e.a.ə.s. 63.

[26] Qurani Kərimdə “Sonra həcc əməllərini (dırnaq kəsmək, saçını qırxmaq, yaxud qısaltmaq və s.) yerinə yetirsinlər (və ya kirlərini təmizləsinlər), nəzirlərini versinlər…” (Həcc, 22/29) buyurlaraq nəzirlərin yerinə yetirilməsinin vacib olduğu göstərilir.

[27]Çakan, e.a.ə.s. 64; Ayrıca bax.http://musluman.biz/php/index.php?topic=9846.0;wap2 (18.01.2010)

[28] Geniş məlumat üçün bax. http://www.fikih.info/kategoriler/sunnet-i-seniyye/2211-sunnette-kabir-ziyareti.html; http://www.tawhed.ws/r?i=2xatd5vo, (18.01.2010)

[29] Əbu Davud , Cənaiz, 73(2805)

[30] Tirmizi, Dəhayə, 2; Əbu Davud, Dəhayə, 2.

[31]Buxari, Qədər, 6.

[32]Əraf, 7/31.

[33]Əbu Davud, Libas, 4.

[34] Abdülkadir İnan, Hurafeler ve menşeleri, Ankara 1962, s.39
– See more at: http://www.sunna.az/index.php/m-qal-l-r/item/2082-adaetlaer-vae-khurafaelaer-i-yaz#sthash.mrD05ETB.dpuf

Read Previous

Suriyalı qızın vəsiyyət məktubu oxuyanların ürəklərini parçaladı

Read Next

Sələfilik nədir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.