• 25 Dekabr 2024

AĞLAYAN MƏKTUB

İçerikSƏNDƏN SONRA…

Bu gün Sənin xəyalınla oyandım yenə yuxudan. Kaş ki, Səninlə birlikdə Sənin yaşadığın zamanda yaşasaydım deyə. Yenə tək ümidim Uca Allaha, inam və güvənim tək Sənə qalmışdı.  Başıma gələn bütün hadisələri Sənə ərz etmək istədim, ya Rəsulallah. Dərdimi Səninlə bölüşüb, dəvamı Səndə tapmaq üçün. Əlimdə tutduğum bu ağ kağızdan da, vicdanı və əməlləri təmiz olan Peyğəmbərim! Yeni günə başlamaq istəyirdim, ancaq yeni gün də köhnəlmişdi sanki. Göy üzü yenə qaranlıq, həyat yenə yorğun addımlarla irəliləyirdi. Xətrimə dəyən insanlara qarşı olan qəlbimin nifrəti,  nəfəsimin axışını çətinləşdirirdi.  Dünyanı mənə sevdirəcək bir səbəb yox idi artıq. Sən demə bu dünyada dayaqsız insan bünövrəsiz ev kimi imiş. Güclü əsən hər külək onun məhvinə səbəb olurmuş. Yenə Sənin qayğına, xoş sözlərinə və mərhəmətinə ehtiyac duyurdum. Bu qayğılara ehtiyac duyan minlərlə, bəlkə də milyonlarla insanlar kimi. Yorğun addımlarla çarpayımdan qalxıb pəncərənin qarşısına keçdim. Axşamdan yağan yağış dənələri, pəncərənin üzərindən axıb gedir, mən isə ətrafı çətinliklə görürdüm. Yağış damcıları hər tərəfi yuyub təmizləmiş, ancaq kirli vicdanlara nüfuz edə bilməmişdi…

Kirli vicdanlarla özünü müsəlman sanan insanlar Sənin adından istifadə edərək çox pullar qazandılar bu dünyada. Ancaq onların qazandıqları pullar bu dünayada beş-on günlük xoşbəxt həyat yaşamalarına kifayət etsə də, əbədi xoşbəxtliyi qazanmalarına kifayət etmədi. Həyatımızda o qədər ülvi dəyərləri faydasız dünya mallarına dəyişdik ki, bunları saymaqla qurtara bilmərik, ya Rəsulallah!

O gündən bu günə qədər çox şeylər dəyişdi. Fərqli düşüncələr, müxtəlif zümrələr meydana gəldi. Hər kəs özünün doğru, başqalarının yanlış yolda olduğunu söylədi. Birimizin tikəsi, başqasının boğazından keçmədi. Qurani-Kərimə yüzlərlə təfsir, sənin hədislərinə isə yüzlərlə şərhlər yazıldı. Yazılan bu əsərlər ya kitab rəflərində tozlanmağa məhkum oldu, ya da alimləri arasında müxtəlif anlaşılmazlıqlara gətirib çıxardı. Olanları olduğu kimi qəbul etmək nəfsimizə xoş gəlmədi. Hər bir şeyə yenilik və fərqlilik gətirmək xəyallarına düşdük. Cildlərlə kitab yazıb, adlarının qarşısına professor, doktor yazdıranların əksəriyyəti adlarını bəzədikləri kimi öz həyatlarını İslami gözəlliklərlə bəzəyə bilmədilər. Doğru yolda olduğumuz halda, nəfsimizə hakim olan şan-şöhrət, vəzifə və maddi qazanc istəkləri bizi əyri yollara sürüklədi. İbadətlərimizə riya və göstəriş qarışdığı gündən bəri ibadətlərimizin həzzindən və əməllərimizin bərəkətindən məhrum olduq…

Yolunun yolçusuyuq deyib, Sənin yolundan başqa bütün yollarla getdik. Adlarımızı müsəlman adlarıyla bəzəyib, Conların, Tomların etdiyi işlərdən də bərbad işlərlə məşğul olduq. Qulaqlarımız popları, repləri dinləməyə,  gözlərimiz açıq-saçıq teleseriallara baxmağa, dillərimiz başqalarının qeybətini etməyə adət etdi. Yetim körpələrin başlarını oxşamaqdansa, imkanlı kəslərin uşaqlarına mərhəmət etdik. Qəlbimizdən imanımız azaldıqca  məscidlərdən azanlarımız, günümüzdən namazlarımız azaldı. İşimizin çoxluğunu bəhanə edib namazlarımızı qılmaz olduq. Qidalarımızda halal-harama diqqət etmədikcə bədənlərimizi xəstəliklər, dəvasız dərdlər bürüdü. Haqlının haqqını verməyib, haqsızlara bəraət qazandırdıq. İffətindən və utancından ehtiyacını dilə gətirə bilməyən ehtiyac sahiblərinin dərdini görməməzlikdən gəldik.  Gözü yaşlı qalan yetim körpələrin ahını hiss etməz olduq…

Son model maşınlara minib sonra da “Hz. Peyğəmbər (s.ə.s)  də öz zamanında ən yaxşı dəvəyə minirdi” deyib, özümüzə təskinlik verdik. Sənin quru həsirinin yatdığın zaman vücuduna iz saldığını bilə-bilə, yataqlarımızı “Bellonadan”, “İstiqbaldan” sifariş etdik.  Sən qara arpa çörəyindən ömrün boyu doyunca yemədiyin halda, biz təndir və kürə çörəkləri arasında seçim edirik. Axı Sən qonşusu ac ikən özü tox yatan kamil iman etmiş olmaz demişdin. Bunu bildiyimiz halda biz, “mən salim olum cümlə cahan batsa da batsın” düşüncəsiylə yaşadıq….

Sən özündən sonra bizə Qurani-Kərimi və öz sünnəni (yolunu) qoyub getmişdin ki, biz də onlardan bərk-bərk yapışıb zəlalətə düşməyək. İndi Qurani-Kərimə dirilərin deyil, ölülərin kitabı kimi qiymət verilir. Düzdür, hər birimizin evində rəflərin üst hissəsinə qoyduğumuz ancaq bir kimsə vəfat etdiyi zaman molla çağırıb səhv-düz oxutduğumuz bir Qurani-Kərim vardır. O Qurani-Kərim ki, nə özümüz oxuya bilirik, nə də övladlarımıza öyrədirik. İngilisin dilinə o qədər aşiq olmuşuq ki, bütün vaxtımızı onu öyrənmək üçün sərf edirik. Bizim üçün vacib olan işləri, lazımsız işlərin yolunda qurban veririk. Burada Sənə söyləyəcək sözlərim bitməsə də, məktubumdakı yerin azlığından yazıma xitam verirəm. Yenə Sənsiz gözlərim yaşlı, xəyallarım param-parçadır. Yazmaq məndən, qiymət vermək Səndəndir.

Ya Rəsulallah! Bunlar mənim Sənə utanaraq yazdığım əməllərimizdən sadəcə bir neçəsidir. Uca Yaradan hər birimizə Sənin ümmətinə layiqli qul olmağı nəsib etsin. Ən xoş duyğularımla!..

mənbə:

irfan jurnalının 2010-cu il aprel ayı buraxılışında yer alan Eldar Kərimovun yazısından alınmışdır.

Read Previous

QADIN KİŞİLƏRƏ İMAM DURA BİLƏRMİ?

Read Next

14 Fevral Əfsanəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.