Həyat qısadır və bu gün var olan, sabah yoxdur. Əlindəkini itirməmiş qiymətini bilməlisən. Elə isə sevdiklərinin yanına get. Əvvəlcə onlara təbəssümlü baxışlarla bax, sonra qəlbindən gələn hərarətli bir səslə “sizi sevirəm” de…
Əslində, bütün bunlar çətin deyil. “Səni sevirəm ana”, “səni sevirəm ata”, “səni sevirəm bacım, qardaşım, dostum” demək çətin deyil. Bu, yalnız ürəyini buz bağlayan insanlar üçün çətin ola bilər. Ancaq onlar da sənin kimi cəsarət göstərsələr, qəlblərində sevgi toxumları olduğunu hiss etsələr, hər şey onlar üçün də çox gözəl olar. Bir də sevgi varsa, nifrət niyə, güldürmək varsa, ağlatmaq niyə, ürək yamamaq varsa, ürək sındırmaq niyə? Həyat çox qısadır dostum və bu dünyada heç bir şey sınan ürəyə dəyməz.
Ailədə mübahisələrin olması müəyyən mənada təbiidir. Bu, tərəflərin yetişdiyi mühitdən də çox asılıdır. Evliliyin ilk illərində müşahidə edilən fikir ayrılıqları gələcək illərdə azalmağa başlayır. Buna baxmayaraq, tərəflər uyğunlaşma məsələsində son dərəcə həssas davranmalı və gələcəkdə də bu prosesə xələl gətirə biləcək addımlara yol verməməlidirlər. Arabir baş verə biləcək inciklikləri isə böyütmədən həll etməlidirlər. Digər tərəfdən, evliliyin uzunömürlülüyünün qarşılıqlı məhəbbət, hörmət, şəfqət və fədakarlıq kimi prinsiplərə söykəndiyini də unutmaq olmaz.
Milli-mənəvi dəyərlərimizdən danışanda ağla gələn ilk ünvan ailə olur. Həqiqətən də əsrlər boyu arına-arına, cilalana-cilalana ailə-məişət qanunlarımız formalaşıb. Azərbaycan ailəsinin təməlində fədakarlıq, ismət və iffət anlayışı aparıcı amillər olub. Yəni ailə quran fərdlər bir-birilərinin hər əzabına, hər əziyyətinə qatlaşıblar. Ona görə də əsrlər boyu Azərbaycanda ailənin dağılması böyük bir fəlakət kimi qarşılanıb. Ancaq çox təəssüf ki, son dövrlərdə mənəviyyatımızın digər sahələrində olduğu kimi ailə-məişət münasibətlərimizdə də ciddi aşınmalar müşahidə olunmaqdadır. Artıq ailə fərdləri arasında nə o ismət, həya duyğusu qalıb, nə də o fədakarlıq. Heç kəs öz haqqından keçmək istəmir, hər kəs rahatlığını düşünür. Ən dəhşətlisi isə artıq ailə anlayışının özü mahiyyətini dəyişməkdədir. Təsəvvür edin ki, əsrlər boyu yad ölkələrdə formalaşmış və bizim lənətlə qarşıladığımız qeyri ciddi münasibətlər bu gün ölkəmizdə də yayılmağa başlayıb. Artıq nə o sevginin, nə o elçiliyin, nikahın, toyun ülviyyəti, təravəti qalıb. Yeni münasibətlər formalaşır: bir-birindən xoşu gələnlər nə dini, nə də rəsmi nikah istəmədən bir araya gəlib yaşamağa başlayırlar. Məntiqləri də budur ki, hər biri öz azadlığını saxlayır, yəni sabah kimin üzü dönsə, çıxıb gedə bilər. Bunun üçün tərəflərdən heç biri öz boynuna məsuliyyət götürmür. Təbii ki, bu əxlaqsızlığın yayılmasında teleserialların və bu sahəyə yönəlmiş, xüsusi dairələr tərəfindən hazırlanmış proqramların da rolu az olmur.
Təsəvvür edin ki, hər şeyin üstündən xətt çəkilir, kimin xoşu kimdən gəlirsə, bir ev tutub yaşamağa başlayırlar. Nə vaxt da ürəyi istəsə, çantasını götürüb evdən çıxır. Bu, bütün gözəlliklərimizin, mentalitetimizin ciddi fəlakətlə üz-üzə qaldığını göstərir. Bu cür hallarda tərəflər bir-birilərinə müvəqqəti yol yoldaşı, paltar və ya ayaqqabı kimi baxırlar. Təbii ki, belə olan halda bu izdivacın sona qədər uzanma ehtimalı bir faiz ola, ya olmaya. Bu cür görüşlərdən doğulan uşaqların demək olar ki, əksəriyyətinin aqibəti heç də ürəkaçan olmur.
Ailə müqəddəs anlayışdır. Həqiqi sevənlər, Allahını başının üstündə görənlər üçün ailə bir cənnət bağçasıdır. Ancaq təəssüflər olsun ki, son dövrlərdə bu cənnətimizdə arzuedilməz hallar müşahidə olunmaqdadır.
Övladınıza sahib çıxın, onun kiminlə oturub-durmasına, münasibətlərinə, duyğularına göz qoymağa çalışın. Elə olmasın ki, bu cür qeyri-rəsmi münasibətlərdən doğulan nəvənizi sabah ya uşaq evində, ya da küçələrdə axtarasınız.
Demək olar ki, hər kəs evləndikdən sonra qarşı tərəfdən müəyyən şeylər gözləyir. Və təbii ki, gözlədiyi şeyin “reallaşmaması” tərəflərdə əks reaksiyalara səbəb olur. Məsələn, həyat yoldaşından xoş münasibət gözləyən bir xanım bu münasibəti görmədikdə narahat olur və bu hisslərini müxtəlif şəkillərdə ifadə etməyə çalışır. Gözlədiklərini əldə edə bilməyən tərəflərin bu münasibətləri əslində məqsədlərinə çatmaq üçündür. Ancaq bu da həqiqətdir ki, tərəflərin “tələblərini” ifadə etmək üçün səhv reaksiyalara əl atmaları nəinki onları məqsədlərinə çatdırmır, üstəlik daha pis nəticələrlə qarşılaşmalarına səbəb olur. Ya da tərəflərdən biri konkret bir vəziyyət üçün istədiyinə nail olsa belə, məsələ həllini tapmadığı üçün eyni vəziyyət yenidən özünü göstərir. Belə səhvlər arasında əsas yeri bir tərəfin qarşı tərəfi “tələblərini” yerinə yetirə bilmədiyi üçün ittiham etməsi tutur. Hətta tərəflər ittiham etdikləri məsələdə haqlı olsalar belə, yanaşma tərzi səhv olduğu üçün haqsız vəziyyətə düşürlər. Əgər misal göstərmiş olsaq, həyat yoldaşının evdəki vəzifələrini (məsələn, sınan əşyaları təmir etmək, uşaqları həkimə aparmaq və s. kimi) yerinə yetirə bilmədiyini düşünən bir xanım bu vəziyyətdə nə qədər haqlı da olsa, həyat yoldaşını günahlandırmağa çalışmamalıdır. Eyni şəkildə xanımının səliqəsiz olduğunu və ya evi təmiz saxlamadığını düşünən bir kişi də ittiham metoduna üstünlük verməməlidir. Çünki bu cür münasibətlə üzləşən tərəf istər-istəməz “müdafiə mövqeyinə” keçir və hadisə daha da böyüyür. Nəticə etibarı ilə ittiham edən tərəf öz məqsədinə nail ola bilmir. Yəni “səliqəsizsən, evə baxmırsan, ancaq özünü düşünürsən” və s. kimi sözlər qarşı tərəfdə əks reaksiyaya səbəb olduğu üçün məsələni həll etmir, əksinə daha da çətinləşdirir. Buna görə də “ittihamedici” sözləri bir tərəfə qoymalı və sizi narahat edən məsələləri yumşaq bir üslubla ifadə etməlisiniz. Məsələn, “səliqəsizsən” əvəzinə, “saçlarını darayanda daha gözəl olursan” deməklə məqsədinizə daha tez nail ola bilərsiniz.
Dünyada başlayan və axirətdə davam edən xoşbəxt bir ailə həyatı qurmaq yəqin ki, hər kəsin arzusudur. Bir də elə ilk gündən sağlam təməllər üzərində qurulan isti bir yuva cəmiyyətdə sağlam fərdlərin yetişməsi deməkdir.
Evlənmək istəyən hər bir insan təbii ki, əvvəlcə öz beynində o ailənin planlarını qurur. Ancaq bu yolda atılan hər bir addım tərəddüdsüz də keçmir. Başqa sözlə, ümidlər artdıqca beyindəki suallar da artır.
Kimisi gələcək həyat yoldaşını ona dünya və axirət səadəti gətirəcək bir qüvvə kimi görür. Onların fikrincə yalnız belə ailələr cəmiyyətə faydalı fərdlər bəxş edə bilərlər. Kimisi də evlənmək arzusunda olsa da, ailədə tərəflər arasında qarşılıqlı anlaşmazlıqlardan ehtiyat edir. Onlara görə, əgər ailə üzvləri bir-birilərini başa düşməkdə çətinlik çəkirlərsə, bu ailənin taleyi də təhlükə altında qalır. Bəziləri isə ailəni iki dünyanın qovuşması kimi başa düşür. Onlara görə, iki müxtəlif dünya arasında ziddiyyət ehtimalı nə qədər yüksək olsa da, ailədə heç kim öz dünyasında tənha qalmamalıdır. Ailə həyatı qurarkən evlənmək istədiyiniz adamın tanış çevrədən olması da çox mühümdür. Çünki belə hallarda gözlənilməz sürprizlərlə qarşılaşmaq ehtimalı da azalır. Sosial-mədəni səviyyələri bir-birinə yaxın olan ailələr də uzunömürlü olurlar. Çünki hər iki tərəf ailə həyatına o vaxta qədər qazandıqları vərdişlərlə başlayır.
Gələcək ailələrdə valideynlərin razılığı da əsasdır. Valideynlərin razılığı olmadan qurulan ailələrdə problemlərin olması da təbiidir. Digər tərəfdən, problemlərin qarşısını almaq üçün hər iki tərəf bir-birilərinin ailələri ilə öz ailəsi kimi davranmalıdır.
İffət, abır-həya, qarşılıqlı hörmət ailənin əsas təməllərindəndir. Yəni ailədə hər kəs öz yerini bilməli, qarşı tərəfdən hörmətini əsirgəməməlidir. Sevgi bəzən ötəri də ola bilər. Ancaq tərəflərin bir-birinə hörmətlə yanaşması, hər birinin öz vəzifəsini qüsursuz yerinə yetirməyə çalışması ailəni təhlükələrdən qoruyar. Sevgi gözəllikdir, ancaq hər şeyi bu müstəvidə həll etmək mümkün deyil. Ona görə də min illərin sınağından çıxmış mənəvi dəyərlərimiz unudulmamalıdır.
Dədə-babadan belə deyiblər ki, ən möhkəm, ən qalın pərdə yaxın adamlar arasında olmalıdır. Yəni çöldə-bayırda kimdənsə xoşun gəlməsə, ortada narazılıq çıxsa, üzünü çevirib gedərsən, məsələ də bununla bitər. Ancaq ailədə üz çevirib getmək, küsmək o qədər də asan iş deyil. Ona görə də köhnə kişilər ər-arvad münasibətlərində abır-həyanın, qarşılıqlı hörmətin birinci yerdə durmasını tövsiyə ediblər. Çünki yaxın bir adamdan qopmaq, ayrılmaq heç şübhəsiz, çox ağırdır. Və bu ağrı-acını yaşamamaq üçün münasibətləri gərək sevgi şıltaqlığı üzərində yox, qəbul edilmiş əxlaq normaları üzərində qurasan.
Bir ərin öz xanımına xoş söz deməsi, könlünü alması təbiidir, ancaq bir ərin öz xanımından, və ya bir xanımın öz ərindən utanması, həya etməsi daha gözəldir. Bu münasibətlər şit, bayağı hallardan qorunmalıdır. Kişi arvadı ilə diz-dizə oturub qonşusunun qeybətini qırmamalıdır. Xanımı ilə hər sözü, hər söhbəti danışmamamalıdır, münasibətlərini təravətli saxlamalıdır. Bu münasibətlərin təzə-tər qalmasında, heç şübhəsiz, qadının da rolu böyükdür. Əgər qadın küçə-bazara çıxmazdan əvvəl özünə saatlarla bəzək-düzək verirsə, evdə isə ərini rəngi bozarmış, xörək iyi gələn xalatda qarşılayıb yola salırsa, təbii ki, gec-tez kişi öz evindən soyuyur. Sonra da fəryadlar yüksəlməyə başlayır: “Daha məni bəyənmir”, “Evdə-eşikdə tapılmır” və s. Yəni özünə və ailəsinə hörmət edən qadın hər şeyin gözəlini, təravətlisini öz ailəsinə həsr etməlidir.
Xülasə, həya, qarşılıqlı ehtiram ailənin xoşbəxtliyi və möhkəmliyi üçün əsasdır. Ailə həyatını həya iqlimində yaşayan ər-arvad yaşları 70-ə çatsa da yeni nişanlanmış kimi bir-birilərini sevər və bir-biriləri üçün darıxarlar. Bizim istədiyimiz də elə bu deyilmi?!
Mənbə: