• 03 Oktyabr 2024

Allahın razı qaldığı nəsil

Uca dinimiz İslam, Allah Təalanın qullarına göndərdiyi son və mükəmməl bir dindir. İslam onu yaşamaq üçün göndərilmişdir.

Bu baxımdan hər müsəlman İslamı düzgün başa düşməli və onu öz həyatında tətbiq etməlidir. İslamı düzgün başa düşmək və onu tam olaraq yaşamaq üçün Peyğəmbərimizin (səs) və Onun şərəfli əshabələrinin həyatlarını öyrənərək onların İslamı necə yaşadıqlarını bilmək lazımdır. Çünki Allah Rəsulunun (səs) və onun əshabələrinin həyatı, bütün müsəlmanlar üçün bir nümunədir.

Uca Allahın, Qurani Kərimdə məth etdiyi, Rəsulullahın (səs) təriflədiyi əshabələrin həyatı tamamiylə iman, ibadət, əxlaq və fəzilət qaynağıdır.  Tarix boyu İslam mücahidləri,  İslama könül verən, İslamı tam mənasıyla yaşamaq istəyən hər bir müsəlman, onların həyatlarını özlərinə nümunə götürmüşlər.

Allah Təala, bəhs etdiyim bu nəsli Qurani Kərimdə bizlərə bu cür təqdim edir:

“Muhəmməd (səs) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların nişanəsi üzlərində olan səcdə yeridir.”[1]

Başqa bir ayədə isə Uca Allah onlar haqqında belə buyurur:

 “(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdır. (Allah) onlar üçün əbədi  qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur. (uğurdur)! ”[2]

Peyğəmbərimizdə (səs) bir Hədisi-Şərifində əshabələrdən olan ənsar haqqında belə buyurmuşdur:

 “Onları ancaq mömin olan kimsələr sevər. Onlara ancaq münafiq olanlar düşmənçilik edər.

Kim onları sevərsə, Allah da o kimsəni sevər. Kim onlara nifrət edərsə, Allah da onlara nifrət edər.”[3]

Allahın və Rəsulullahın (səs) mət etdiyi əshabələr, Allahın rizasını qazanmaq üçün, Allahın dinini yaşamaq və təbliğ etmək üçün, canlarını və mallarını qurban vermişlər. Onlar bu yolda çox işgəncələr çəkmişlər, ac qalmışlar, susuz qalmışlar. Onların bütün həyatı tamamiylə İslamı təbliğ etməklə keçmişdir. Onlar dünya zövqlərini unutmuşdular, öz rahatlıqlarını tərk etmişdilər, İslam uğrunda evlərini, mallarını və vətənlərini tərk edib hicrət etmişdilər. Nəticədə onların bu fədakırlıqları  ilə  İslam bütün Ərəbistan yarımadasına yayılaraq güc və qüvvət qazanmışdır.  

Əshabələrin həyatını öyrəndikdə, onların Rəsulullaha bağlılıqlarını gördükdən sonra, bu gün biz müsəlmanlar  İslamı neçə faiz yaşayırıq, islam uğrunda nəyi fəda edirik və nəyi fəda etməyə hazırıq deyə düşünməyimiz lazımdır. Bizdə onlar kimi Allahın dinini yaşatmaq və təbliğ etmək üçün canımızı və malımızı verməyə hazırıqmı. Bu yolda onlar kimi ac susuz qalmağa, hər cür işgəncələrə məruz qalmağa,  Allahın rizasını, insanların rizasından üstün tutmağa  hazırıqmı. Hz. Əbu Bəkr kimi, din üçün, İslmanın müdafiyəsi üçün bütün var-dövlətimizi İslama bağışlamağa hazırıqmı. Hz. Habbab bin Ərət kimi, müşriklərin verdiyi işgəncələrə, qızğın közün üzərində çılpaq bədənlə yatmağa dözəcək qədər imanımız varmı. Hz. Ömər kimi: Mən səni anamdan da atamdan da daha çox sevirəm ya Rəsuləllah deyə biləcək qədər Peyğəmbər sevgisi varmı. “Anam atam sənə fəda  olsun ya Rəsuləllah “deyən əshabələr qədər fədakarıqmı.

O halda gəlin Allah Rəsulunun (səs) və onun şanlı əshabələrinin həyatlarını yaxşı öyrənək. Onların, Allahın dinini yaymaq üçün çəkdikləri əzab və işgəncələrdən ibrət alaq. Onların Allaha və Rəsulullaha (səs) bağlılıqlarını özümüzə nümunə götürək. Onlar Allahı görürmüş kimi bir həyat yaşayırdılar.

Yazıma Abdulla ibni Ömərin (r.a.) bu sözləriylə son verirəm:

 “Onlar Muhəmmədin (səs) əshabələridir. Müəzzəm Kəbənin Rəbbi olan Allaha and içirəm ki, onlar doğru yoldadırlar. Bunun üçün yolunuzu və əxlaqınızı onların yolları və əxlaqına bənzədin…”[4]     

Vüqar Məmmədov.


[1] Əl Fəth: 29.

[2] Ət- Tövbə: 100.

[3] Buxari, Müslim, Muxtar-ul Əhadis s. 194.

[4] Hilyət-ül Əvlia, Əbu Nuaym, İsfahani c. 1 s. 3005.

Read Previous

QURANİ KƏRİMİ OXUYAN VƏ ONU ƏZBƏRLƏYƏNLƏRƏ NƏSİHƏTLƏR

Read Next

Ölümdən sonrakı həyat