• 27 Dekabr 2024

“Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma!”

Möhtərəm möminlər, bu gün düşüncələrimizdə və danışığımızda iman əsaslarına zidd olan çoxlu məqamlar var. İslamın ruhuna zidd olan bu məqamlar yanlış düşüncənin məhsuludur. Dilimizdə atalar sözü, zərb-məsəl adı ilə işlənən o qədər yanlış və Allah-Təalanın buyurduqlarına zidd deyimlər var ki, bunları cahilliklə izah etmək mümkün deyil, bunlar sanki şeytan akademiyasının “kəşfləri”dir. __
Bildiyiniz kimi, iman Allaha, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, qəza-qədərin Ondan olmasına və Onun axirət gününün Sahibi olmasına inanmaq deməkdir. Bu saydıqlarımıza inanan və inandığını həyatında tətbiq edən kimsə isə mömindir. Ümumiyyətlə, din dedikdə ağla üç əsas təməl gəlir: iman, ibadət və əxlaq. İbadət imanın gərəyi, əxlaq isə onun səmərəsidir, meyvəsidir. Çünki Allaha inanmış insan ibadət edər, Haqq-Təala qarşısında öz vəzifələrini yerinə yetirər, insanlar arasında xeyirli olar, kimsənin haqqını tapdamaz və bu yaşantısı da ibadət halına keçər.
Əziz möminlər, çox təəssüflə qeyd edim ki, yuxarıda da qeyd etdiyimi kimi bu gün düşüncələrimizdə və sözlərimizdə iman əsaslarına zidd olan çoxlu məqamlar var. Məsələn, Allaha iman məsələsindən başlayaq. Allah-Təala Özünü Qurani-Kərimdə tanıdır. Bizim düşüncəmizdəki Allah anlayışının isə Qurandakı Allah anlayışı ilə çox böyük fərqi var.
-Quranda Allah-Təalanın cinsiyyəti haqda heç bir bilgi verilməyib. Bizdə isə bəziləri əsəbiləşəndə “səni o kişiyə tapşırıram” deyir. Bu söz təbiki, böyük günahdır. Bu sözü söyləyən bəlkə də aşağıdakı bu surəni əzbər bilir. “De: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!) Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”
– Başdan ayağı küfr olan digər bir söz var ki, onu atalar sözü kimi təqdim edirlər: “Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma”. Güya bu sözlə ağsaqqalların dəyərini və qiymətini bizə aşılamağa çalışırlar. Halbu ki, qaş düzəldərkən göz çıxamrışlar.

İmanımıza zidd olan başqa bir söz isə belədir:____
– “Yoxdan Allah da bezardır”. Bu söz küfrün, günahın özüdür ki, var. Çünki Allah-Təala istədiyini istədiyi qədər yoxdan var edə bilir. Burada isə Allah-Təalanın olmayan şeydən gileyləndiyindən bəhs edilir.
_- Birisi xətasını etiraf edəndə belə deyir: “Allah ağlımı aldı, mən də bu işi elədim”. Bu sözü deyən kimsəyə belə demək lazımdır: Allah-Təala doğru yolu göstərir, düşünməyi əmr edir, haramdan uzaq durmağı buyurur. Allah-Təala ağıl almır, ağıl verir.Öz xətanı, öz günahını kimin boynuna atmaq istəyirsən?
– Bəzən isə çox danışan adam haqqında belə deyirlər: “Ağzını qoyub Allah yoluna, boş-boş danışır”. Adamın min dəfə “əstəğfrüllah” deməyi gəlir. Allah yolunda olan adam heç boş-boş danışarmı? Boş-boş danışarsa demək ki, Allah yolunda deyil.
Hörmətli möminlər, bu saydıqlarımız hələ bu xətaların və günahların hamısı deyil. Məsələnin ən acınacqlı tətəfi bundadır ki, bütün bu ifadələr atalar sözü, zərb-məsəllər kimi təqdim olunur. Halbuki, bizim ata-babalarımız dindar insanlar olublar, bu sözlərin onlara aid edilməsi bir iftiradır. Bu küfrü uydurmağa cahilin belə ağlı yetməz. Bu, şeytan qədər çox bilmiş düşüncələrin məhsuludur. Düşüncələrimiz korlanıb artıq, haqqı batildən ayıra bilmirik, danışığımızda Allah-Təalaya iftira var.
Mələklər haqqında düşüncələrimizdə də xətalarımız var. Bütün İlahi kitablarda mələklərdən bəhs edilir. Mələklər Allah-Təalanın sadiq xidmətçiləridirlər. Onlarda yemək-içmək, şəhvət hissi yoxdur. Dörd böyük mələk var: Həzrəti Cəbrayıl (ə.s.), Həzrəti Mikayıl (ə.s.), ölüm mələyi olan Həzrəti Əzrayıl (ə.s.), Həzrəti İsrafil (ə.s.). Hər bir mələyin də öz vəzifəsi var. Təbiətdə baş verən hadisələrin hamısı mələklərin iştirakı ilə gerçəkləşir. Amma çox təəssüflənərək ifadə edim ki, bizim mələklər haqqında təsəvvürümüz də doğru-düzgün deyil. Bir çox məsələlərdə, sözlərdə onlar istehza obyektivimizə çevrilirlər. Xüsusilə də ölüm mələyi olan hz. Əzrayıl (ə.s) haqqında. “Əzrayıl kimi başımın üstünü nə kəsdirmisən? Əzrayıl üzünü görsün.” kimi ifadələr heçdə xoş deyil və Allahın o mübarək mələyinə qarşı hörmətsizlikdir.
Əziz müsəlmanlar, Ona görə də ağzımızdan bir söz çıxaranda gərək ciddi-ciddi fikirləşək ki, o sözün mənası nədir, bizə günahmı qazandırar, yoxsa savabmı? Xütbəmə bir ayə ilə son verirəm:
“Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!”

Read Previous

“Ölüyə QURAN oxuyaq?”

Read Next

Yanvar 2016

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.