• 29 Mart 2024

Ariflə alimin fərqi: ELM və İRFAN

3dc8d8b92f8ced08cddec721cf805abd_L
“İrfan” kəlməsi ərəb dilindəki “arəfə-yərifu, ürfun, irfanun” sözlərinin dilimizdə işlənmə formasıdır və mənası tanımaq deməkdir. Ürf, örf də bu kəlmənin məsdəridir və dilimizə adət-ənənə kimi tərcümə olunur. Qəlbin verdiyi bilgiyə irfan, ağlın verdiyi bilgiyə isə elm deyilmişdir. İrfan və ariflik İslam düşüncəsində daha çox sufilərin adı ilə bağlı olmuş, onların işlətdiyi və tətbiq etdiyi bir terminə çevrilmişdir. Belə ki, sufilərin qəlb və kəşf yolu ilə bildiyi bilgilərə irfan, ağıl ilə əldə etdikləri bilgilərə isə elm demişlər. “Arəfə” sözündə görmək, tanımaq, toxunmaq mənası var. “Alimə” ifadəsində isə sadəcə mücərrəd olaraq bilmək var. Beləliklə, arif Allahı tanıyan, alim isə Allahı bilən kimsədir. Arifin bilgisinə eyni zamanda mərifət də deyilir. Elm sahibini hədəfinə addım-addım yaxınlaşdırır. Çünki bilmək istəyən nəfs zamanla, zaman içində və hər pilləkəni bir-bir çıxmaqla məsafə qət edə bilər. Buna rəğmən, bilən, bilmək vasitəsi ilə həqiqət yolunun ancaq bir qismini istər-istəməz uzun bir zaman sərf etməklə qət edə bilər. Beləliklə bilmə (elm) mərhələlərini çıxmaqla çatılacaq mərtəbəyə gəldikdən sonra bu dəfə tanıma (irfan) mərhələrinin da çıxılması lazımdır. İrfan mərhələrinin pillələrini çıxmaq üçün bilik o qədər də faydalı olmaz. Əksinə tələbəyə bu mərtəbədə eşq lazımdır. Buna görə də sufilərdən biri “ öz elminə irfan axtaranlar gəlsinlər”- demişdir. İnsan əmək sərf etməklə alim, eşq ilə tanımaqla arif ola bilər. Çünki bilmək əzmkarlıq və əməyə, tanımaq isə eşqə ehtiyac duyar.

Elm əhli yavaş yavaş və adım-adım pilləkkənləri çıxarkən, eşq əhli isə fərqli və xüsusi bir metodla məqsuduna çatar və orada qalar. Məsələn, elm əhli 30 mərtəbəli binanın 20-ci mərtəbəsinə addım-addım və bir-bir qalxarkən, eşq əhli bu 20 mərtəbəli məsafəni bir anda çıxar. Burada geriyə qalan 10 mərtəbə üçün elm əhlinə eşq, eşq əhlinə elm (düşüncə) lazımdır.

Arifin gördüyünü alim bilir (düşüncə), alimin bildiyini isə arif kimsə görür (duyğu). Bu mövzuda məşhur olan bir hadisə var: Deyilənə görə, İbn Rüşd ilə İbn Ərəbi göruşdükdən sonra İbn Rüşddən İbn Ərəbi haqqında soruşmuşlar. O da “mənim bildiklərimi o görür, onun gördüklərini isə mən bilirəm” demişdir.

Arif sufiliyi ən yaxşı yaşayan vəlidir. Ariflər mütəmadi olaraq Allaha gedən yolun yalnız elmlə olmayacağının, bu yolda tələbəyə irfanın da gərəkli olduğunu söylərlər. Niyazi Misrinin də buyurduğu kimi:

Səvmu-salatu-hac ilə sanma bitər zahid işin,

İnsani-kamil olmaya, lazım olan irfan imiş…

Mənası:

(Oruc, namaz və həcc ilə işinin bitdiyini zənn etmə ey zahid

İnsani-kamil olmaq üçün lazım olan şey irfandır)

İrfan əhli eşq əhlidir. Qəlbini Allahın eşq ilə dolduran kimsələrdir ariflər. Ariflər irfan məktəblərində tələbələrinin qəlblərinə Allah sevgisinin toxumunu əkərlər. Qəlbi ilahi eşqlə dolan tələbəyə artıq ibadət çətin gəlməz. Sevən sevdiyinin yoluna hər şeyini fəda edər. Məxluqata şəfqət və mərhəmət gözü ilə baxar. Ariflər ilahi sevgini müxtəlif metaforlarla ifadə etmişlər. Sufi-şair Avninin də dediyi kimi:

Sanmam tələbi dövləti cah etməyə gəldik
Biz aləmə bir yar üçün ah etməyə gəldik.

Ariflərin ən əsas dərsləri nəfs tərbiyəsidir. Bunun üçün də “nəfsini bilən, Rəbbini bilər” deyilmişdir. Ən böyük hədəfləri tələbələrini nəfsin yeddi mərtəbəsindən keçirərək “kamil insan” mərtəbəsinə gətirməkdir. Öz nəfsi ilə başı dərddə olan sufi seyyid Nəsiminin dediyi kimi “güclü, gücsüz insan yoxdur: cahil insan var, kamil insan var”.

Ümumiyyətlə irfan məktəblərinin əsas hədəfi elm talibi olanları öz həqiqətləri ilə qarşılaşdırmaq, nəfsinin ayıblarını idrak etdirmək olmuşdur. Qeyd etmək lazımdır ki, irfan məktəblərinin özlərinə məxsus təlim-tərbiyə metodu var. Məsələn, zikr, söhbət, çilə çıxarmaq kimi. Tələbənin icazət alması üçün buradakı mənəvi sülukunu tamamlaması lazımdır. Bunun üçün müxtəlif metodlardan istifadə edilmişdir. Mənəvi təlim-tərbiyə irfan ustasının nəzarətində yerinə yetirilir. İrfan yollarının Quran və Sünnəyə istinad etməsi şərtdir. Məsələn, üzlətdə bir tələbənin öz nəfsi ilə 40 gün yalnız qalaraq çilə çıxarması kimi bir tərbiyə metodu (buna ərbəin deyilir) var ki, bunun əslinin Allah Rəsulunun (s.ə.s.) uzun müddət Hira mağarasına çəkilərək təfəkkür etməsindən alındığı söylənir. İrfan yollarında silsilətüz-zəhəb (qızıl zəncir) vardır ki, Allah Rəsuluna (s.ə.s.) qədər uzanan şeyxlərin icazətini göstərən bir zəncirdir. Beləcə irfan ustası olmağa haqq qazanan şeyx bu silsilədən icazə almış olur. İrfan ustalarının əsas məqsədi zahir-batin bütünlüyünü təmin etməkdir. İrfan məktəblərinin toplumda birliyin, bərabərliyin, milli kimliyin qorunmasında əhəmiyyəti böyük olmuşdur. Habelə cəmiyyətdə meydana gələn kin-kudurətin, özünü bəyənmişliyin (eqoizm), qürürun ortadan qaldırılmasında, yerinə xoşgörülüyün, sevginin, məhəbbətin, təvazökarlığın gəlməsində rolu böyük olmuşdur.

Vüqar Səmədov

(ilahiyyat üzrə fəlsəfə doktoru)

sunna.az

Read Previous

Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” elan olundu

Read Next

Ölümün ürküdücü ağırlığı “ Son Nəfəs”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.