• 27 Dekabr 2024

Ateizm və Deizm

“Deizm” latın dilində “tanrı” mənasını verən “deus” sözündən törəmişdir. Bu söz yunan dilində “tanrı” mənasındakı “theos”dan gələn ilahi terminlə eyni lüğət mənasında işlədilir. Ancaq XVI əsrdən bəri xristian dünyasında başlayan fəlsəfi və teoloji mübahisələr nəticəsində “teizm” termini ortodoks inancının müdafiəçiləri üçün, deizm isə ənənəvi inanclardan yayınanlar üçün istifadə edilmişdir.

Əvvəllər ateizmlə eyniləşdirilən deizm, heç bir dinə bağlanmadan Allahın varlığını qəbul etmək, ancaq bilik və iradə kimi xüsusiyyətlərini inkar edərək Yaradanın aləm üzərində təsir və ya hikmətə sahib olmadığına inanmaqdır. Eyni zamanda Deizm bir dinin, tanrının varlığı istisna olmaqla, nübüvvətini, bütün etiqad prinsiplərini və axirəti inkar edən fəlsəfi bir düşüncə sistemidir. Deist hərəkatı xristianlığın əsassız və batil hesab edilən ünsürlərdən təmizlənməsi istiqamətində dini tənqid hərəkatı kimi təsvir edilə bilər.

Yaranma tarixinə baxdığımız zaman deizm və ateizm düşüncəsinin çıxış yeri Qərb olmuşdur. Orta əsrlərdə xristian dünyasının yaşadığı teoloji böhran və Qərb sivilizasiyasına xas tarixi şərtlərin bəhrəsi olan deizm düşüncəsinə orta əsr İslam düşüncəsində rastlanmamaqdadır.   İslam inancının prinsiplərinə əsasən Allah yaradıcılığı, elmi, hikməti və lütfü ilə hər an dünyaya müdaxilə edən ən üstün varlıqdır. Bu ali varlıq, zəruri hallarda möcüzələr yaratmaq üçün səltənətin qanuniliyini dəyişdirə bilər. Buna görə Yaradan ilə dünya arasındakı  yaradan-yaradılan əlaqəsi, deizmdə olduğu kimi bir dəfəyə məxsus bir ünsiyyət deyildir. Allahı dünyadan və insandan uzaqlaşdıran transsendensiya haqqında yanlış bir anlayışa sahib olan deist iddianın əksinə olaraq Allah “göylərin və yerin nurudur” (ən-Nur 24/35) və “insana şah damarından daha yaxındır”.(Qaf 50/16)

XVIII əsr maarifçiliyinin əsas xüsusiyyəti dünyəvi dünyagörüşü tam şüurla bərqərar etməsi və bu dünyəvi görüşü həyatın bütün sahələrində ardıcıl şəkildə həyata keçirməyə çalışmasıdır. Qərbləşmə prosesi və tanrının müstəqilliyini vurğulayan dünyəvi anlayış bu dövrdə başlamışdır. Deizm orta əsrin fikir, inanc və Qərb sivilizasiyasına xas xristianlığın yaşadığı teoloji böhranın məhsuludur. Belə ki, renessans dövründə modern təfəkkür xristian dünyasında Hz. İsa, Hz. Məryəm, Cəbrayıl (a.s) kimi insan və mələyə ilahi vəsf yükləmələrinə qarşı çıxmış, kilsə   iddialarını rədd etmişdir. Katolik kilsəsi bu səbəblə modern mütəfəkkirləri və düşüncələrini aforoz etmiş, onların dini inanclarını keçərsiz saymışdır. Bu qarşıdurmaya qarşılıq intibah dövründə inkişaf edən təfəkkür düşüncələri Allahı rədd etməməklə birlikdə, kilsə düşüncəsinə qarşı çıxmış, eyni zamanda ateistlərdən ayrılmaq üçün “deist” terminindən istifadə etmişdir. Deizm hərəkatı Qərbdə xristianlığın xurafat inanclarını rədd edən insanlar tərəfindən irəli sürülmüş və buna görə dindən xaric edilmişdir.

Deizmdə ibadət və dini ayinlərin olmaması səbəbindən gündəlik həyatda ateist və deistlər arasında praktik fərq yoxdur. Digər marjinal yanaşmalar kimi, deizm hərəkatı da müasir dövrdə geniş kütlələrin düşüncə və həyat tərzinə çevrilmişdir. Bu gün dinin anlaşılmazlığı və yanlış anlaşılması nəticəsində din əleyhinə cərəyanların xüsusən də gənclər arasında xeyli artdığını, xüsusilə mənəvi dəyərlər sisteminə qarşı diqqətsiz və hətta uzaq bir dünyagörüşünə meylli olduqlarını görürük. Bu düşüncələrin təsiri ilə digər dinlər kimi İslamda da elmlə ziddiyyət təşkil edən, ağıla zidd prinsiplərin olduğunu, insana azadlıq vermədiyini, insanlığa laqeyd yanaşdığını və beləliklə də, İslam dünyasının geridə qaldığını iddia edən anti-dini görüşləri müdafiə edirlər. Bu iddianı irəli sürənlər anti-İslamçılığın təsirində, İslam haqqında kifayət qədər biliyə sahib olmayan mühitdə böyüyənlərdir.

Bütün sıxıntı və problemlərin təməli İslamın ümumbəşəri prinsiplərindən uzaqlaşmaqdır. İslam dünyası ilə əlaqəli bu səbəbləri belə sadalamaq olar: feodal yanaşmalar, idarəedilmə, zəif tələb-ərz tarazlığı, meyar təyin edə bilməmək, üslub problemi, keyfiyyətsizlik, ixtisaslaşmanın olmaması, kollektiv şüurun olmaması, məntiqi düşüncədə səhvlər və s. Qərbdə meydana gələn deizm düşüncəsi bu gün İslam coğrafiyasına üz tutmuşdur. Özünü bəyənmişlik, nəfsi təhrik edən reklamlar, lüks və israfı qamçılayan moda, milli və dini şüurdan uzaq televiziya proqramları, gənc nəslə yönəlik yanlış təlqin və yönləndirmələr insanı ilahi duyğu cizgisindən uzaqlaşdırır. Nəticə etibariylə insan qayə və amalı bir-biri ilə qarışdırır. Həyat zövq üçün yemək və içməkdən ibarət olur, ürəklər dünyanın əsirinə, ruhlar şəhvətli istəklərin quluna çevrilir. Bu kimi amillər insanlığı fərdi və ictimai böhranlara sürükləyir.

Buna müqabil olaraq Allah-Təala Qurani-Kərimdə belə buyurur: “İnsan başıboş buraxılacağınımı zənn edir?”  (əl-Qiyamə, 36) “Biz göyləri və yeri bir oyun-əyləncə olsun deyə yaratmadıq!”. Deizm gənclər arasında ilk baxışda aldadıcı yönləriylə xarizmatik bir görünüş sərgiləmiş olsa da, içi boş və tutarsız olduğu kimi sonu da xüsrandır. Halbuki Allahın insana din göndərməsi insanı yaratmasının gətirdiyi tutarlı bir nəticədir.

Nizami ƏFƏNDİYEV – İrfan Jurnalı

Read Previous

Kişilər ağlamaz

Read Next

Osman Nuri TOPBAŞ – HACI SƏLİM ƏFƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.