• 23 Dekabr 2024

Ayə və hədislərlə ramazan

“Kim fəzilətinə inanaraq və qarşılığını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa keçmiş günahları bağışlanar.” (Buxari, İman, 28, Savm, 6; Müslim, Siyam, 203)

 Ayə və hədislərlə ramazan və oruc

Möminlər hər cür ibadət və saleh əməl kimi ramazan orucunu da Uca Allahın haqqı və qulların vəzifəsi olaraq görər və yerinə yetirməyə çalışarlar. Onlar üçün ramazan ayı və orucu Uca Yaradana yaxınlaşmağın ən gözəl və bərəkətli vasitələrindən biridir. Qurani-Kərimdə on bir ayın sultanı ramazan orucu haqqında belə buyurulmuşdur:

İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir…” (Bəqərə 2/185)

Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (Bəqərə 2/183)

Ramazan İslamın rəmzidir

Ramazan ayı və orucu Allahın buyruqlarındandır. Allahın buyurduqları isə Ona ibadətə səbəb olan, insanların haqqlarında sayğıya dəvət edildiyi Quran, Kəbə, peyğəmbər, namaz, oruc, əzan və məscidlərdir. İslamın əlamətlərindən olduğuna görə möminlərin ramazan və oruca olan hörməti başqa cürdür. Quranda da “(Ey insanlar! Sizə əmr etdiyim) budur. Və hər kəs Allahın mərasiminə (həcc əməllərinə, yaxud qurbanlıq heyvanlara) hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındadır (Allahdan qorxmasındadır).” (Həcc 22/32).buyrulmuşdur.

Ramazan və Allahla münasibət

Ramazan ayı və orucunun maddi-mənəvi, fərdi-ictimai cəhətdən bir çox faydaları olsa da hədisdə də bildirildiyi kimi möminlər onu yalnız Allahın əmri olduğu və nəticədə onun rizasına qovuşdurduğu üçün tuturlar. Necə ki, Peyğəmbərimiz (s.ə.s.) qüdsi hədisdə ramazan orucu ilə əlaqəli Allahın belə buyurduğunu bildirir:

Oruc xaricində insanın bütün əməlləri özü üçündür. Oruc isə mənim üçündür və mükafatını da mən verəcəm.” (Buxari, Savm, 9; Müslim, Siyam, 163).

Peyğəmbərimiz (s.ə.s.) ramazn ayı və orucunun Allaha yaxınlaşdırması və fəziləti haqqında ümmətinə belə səslənir:

Oruclu mömin üçün sevinəcəyi iki an (vaxt) var: biri iftar etdiyi vaxt, digəri də orucunun savabı ilə Rəbbinə qovuşduğu vaxtdır.” (Buxari, Savm, 9; Müslim, Siyam, 163)

Məhəmmədin canı qüdrət əlində olan Allaha and olsun ki, oruclunun ağız qoxusu Allah qatında müşk qoxusundan daha gözəldir.” (Buxari, Savm, 9; Müslim, Siyam, 163)

Müxtəlif ayə və hədislərdə bildirildiyi kimi ramazan ayı möminlərin ibadətlərinin birə on, birə yeddi yüz və Allah istərsə sonsuz savabla mükafatlandırıldığı sürpriz və lütflər ayıdır.

Orucda ixlas və səmimiyyət çox əhəmiyyətlidir. İnsan oruc tutarkən ixlas və səmimiyyət içərisində olmalı, yəni onu Allahın özünə ərmağan etdiyi hədiyyə kimi qəbul etməli və qətiyyən oruca Rəbbin rizasından başqa şey qarışdırmamalıdır. Əlavə olaraq həmişə “orucumu tam tuta bilmədim, onu haqqıyla əda edə bilmədim, Ramazanın haqqını verə bilmədim” deyə düşünməlidir.

Ramazan və əzaların (üzvlərin) orucu

Bütün il və ömür boyu gözəl örnək olan Ramazanda möminlərdən istənilən birinci qəlb, ruh və başqa duyğular olmaqla maddi-mənəvi bütün sistem və orqanları ilə oruc tutulmasıdır.

Əllər harama uzanmaqdan, ayaqlar harama yeriməkdən, dil yalan, qeybət və dedi-qodudan, qulaqlar haramı dinləməkdən, gözlər harama baxmaqdan, düşüncə haramı xəyal etməkdən və bütün əzalar haramlardan uzaq tutularaq orucun haqqı verilməlidir. Peyğəmbərimiz (s.ə.s.) və səhabələrin orucu kimi oruc ancaq bu şəkildə mümkündür. Mövzu haqqındakı örnək hədis belədir:

Kim yalan danışmağı və yalanla iş görməyi tərk etməzsə, Allah həmin şəxsin yemək-içməyi buraxmasına (ac qalmasına) qiymət verməz.” (Buxari, Savm, 8; Əbu Davud, Savm, 25).

Ramazan ayından istənilən nəticəni əldə etmək və “əfsuslar olsun” xitabına məruz qalmamaq üçün insan özünü yemək-içməkdən qoruduğu kimi, bütün üzvlərini də haramlardan və namünasib şeylərdən uzaq tutmalı, bədən və ruhunu Quran, söhbət, təfəkkür və ibadətlə məşğul etməlidir. Belə bir oruc – Allahın izni ilə – insanı aludə olduğu zərərli vərdişlərdən uzaqlaşdırar.

Ramazan və nəfs tərbiyəsi

Ramazan orucu insana səbir və dözüm öyrədir. Nəfsin acizliyini və güclüzlüyünü insana xatırladır. Oruc nəfsi nəzarət altında saxlayaraq iradəni möhkəmləndirir. Bütün mənəvi duyğular oruc vasitəsilə paklaşaraq güclənir.

Ramazan ayı yemə, içmə, yatma kimi nəfsin arzu etdiyi şeylərə qarşı necə rəftar etməyi, nəfsani istəklərə qarşı qəlb, ruh və vicdan atmosferinə sığınaraq davamlı istiqamət üzrə hərəkət etməyi öyrədir.

Peyğəmbərimiz (s.ə.s) orucun insanı pisliklərdən qoruduğunu və oruclunun necə hərəkət edəcəyini belə xəbər verir:

Oruc günahlara qarşı bir qalxandır. Sizdən biriniz oruc tutduğu zaman pis söz söyləməsin və dalaşmasın. Əgər biri özünə söyər və ya sataşarsa: “Mən orucluyam” desin.” (Buxari, Savm, 9; Müslim, Siyam, 163).

Ramazan və şükür

Oruc insanı nemətlərin qədrini bilməyə və onlara şükür etməyə təşviq  edir. Gündüz yeməklərə əl uzada bilməyən oruclu insan, özünün bu nemətlərin həqiqi sahibi olmadığını və onları nəsib edənin Allah olduğunu anlayır. Bunun sayəsinə mənəvi olaraq şükür etmiş olur.  Beləcə oruclu kimsəyə şükür qapıları açılır.

Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir, (hər şeyi) biləndir!”(Nisa 4/147).

Ramazan bağışlanma ayıdır

Ramazan məğfirət və rəhmət ayıdır. “Ramazanın əvvəli rəhmət, ortası bağışlanma və sonu da cəhənnəmdən qurtuluşdur.” (İbni Əbid-Dünya) Allah rizası üçün oruc tutan bəxtiyar müsəlmanlara Allah əlavə savab əta edər. Buna işarə edən bəzi hədislərdə Peyğəmbərimiz (s.ə.s) belə buyurur:

Ramazan ayı girəndə cənnət qapıları açılar, cəhənnəm qapıları bağlanar və şeytanlar zəncirə vurular.” (Buxari, Savm 5; Müslim, Siyam, 1-5)

Allah, rizası üçün bir gün oruc tutan bir qulunu cəhənnəmdən yetmiş mövsümlük məsafə uzaqlaşdırar. ” (Buxari, Cihad, 36; Müslim, Siyam,167-168).

Bu aya çatıb də özünü bağışlatmağa çalışmamaq böyük bir itkidir.

Ramazan Quran ayıdır

Quranın ramazanda endilirmiş olması bu ayın qiymətini artıran əsas səbəblərdəndir. Ramazan Quran ayıdır. Peyğəmbərimiz (s.ə.s) bu ayda daha çox Quran oxumuşdur. Bizə düşən də Quranı mənasını düşünərək, təfəkkürlə oxumaqdır. Allah dostları Quranı Peyğəmbərimizdən (s.ə.s) öyrənirmiş kimi, ayələr yeni nazil olurmuş kimi oxumağı tövsiyə edirlər.

Hədislərdə bildirildiyinə görə Allah Rəsulu (s.ə.s) və Həzrət Cəbaril ramazan ayında Quranı qarşılıqlı müqabilə şəklində oxuyurdurlar. Allah Rəsulu (s.ə.s.) Quran ayələrini Həzrət Cəbrailə oxuyar, sonra da onun oxuyuşunu dinləyərdi.

Quran ramazanda endiyinə və bu ayda onu oxumaq daha fəzilətli olduğuna görə möminlər ramazan ayında məscidlərdə, evlərdə müqabələ və xətmlər oxumağı adət halına gətiriblər. Mənəviyyat böyükləri Quranı hər ay bir dəfə xətm etməyi ona qarşı vəfa borcu kimi qəbul etmişlər.

Ramazan və dua

Quranda diqqəti çəkən məqamlardan biri ramazan ayı və orucundan bəhs olunan ayələrdən sonra dua ayələrinin gəlməsidir. Allah möminlərə Ramazan və orucu bildirəndən sonra belə səslənir:

(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” (Bəqərə 2/186)

Biz də əllərimizi açıb daim Ona dua etməliyik. Dua edərkən daha çox istəməli yaxınlarımızdan başlayaraq, inanların və bütün insanlığın xeyir və səadətini diləməliyik. Bu mövzudakı hədisdə belə buyrulmuşdur: “Allah Ramazanın hər gecəsində üç dəfə belə səslənər “bir istəyi üçün dua edən yoxdurmu ona istədiyini verim? Tövbə edən yoxdurmu tövbəsini qəbul edim?””(Beyhəqi)

Allah Ramazanın hər gün və gecəsində cəhənnəmlik olan bir qrup insanı bağışlayar. Bundan əlavə Ramazanın hər gün və gecəsində hər müsəlmanın qəbul olunası bir duası var.” (Müsnədi-Bəzzar)

Ramazan və təravih

Peyğəmbərimiz (s.ə.s) bir hədisində təravih namazının önəmini belə bildirir:

Kim inanaraq və savabını Allahdan umaraq Ramazan namazını (təravihi) qılarsa (əda edərsə) onun keçmiş günahları bağışlanar.” (Səhih Buxari, Səhih Müslim)

Təravih namazı Hənəfi, Şafei, Hənbəli məzhəblərinə görə iyirmi rükətdir. Maliki məzhəbində isə iyirmi və otuz altı olması haqqında iki fikir var. Gücü, qüvvəti yerində olan möminlər təravih namazının mütləq iyirmi rükət qılmağa çalışmalıdırlar.

Ramazan və qədir gecəsi

Ramazan ayının bütün gecələri dəyərlidir. Amma son on günün yeri tamam başqadır. Həzrət Aişə (r.anha) nəql edir:

Ramazan ayının son on günündə Rəsulullah (s.ə.s.) gecələri ehya edər, ev əhlini yuxudan oyadar, özünü tamamilə ibadətə həsr edərdi.” (Buxari, Leylətul-Qədr, 5; Müslim, Etiqaf, 7)

Hədislərdə bildirildiyinə görə Qədir gecəsini ramazan ayının son on gecəsində, bir rəvayətə görə isə son on günün tək gecələrində axtarmaq tövsiyə edilmişdir. Min aydan daha xeyirli olan qədir gecəsinə nail olmaq bütün inananların hədəfidir.

Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir!” (Qədr 97/3)

Ramazan və Rəyyan qapısı

Hədislərdə cənnətin səkkiz qapısının olduğundan bəhs olunur və möminlərin müxtəlif qapılardan cənnətə girəcəkləri bildirilir.

Cənnətdə rəyyan adlı bir qapı var ki, qiyamət günü ordan ancaq oruclular girəcək. Onlardan başqa heç kim girə bilməyəcəkdir.” (Buxari, Savm, 4; Müslim, Siyam, 166)

Ramazan və xeyriyyəçilik

Ramazanda möminlər bir-birlərini və xüsusilə də kasıbları, tələbələri iftar və sahur süfrələrinə dəvət edərlər.

Rəsulullah (s.ə.s) insanların ən comərdi idi. Onun ən comərd olduğu anlar Ramazanda Həzrət Cəbraillə görüşdüyü vaxtlar idi. Cəbrail ramazanın hər gecəsində Peyğəmbərimizlə (s.ə..s) görüşər, qarşılıqlı Quran oxuyardılar. Buna görə Rəsulullah (s.ə.s) Cəbrail ilə görüşəndə xeyir gətirən bərəkətli küləkdən daha comərd davranardı.” (Buxari, Savm, 7; Müslim, Fəzail, 48, 50)

Möminlər adətən zəkatlarını bu ayda verir, Allah üçün sədəqə verərkən Allah Rəsulunu (s.ə.s) nümunə götürürlər.

Ramazan və orucluya iftar verməyin fəziləti

Ramazanın xeyir vəsiləsi olmasının bir ünvanı da iftar süfrələridir. Peyğəmbərimiz (s.ə.s.) və səhabələrin də süfrələri qonaqsız olmayıb.

Kim bir orucluya iftar verərsə (etdirərsə) orculu qədər savab qazanar. Oruclunun savabından da heç nə əskilməz.” (Tirmizi, Savm, 82; Nəsai, Cihad, 44; İbn Macə, Siyam, 45)

Bir hədisdə bildirildiyinə görə Allah Rəsulu (s.ə.s.) bir gün Sad ibn Übadənin yanına gəldi. Hz. Sad dərhal Hz. Peyğəmbərə bir parça çörək və zeytun verdi. Peyğəmbərimiz (s.ə.s) bunları yeyəndən sonra belə dua elədi:

Evinizdə həmişə oruclular iftar eləsin, yeməyinizi yaxşılar yesin, mələklər də duaçınız olsun!” (Əbu Davud, Ətimə, 54; İbn Macə, Siyam 45)

Ramazan və sahur

Ramazan orucunu sahur edərək tutmaq sünnədir. Sahur və iftarlarda uşaqların da olması məsləhətdir.

Sahura qalxın, çünki sahur yeməyində bərəkət vardır.” (Buxari, Savm, 20; Müslim, Siyam, 45)

Bizim orucumuz ilə Əhli-kitabın orucu arasındakı ən önəmli fərq sahur yeməyidir.” (Buxari, Siyam, 46)

Ramazan və etiqaf

Özünü Allaha təslim etmək sayılan etiqat Peyğəmbərimizin (s.ə.s.) ömrünün sonuna qədər davam etdirdiyi sünnətidir. Hədisdə belə bildirilir:

Rəsulullah (s.ə.s) Ramazanın son on günündə etiqafa çəkilərdi.” (Buxari, Etiqaf, 1; Müslim, Etiqaf, 1-4)

Nəticə olaraq

Hər yönüylə tamamilə xeyir-bərəkət və rəhmət olan ramazan ayı və oruc ibadəti bütün il üçün ən gözəl örnəkdir. Allah istəsəydi on iki ay oruc tutmağı bizə əmr edərdi ki, bu Onun haqqıdır. Fəqət O, digər ibadətlərdə də olduğu kimi qullarına qarşı mərhəmətli davranmış və ramazandan sonra da eyni mənəvi atmosferin qorunmasını istəmişdir. Ramazan ayı və orucu ayədə belə bildirilir:

“...Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər”(Bəqərə 2/185)

Allahım! Biz aciz və Sənə möhtac bəndələrinə ramazanın ruhunu hiss etdir və bizi bu səbəblə məğfirət və mərhəmətə nail olanlardan eylə! Amin.

Mənbə: mənəviyyat.az

Read Previous

Ramazan Və Oruc

Read Next

İftar duası