• 23 Dekabr 2024

Ramazan Və Oruc

Bu ayda cəhənnəm qapıları bağlanıb, cənnət qapıları açılır. Bu ayda şeytanlar zəncirlə bağlanır. Bu ayda rəhmət, məğfirət və bərəkət vardır. Bu ayda min aydan daha xeyirli olan mübarək qədir gecəsi  vardır. Bu ayda günahların bağışlanmasına vəsilə olan oruc ibadəti vardır. İnşallah bu ramazanda da həmişə olduğu kimi, heç bir üzrü olmayan müsəlmanlar oruc tutacaqlar. Orucun mənəvi zövqünü və sevincini hiss edəcəklər. Çünki, Peyğəmbərimiz (səs)  bir Hədisi-Şərifində belə buyurur:

     “Oruclunun iki sevinci vardır. Biri iftar etdiyində, biridə Rəbbinə qovuşduğunda. ”[1]

     Oruc ibadətində sırf Allah üçün ac qalmanın mənəvi zövqü böyükdür. Bu ayda oruc tutan müsəlmanlar iftar etdikdə: “Allahım sənin rizan üçün oruc tutdum, sənin verdiyin ruzi ilə orucumu açdım.” deyərək orucun mənəvi zövqünü dadacaqlar. Oruc ibadətində, Allahın əmrini yerinə yetirərək ona təslim olmanın sevinci vardır. Hər zaman zövqlə içdiyimiz suyu oruclu olduğumuzda içə bilmirik. Çox sevdiyimiz ləzzətli yeməkləri yeyə bilmirik. Bütün bunlar, bizim başı boş olmadığımızı, bizi yaradanın əmri ilə  hərəkət etdiyimizi, Yaradana qul olmağımızı göstərir.  

 Bir ayədə bildirildiyi kimi yalnız biz müsəlmanlara deyil bütün xalqlara fərz olan oruc, insan üçün maddi və mənəvi yöndən son dərəcə əhəmiyyətli bir ibadətdir. Oruc tutan bir kimsə öz nəfsi  ilə mübarizə apararaq onu ac tutmaq, bəzi istəklərini yerinə yetirməməklə onu tərbiyə edir. Oruclu olan kimsə mümkün  qədər günahlardan daha çox çəkinir. Qəlb qırmaqdan, pis söz söyləməkdən, qeybət etməkdən, yalan danışmaqdan çəkinir. Oruc tutan kimsədə, xeyirxahlıq, mərhəmət və şəfqət duyğuları daha da artır.  Çünki, ac qaldığımız üçün aclığın nə demək olduğunu daha yaxşı başa düşürük. Çox tox insanlar vardır aclığın nə olduğunu bilmədikləri üçün, yoxsulların necə aclıq sıxıntısı çəkdiklərini anlaya bilmirlər. Ancaq oruc tutaraq ac qalan insan aclığın nə olduğunu yaxşı başa düşür. Aclığın nə olduğunu anlamaq, yoxsulların və kasıbların halını anlamaq, onlara yardım etmək duyğusunun artması deməkdir.

  Oruc ibadəti eyni zamanda bizi səbirli olmağa alışdırır. Həyatın bütün çətinliklərinə qarşı iradəli olmağı öyrədir. Oruc, müsəlmanı nəfis və şeytan ordularının hücumundan qoruyan bir qalxandır.

    O halda oruc tutan mömin; Yalnız səhərdən axşama qədər yeməyən, içməyən deyil, bütün varlığı ilə Allaha təslim olan həqiqi müsəlman deməkdir. Eləcə də Peyğəmbərimiz (səs) bir Hədisi-Şərifində belə buyurur:

   “(Oruclu olduğu halda) kim pis sözləri, pis işləri buraxmazsa Allah Təalann onun yeməsini və içməsini tərk etməsinə ehtiyacı yoxdur.”[2]

     Başqa bir Hədisi-Şərifdə isə belə buyurulur:

   “Çox oruc tutanlar vardır ki,  orucunun ona aclıqdan başqa heç bir faydası yoxdur. Və yenə gecələrini çox ibadətlə keçirənlər var ki, yuxusuzluqdan başqa bu ibadətin onlara heç bir faydası yoxdur.”[3]

     Bu Hədisi-Şəriflərə görə yalnız yeməmək və içməməklə oruc tutulmuş olmur. Yalnız əyilib qalxmaqla namaz qılınmış sayılmır. Oruc tutan, namaz qılan kimsənin eyni zamanda hər cür pislikdən, riyadan uzaq qalması lazımdır. Dilindən pis sözlər əskilməyən, yalan danışmağı tərk etməyən, haramlardan çəkinməyən kimsə bütün il boyu yeməsə, içməsə belə həqiqi oruc tutmuş sayılmaz.

     Əlində imkanı olduğu halda xeyirli işlər görməyən, yeyəcək və geyimə ehtiyacı olan yoxsullara yardım əlini uzatmayan kimsə, aylarla ac-susuz qalsa belə həqiqi oruc tutmamış deməkdir.

   Bunun üçün  gəlin oruclarımızı ixlas və səmimiyyətlə  tutaq. Orucun savabını azaldacaq əməllərdən uzaq duraq. Orucu, tibbi faydası olduğu üçün deyil,  Allah əmr etdiyi üçün, sırf onun rizasını qazanmaq üçün tutaq. Unutmayaq ki, Allah rizası olmayan heç bir işdə xeyir yoxdur.        

   Uca Allah, ramazan ayını sizə və bütün dünya müsəlmanlarına xeyirli və mübarək etsin! Uca Allah, bu ayda tutacağımız orucları qəbul etsin!

Müşfiq Xəlilov.


[1] Buxari, Müslim, Tac, c. 2. s. 46.

[2] Buxari, Əbu Davud, Tirmizi, Nəsai, Ət Tac c. 2 sh: 61.

[3] İbni Macə, Əhməd Hakim, Tac, c. 2, s. 61.

Read Previous

Ramazan ayının fəziləti

Read Next

Ayə və hədislərlə ramazan