• 27 Dekabr 2024

Bakıda müsəlman aləminin ilk qız məktəbinin açılmasından 112 il ötür

26687Azərbaycanın XX əsr siyasi-ictimai və mədəni həyatında ömrünün sonunadək təmənnasız olaraq xidmət göstərən, millətin inkişafı yolunda fiziki və mənəvi gücünü, var-dövlətini əsirgəməyən böyük oğullardan biri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin deputatı, milli azadlıq hərəkatının üzvlərindən biri – Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev idi. O, müstəmləkə altında yaşayan, hər cür tərəqqiyə, inkişafa səbəb olacaq vasitələrdən məhrum edilmiş millətinin irfanı üçün çalışır, vuruşur, dövrün ziyalıları ilə birgə çıxış yolları axtarırdı. Yaxşı bilirdi ki, müsəlman-tatar adlandırılan millətinin tərəqqisi, gömüldüyü zülmətdən qurtulması üçün maarif, mədəniyyət, mətbuat, qəzet, dərgi, məktəb, təhsil lazımdır, bu millətin işıqlı gələcəyi elmdədir. Bu işığı isə yalnız millətin öz övladları yandıra bilər. Beləliklə, bu işıq 112 il öncə Tağıyevin Bakıda min bir əzab-əziyyətlə açdığı Müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbindən başladı.

XX əsrin əvvəllərində bütün maneələrə baxmayaraq Hacının maddi və mənəvi dəstəyi ilə maarifi və milli mədəniyyəti təbliğ edən, yayan cəmiyyətlərin, xeyriyyəçi təşkilatların, ittifaqların fəaliyyətləri çoxalır, öz hesabına onlarla azərbaycanlı gənci Rusiya və başqa diyarlarda ali təhsil almağa göndərirdi. Onun bu sahədə gərgin fəaliyyəti çox keçmədən Azərbaycanda milli özünüdərkin dirçəldilməsinə təkan verdi. Bundan başqa o, neft maqnatı kimi ad çıxarsa da, iqtisadiyyatın başqa sahələrinə də maraq göstərirdi. Bu maraq ilk növbədə Azərbaycan sənayesini inkişaf etdirmək, həmvətənləri üçün iş yerləri açmaq idi. Bu mövqedən çıxış edərək Tağıyev böyük balıq sənayesi, dəyirman, toxuculuq fabriki, ticarət mərkəzi kimi obyektlər açır, insanları, xüsusən kasıbları işlə təmin edirdi.

Nisbətən də olsa ölkədə baş verən dirçəliş birtərəfli qaydada idi, qızlar təhsildən, tərəqqidən tamamilə kənarda qalırdı. Xaricdə oxumağa gedən gənclər öz millətinin qızı ilə deyil, əcnəbilərlə evlənir, nəticədə bunun da millət üçün faydası olmurdu. Hacının əsas hədəfi qızlar üçün məktəb açmaq, azərbaycanlı qızlarının elmə-təhsilə vaqif olmasına çalışmaq idi. Ölkə bir tərəfdən çar Rusiyasının müstəmləkəsindən əziyyət çəkirdisə, digər tərəfdən də daxildəki qaragüruhçu dindarların, cahillərin təhsilə, elmə, irfana həqarətlə baxması onun əl-qolunu bağlayırdı. Belə bir cəmiyyətdə qızlara məktəb açmağın nə demək olduğunu yaxşı bilən Hacı bu barədə müdrikcəsinə düşünürdü. “Bunu mən etməsəm, kim edəcək, bu biçarə millətin gələcəyin mən düşünməyim, o düşünməsin, kim düşünsün? Alacağım zərbə nə qədər ağır olsa da, mən bu işə başlamalıyam” – deyib məqsədinə doğru gedirdi.

Şərq dünyasının ilk mesenatı Tağıyev millətin tərəqqisində qadının rolunu düzgün qiymətləndirərək xalqa müraciət etdi: “Cəmaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir, gözləri açılar, külfətlə rəftarları xoş olar. İngiltərəyə, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımızın hərəsi oralardan qollarına bir arvad keçirib gətirirlər. Çünki öz qızlarımızla məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan doğulan uşaqlar da, özü-özünə olurlar, mürtəd və bütün varidatımıza vərəsə çıxırlar. İş belə getsə ata-baba ocağı qalacaq Quransız, namazsız, şəriətsiz”.

Bakıda qız məktəbi açmaq istəyən Hacı Zeynalabdin Tağıyev əvvəlcə imperator III Aleksandrdan icazə istəsə də mənfi cavab alır. II Nikolay taxta çıxanda Hacı yenə cəhd edir. 1895-ci ildə Nikolayın tacqoyma mərasimində Zaqafqaziya müsəlmanlarını təmsil edən Hacı Zeynalabdin Tağıyev fürsəti fövtə vermir, çarın xanımı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə bağışlayır və Bakıda onun adına qız məktəbinin açılmasını xahiş edir. Bu dəfə ox hədəfə dəyir. 1896-cı ildə şifahi, 2 il sonra isə rəsmi razılıq alan Tağıyev ilk növbədə məktəb binası üçün müvafiq yer seçilməsinə və inşasına diqqət yetirir. Lakin daxildəki düşmən qüvvələr yenə də bu iman və irfan insanına mane olmağa çalışırlar. Naəlac qalan Hacı qaragüruhçuların hədə-qorxularına son qoymaq üçün Məkkəyə, Mədinəyə, Kərbəlaya, Xorasana, İrana, İstanbula nümayəndələr göndərir. Onlar getdikləri şəhərlərin rəsmi din xadimlərindən imzalanmış və möhürlənmiş sənəd gətirirlər ki, Qurani-Kərimdə qız uşaqlarının təhsil almasında heç bir qadağa yoxdur. Müsəlman qızları müasir məktəblərdə təhsil ala bilərlər. Bununla da o, az da olsa cəhalətin ağzını qapaya bilir.

1897-ci ildən Hacı qollarını çırmayıb işə başlayır. Bu dəfə Rusiya imperator idarələrinin süründürməçiliyi ilə üzləşir. Məktəb açmaq asan məsələ deyildi. İcazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə və tikilişinə 4 il vaxt sərf olunur. Müsəlman qızlar məktəbi üçün bina düz İsmailiyyə binasının yanında tikilir (Keçmiş Nikolayevski, indiki İstiqlaliyyət küçəsində). Hacı bu işi memar İ.V.Qoslavskiyə həvalə edir. O, məktəbin ərsəyə gəlməsinə 183 min 533 rubl pul xərcləyir. Məktəbin ərsəyə gəlməsində dövrün böyük ziyalıları da iştirak edir. Həsən bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə xanım bu təşəbbüsü çox bəyənir və Hacıya yardımçı olur. Yeri gəlmişkən deyək ki, Hənifə xanım məktəbin müəllimlərindən biri, sonra da müdiri olur. Hacının ikinci yoldaşı Sona xanım Tağıyeva, Əlimərdan bəy Topçubaşov və başqa ziyalılar bu işi alqışlayır, məktəbin tez açılması üçün əllərindən gələni edirlər.

Nəhayət, tarixi gün gəlir. Düz 111 il öncə – 1901-ci ilin bir payız səhərində bütün şəhər əhalisi məktəbin açılışına toplaşır. “Kaspi” qəzeti həmin hadisəni belə təsvir edərək yazır: “Nikolayevski küçəsindəki gözəl imarət bayraqlarla bəzənmişdi. İkinci mərtəbədəki böyük zal gündüz saat 12-də dəvətlilərlə və şəhərin əyan-əşrəflərilə dolmuşdu. Məktəbin yaradılması, tikilməsi barədə danışıqlardan sonra çıxışlar oldu. Məktəbdə oxuyacaq qızların xor dəstəsi bir neçə Azərbaycan mahnısı ifa etdi. Sonra məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu. Əlimərdan bəy Topçubaşovun oxuduğu təbriki Həsən bəy imzalamışdı. Orada deyilirdi: “Çox yaşa Hacı!”.

Məktəbin şərtlərinə görə qızlar elə məktəbin özündə qalırdılar. Tədris kursu isə müsəlman ailəsinin tələbləri nəzərə alınmaqla əl işləri və evdarlıq üzrə əlavə siniflə rus ibtidai məktəblərindəki kurs əsasında qurulmuşdu. Qızlar təhsilə 7 yaşında başlamalı və 4 il oxumalı idi. Dərslər rus dilində aparılırdı. Bərabər Azərbaycan dili və din dərsləri keçirilirdi. İlk vaxtlarda 50 şagirdin qəbulu nəzərdə tutulmuşdu ki, onların 20-si Hacının ianəsi hesabına təhsil alır və onlar da pansionda qalırdılar. Lakin qəbul üçün 50 nəfər nəzərdə tutulsa da, elə birinci il ərizə verənlərin sayı 58-ə çatır. Müsəlman Şərqində yaradılan ilk qız məktəbi müsəlman ənənələrini Avropa modernizmi ilə bacarıqla birləşdirərək Azərbaycanda dünyəvi qadın təhsilinin əsasını qoydu. Keyfiyyətli tədris üçün Rusiyanın müxtəlif bölgələrindən müəllimlər dəvət olunurdu. Qızlar Avropa üslubunda olan ağ yaxalıqlı, başlıqlı yaraşıqlı uniforma geyinirdilər. Qeyd edək ki, bolşevik işğalından sonra sovet məktəblərinin geyimi də buradan götürülmüşdü. Tağıyev kasıb ailələrdən olan qızların təhsil alması üçün varlı ailələrdən olan qızların qəbulunu məhdudlaşdırır. Məktəbin nüfuzu getdikcə artır, yeddi yaşına çatar-çatmaz valideynlər qız övladlarının əlindən tutub Hacının məktəbinə gətirirdilər. Bir neçə ildən sonra Hacı böyük məbləğdə pul verib məktəbə Qızlar seminariyası statusu alır və məktəb 6 illik olur.

Maarifçilik tariximizdə, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında Tağıyevin Qızlar gimnaziyasının böyük rolu olmuşdur. Bu məktəbi bitirən onlarla azərbaycanlı qız sonradan millətimizin tərəqqisində yaxından iştirak edir, Cümhuriyyət fəallarından olurlar. Rəhilə Hacıbababəyova, Şəhrəbanu Şabanova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə, Məryəm Qembitskaya, Naxçıvanda qızlar məktəbi açan Nazlı Tahirova, Bakıda “Qadın Xeyriyyə Cəmiyyəti”ni yaradan Liza Muxtarova və onlarla başqaları.

Böyük mesenat Hacı Zeynalabdin Tağıyevin milləti üçün açdığı işıqlı yolu Azərbaycan Xalq Cümhuriyyəti hökuməti davam etdirdi. Cümhuriyyət parlamenti xalq maarifinin inkişafına çox mühüm təkan verən ilk tədbirlərdən birini-1918-ci il 27 iyun tarixli qərarı qəbul etdi. Qərara əsasən Azərbaycan-türk dili dövlət dili elan edildi. Lakin ana dilini mükəmməl bilən ixtisaslı kadrların olmaması qərarın həyata keçirilməsini çətinləşdirirdi. Buna görə də inzibati idarə orqanlarında, məhkəmə işində və başqa sahələrdə Azərbaycan dilini bilən ixtisaslı kadrlar hazırlanana qədər müvəqqəti olaraq rus dilindən istifadəyə yol verilirdi. Cümhuriyyət hökuməti milli kadrların yetişdirilməsinə, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. Hacı Zeynalabdin Tağıyev təhsil, maarif, mədəniyyət, mətbuatla bağlı həyata keçirilən bütün tədbirlərdə iştirak edir, son qəpiyini də əsirgəmirdi.

Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Azərbaycan dilini bilməyən şagirdlər üçün üçüncü və dördüncü siniflərdə Azərbaycan dili intensiv şəkildə tədris olunurdu ki, 2 ildən sonra həmin şagirdlər artıq ana dilində təhsillərini davam etdirə bilsinlər.

Xalq təhsilini milli möhkəm zəmin üzərində yenidən qurmaq üçün ixtisaslı müəllim kadrlarına və dərs vəsaitinə böyük ehtiyac var idi. O dövrdə ölkədəki mövcud müəllim kadrları ilə bu işin öhdəsindən gəlmək mümkün deyildi. Bu vəzifəni yerinə yetirmək üçün başlıca yol Türkiyədən müəllim dəvət etmək və qısamüddətli kurslarda Azərbaycan dilində savadlı olan şəxslərdən müəllim kadrları hazırlamaq idi. 1918-ci il iyulun 23-də Azərbaycan hökuməti ölkənin tədris müəssisələri üçün Türkiyədən müəllim kadrları dəvət etmək və dərs vəsaiti tədarükü haqqında xüsusi qərar qəbul etdi. Türkiyə həyatı ilə yaxından tanış olan Əhməd bəy Ağayevin bu məqsədlə İstanbula ezam edilməsi Xalq Maarifi Nazirliyinə tövsiyə olundu. Millətinin hər dərdinə qalan Hacı yenə də xeyir işin başında oldu. Cümhuriyyət qurucuları həm onun təcrübəsindən, həm də maddi dəstəyindən yararlandılar.

Tədris müəssisələrinin milliləşdirilməsinin və genişləndirilməsinin daha uğurla həyata keçirilməsi üçün 1919-cu ilin yayında ibtidai və orta məktəblərin aşağı siniflərini müvafiq milli kadrlarla təmin etmək məqsədilə qısamüddətli pedaqoji kurslar təşkil olunur. Hökumətin qərarına görə bu məqsədlə Xalq Maarifi Nazirliyinin sərəncamına 2 milyon 390 min manat vəsait ayrılır. Bakı, Gəncə və Nuxada kişi və qadın, Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada kişi pedaqoji kursları açılır. Hər kursda ən azı 50 nəfər müdavim təhsil alır. Kursları bitirənlərin demək olar ki, hamısına məktəblərdə müəllim yeri verilirdi. Cümhuriyyət hökuməti dərs vəsaitlərinin hazırlanması və nəşrinə də ciddi diqqət yetirirdi. Bunun üçün Maarif Nazirilyinin xüsusi komissiyası təşkil edilmişdi. 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Türk çələngi”, “Tarixi-təbii”, “Rəhbər cəbr” dərslikləri nəşr olunurdu. Dərsliklərin hazırlanmasında Azərbaycan maarf və ədəbiyyatının görkəmli nümayəndələri Firidun bəy Köçərli, Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Camo bəy Cəbrayılbəyli, Səməd ağa Ağamalıoğlu, Fərhad Ağazadə, Ağa bəy İsrafilbəyov, Abdulla bəy Əfəndizadə və başqaları fəal iştirak edirdilər. Azərbaycan parlamentinin 1919-cu il 18 sentyabr tarixli qərarı ilə türk dilində yeni kitablar almaq üçün Xalq Maarfi Nazirliyinin sərəncamına 1 milyon manat vəsait ayrılır.

Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919-cu ilin əvəllərində ölkədə dövlət hesabına 637 ibtidai məktəb və 23 orta ixtisas təhsilli məktəb fəaliyyət göstərirdi. Orta məktəblər arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 müqəddəs Nina qız tədris müəssisəsi, politexnik məktəb və kommersiya məktəbi var idi. 1919-cu ilin əvvəllərində Bakı qadın müəllimlər seminariyası kişi müəllimlər seminariyasına çevrildi. Atalar-analar artıq heç nədən çəkinmədən qızlarını məktəbə göndərirdilər. Hökumət xalqın milli ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayan muzeylərin, digər maarif və sənət ocaqlarının açılması sahəsində də mühüm tədbirlər həyata keçirirdi.

Cümhuriyyət rəhbərləri artıq ali təhsilin təşkili və ali təhsilli milli kadrların hazırlanması barədə düşünürdülər. Xalq Maarifi Nazirliyi qarşısında üç ali məktəbin – Bakı Dövlət Universitetinin, Kənd Təsərrüfatı İnstitutunun və Dövlət Konservatoriyasının açılması kimi mühüm vəzifə dururdu. Lakin o dövrdəki tarixi şərait 1919-cu ildə yalnız bir ali məktəbin – Bakı Dövlət Universitetinin açılmasına imkan verdi.

Ömründə heç bir xüsusi təhsil almamış, imzasını güclə atmağı öyrənmiş H.Z.Tağıyev millətinin maariflənməsinə, təhsilin və mədəniyyətin inkişafına köməkdən mənəvi rahatlıq tapırdı. Onun haqqında 12.02.1908-ci ildə “Tazə həyat” qəzetində yazılan “Mənim təcrübəmdən” adlı məqalədə deyir: “Mənim ən çox sevdiyim iş sənaye işimlə bağlıdır, mən hesab edirəm ki, bundan da artıq məni öz xalqımın məsələləri, onun gələcək xoşbəxtliyi və həyatının davamı məşğul edir. Bu məqsədə nail olmaq üçün mən belə hesab edirəm ki, xalqımın tərbiyəsi (təhsili) və maariflənməsi lazımdır. Xalqımın maarfilənməsi və tərbiyələnməsi (təhsillənməsi) zəruriyyətini görərək mən qüvvəm çatan qədər kömək etməkdən çəkinmədim. Bunu isə kiçik uşaqların tərbiyəsi (təhsili) və maarfiləndirilməsində, böyüklər üçün isə kitab və qəzetlərin nəşrində gördüm. Bu işə qayğı göstərdim və göstərməkdə davam edəcəyəm. Söylədiklərimə yekun vurarkən mən həqiqətən də başa düşdüm ki, xalqın gələcək xoşbəxtliyi, dəyanəti və irəliləyişi təhsillə, maariflə bağlıdır”.

Mənbə
ANSPRESS

Read Previous

Məscidlərin qapısına kilid vuruldu!

Read Next

UŞAQLARIMIZA ALLAHI NECƏ ANLATMALIYIQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.