• 30 Dekabr 2024

BİR DƏ GƏLƏCƏKMİ?

Ramazan Sultanlar kimi gəldi, amma Sultanlara layiq qarşılanmadı. Öldürdüyü qardaşının cəsədini çiynində daşıyan Qabil kimi biz də dəyərini bilmədiyimiz, layiqincə yaşamadığımız Ramazanın ağrı-acısını çiynimizdə daşıdıq. Ramazan bizi təmizləmək, yeniləmək və bir də təqvaya yaxınlaşdırmaq üçün gəlmişdi.
Ömrümüzə gələn son Ramazan ola bilər deyə, son ümidlə gəlmişdi.
Bir bölgəyə, bir şəhərə, bir məhəlləyə deyil, bütün dünyaya, bütün ümmətə gəlmişdi.
Ümməti bir etməyə, birləşdirməyə gəlmişdi.
Bütün kirlərdən, paslardan təmizləyib yeniləmək arzusu ilə, sevə-sevə, qaça-qaça, ötən ildən də on gün tez gəlmişdi.
Tələsmişdi Ramazan. Tez gəlsəm, daha gözəl qarşılanaram deyib yola çıxmışdı. Amma deyəsən vaxtsız gəlmişdi. Vaxtsız gələn qonaq kimi bir az soyuq qarşılandı. Hava da Ramazana olan soyuq münasibətdən dondu, üşüdü, sərinləşdi. Yağış əvvəllər göydən yerə rəhmət kimi yağardı, bu Ramazanda göyün qaş-qabağı heç açılmadı ki, yağdığı rəhmət olsun. Sanki sultana olan bu soyuq münasibətdən göy də küsmüşdü. Göy üzü ağlayırdı. Yaşlar yanağında üzü aşağı süzülür, daşlaşmış qəlbləri yumuşaltmağa çalışırdı…

Bu torpaqlara gələn ilk Ramazan deyildi, bəlkə son Ramazan da olmayacaqdır. Amma Ramazan ondan əvvəl gələn “bayramların” qarşılandığına şahid idi. Fişəng sədaları ilə qarşılmışdılar yeni ili, gül-çiçəklə qarşılamışdılar novruzu. Onu belə sakit qarşılayıb yola saldıqlarını görüncə “yanlış yerəmi gəldim?” deyə düşünmüşdü Ramazan…
Onu ayların Sultanı edən Quran idi. Quran onda nazil oldu onu bütün ayların önünə keçirdi. Quran bir gecədə endi, endiyi gecəni min aydan dəyərli etdi. Bir gecəni aylarla müqayisə edib, üstünlüyü gecəyə verdi. Quran bir yetimə nazil oldu onu aləmlərə rəhmət etdi.
Amma bu Ramazan Quran bizə nazil olmadı. Olsaydı bizi də dəyişərdi: ay kimi, gecə kimi…

Rəsulullahın (sas) ümmətim dediyi topluma bizi də daxil etmək üçün gəlmişdi Ramazan. Bizi Quranla tanış etməyə, kitablı bir toplum etməyə gəlmişdi. Oruc tutmaq fərz ibadət ikən əksəriyyət tərəfindən həyata keçmədiyini görüb küşmüşdü Ramazan. Haqlı idi…
Ramazanı sultan, gecəni dəyərli edən Quran idi.
Bizə bu Ramazanda neçə ayə nazil oldu?
Neçə ayəni oxuduq, anladıq, yaşadıq?!
Oxuduqmu?!
Quranın ilk əmr “Oxu!” deyilmi?
Niyə Quran ilk əmri ilə “iman et!”, “təslim ol!”… deyil, “oxu” deyir? Çünki Allah oxumadan, anlamadan iman etməyimizi istəmir. Anlayaraq yaşamağımızı, anlayaraq iman edib, təslim olmağımızı istəyir. Anlayaraq…

Şeytanların bağlandığı, mələklərin dua etdiyi bu ayda hər kəs özünü daha yaxşı tanımağa başladı. Dünən etmədiyi gözəl əməllərində, axsatdığı nafilə ibadətlərində şeytanı günahlandırırdısa, bu gün özü ilə baş-başa qaldığında günahlandırmağa kimsəni tapa bilmədi. Ramazan hər kəsin önündə güzgü oldu. Bizə bizi göstərdi. Kim olduğumuzu, kim olmaq istədiyimiz anlatdı.
Bəlkə niyyətimiz gözəldir. Amma niyyət əməllə dəstəklənməzsə sadəcə boş bir söz olur. Heç “niyyət etdim sübh namazını qılmağa” deyib sonra da başını atıb yatan müsəlmanı təsəvvür edirsinizmi? Sübh namazına niyyət edən səcdəyə varmadan üzünü qiblədən çevirmir. Bütün niyyətlər də onun kimi. Əməlsiz niyyət ciddiyyətsizlikdir.
Biz də Ramazan gələndən oruc tutmağa niyyət etdik. Kimlərsə həqiqətən tutdu orucunu, kimlərsə sadəcə bir neçə saat aç qaldı. Əldə etdiyi sadəcə aclıq və susuzluq oldu…

Könül istərdi ki, Ramazanı yeni ili, novruzu, hətta sevənlərə təhqir olaraq qeyd olunan 14 fevralı, qadınlara rüşvət olaraq verilən 8 martı… qeyd etdiyimiz kimi qeyd edək, evrovizyona sevindiyimiz kimi sevinək…
Könül istərdi ki, Ramazanı sultanlara layiq qarşılayaq… Tək-tək deyil, bütün bir ümmət olaraq.
Könül istərdi ki, ömrümüzə Ramazan gəldiyi kimi, həyatımıza da Quran gəlmiş olsun…

Ramazan bayramının qeyd olunduğu günlərində bayramı fürsət bilib əylənənlər görən Ramazandan heç utandılarmı?
Ramazanda təmizlənmədən, daha da kirlənənlər qarşıdan gələn həcci fürsət kimi dəyərləndirə biləcəklərmi?
Ramazan bizim ömrümüzə bir də gələcəkmi?

P.S. Gələn Ramazanda sultanlara layiq qonaqlıqda görüşmək ümidi ilə…

Rüzgar / Azerislam.com

Read Previous

ŞƏVVAL AYI VƏ ORUCU.

Read Next

ÜMRƏ QADAĞASI HƏLƏ BİR MÜDDƏT DƏ DAVAM EDƏCƏK