• 26 Dekabr 2024

Boşanma


Möhtərəm möminlər, Ailələr cəmiyyətin ana sütunlarıdır. Onlar nə qədər möhkəm olsa, cəmiyyət də o qədər sağlam olar. Ailə iki nəfərin qurduğu bir müəssisədir. Ailə sağlam bir cəmiyyətin formalaşması üçün qoyulan bir kərpicdir. Necə ki, sağlam ailələrdən sağlam cəmiyyət formalaşır. Ailə, kralların belə girə bilmədiyi bir qaladır.
Ancaq çox təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə bu ailə qalası yıxılmaqda, boşanmaların sayı surətlə artmaqdadır. Məhz elə bu səbəbdən, bu günkü xütbəmizin mövzusu bu barədə olacaqdır.
Ailənin dağılmasını yalnız İslam deyil bütün səmavi dinlər də xoş qarşılamamışdır. Hətta kitab əhli sayılan xristiyanlara görə kişi həyat yoldaşını yalnız əxlaqsızlıq səbəiylə boşaya bilər. Digər səbəblərdən dolayı qadını boşamaq haramdır. Ancaq İslam bütün sahələrdə orta yolu tutduğu kimi bu mövzuda da orta yolu tutaraq nə xrıstıanlar kimi boşanma hadisəsini bu qədər mümkünsüz etmiş nə də yəhudilər kimi heç bir ciddi səbəb olmadan boşanmağı mübah görmüşdür. Dinimizə görə bir kişinin müəyyən səbəblərdən dolayı həyat yoldaşını boşaması hər nəqədər halal olsa da bu digər halalardan çox fərqlənir. Belə ki Peyğəmbərimiz (səs) bir hədisi şərifində belə buyurur: “Halalların Allaha ən sevimsiz olanı boşanmadır.” Yəni hər nə qədər boşama caiz olsa da ancaq bu hadisə heç də Allahın razı qaldığı bir əməl deyildir.
Əziz möminlər, Ümumiyyətlə İslama görə heç bir ciddi səbəb olmadan qadını boşamaq ən azından məkruhdur. Hətta bəzi alimlərə görə haramdır. Həddi aşmaqdır. Günahsız bir müsəlmana edilən zülmdür. Halbu ki Peyğəmbərimiz (səs) bir hədisi şərifində: “Müsəlman müsəlmana əsla zülm etməz…” buyurmaqdadır. Heç bir ciddi səbəb olmadan kişinin həyat yoldaşını boşaması qadına qarşı haqsızlıq etməkdir. Təbi ki, boşanma hadisəsinə səbəb yalnız kişi deyil bəzən qadın da ola bilər. Ailənin qorunub saxlanılmasında qadının rolu çox böyükdür. Hətta heç bir ciddi səbəb olmadan boşanmağı istəyən qadına cənnət haramdır. Belə ki, Peyğəmbərimiz (səs) bir hədisində belə buyurur: “Heç bir zərurət olmadan ərindən boşanmaq istəyən qadına cənnətin qoxusu haramdır.”
Möhtərəm mominlər, hər bir ailədə bəzi problemlər, kiçik münaqişələr ola bilər. Heç bir problem, kiçik də olsa münaqişə, söz-söhbət olmayan uzun ömürlü ailə tapmaq hər-halda mümkün olmayacaq dərəcədə azdır. Hətta mən deyərdimki nəyinki azdır ümumiyyətlə heç yoxdur. Demək ki, ailədə baş verən bəzi kiçik söz-söhbətlərin olması təbi bir haldır. Əsas məsələ, ailə zəminində baş verən kiçik münaqişələri böyütməməkdir. Xırda bir hadisəni dağa çevirməməkdir. Bunun üçün tərəflərin bir-birlərinə güzəştə getmələri şərtdir. Əks halda xırda bir məsələ daha da böyüyər və ailənin dağılmasına gətirib çıxarar.
Hər hansı bir səbəbdən dolayı boşanmağı çarə olaraq görən ər-arvad əsasən bir-birlərini günahkar görürlər. Qadın kişini, kişi də qadını günahkar olaraq görür. Deyək ki, tərəflərin hər hansı birinin günahı səbəiylə ailə boşanmağa qərar verdi. Bəs bu ailədən dünyaya gələn Allahın onlara bir əmanət olaraq verdiyi uşaqların nə günahı. Himayəyə sevgiyə, şəfqətə ehtiyyacı olan bu körpələrin günahı nədir. Ata şəfqətindən, ana məhəbbətindən məhrum böyüyən bu uşaqların vəbalını kim daşıyır. Öz tay-tuşları içərisində boynu bükük gəzən, özünü atalı yetim hissedən bu uşaqların günahı nədir.
Əziz qardaşlar, aparılan statiskaya görə əsasən boşanma səbəblərinin başında maddi sıxıntı gəlir. Əslində məsələ bir az daha dərindən araşdırıldığı zaman əsas səbəb heç də bu deyildir. Bu yalnız səbələrdən biri ola bilər. Əsas səbəb bizcə mənəvidir. Maddiyatı bəhanə gətirərək daha lüks bir həyat yaşamaq üçün ailəni dağıtmaq mənəviyyatsızlıq deyimli? Öz şəhvətlərinə əsir düşüərək zina edən və bu səbədən ər-arvadın boşanması mənəvi səbəb deyimli? Teleseriyalların təsirində qalaraq ər-arvadın bir-birini bəyənməməsi, bunun nəticəsində ailənin dağılması mənəvi səbəb deyimli? Milli mənəvi dəyərlərimizə zidd olan televiziya proqramlarının təsiri ilə bir çox ailələrin uçurumda olması mənəvi səbəb deyimli?
Sadaladığımız bütün amillərin nəticəsi olaraq bu gün ölkəmizdə son 10 ildə boşanmaların sayı iki dəfə artaraq, 10 faizə çatıb. Azərbaycan Dövlət Statiska Komitəsinin verdiyi məlumata görə təkcə bu ilin ilk 2 ayı ərzində 2422 boşanma qeydə alınıb. İfrat modernizim “qəhrəmanlığıdır” ki, ötən il dünyaya gələn 155 min körpənin 26 min nəfəri nikahdankənar doğulub. Bütpərəst təfəkkürlü valideynlərin və serial xəstəsi gənclərin “əməyinin bəhrəsidir” ki, bəy özünü güllələyir, ər arvadı baltalayır, arvad əri zəhərləyir, gəlin qaynananı boğur, qaynana gəlini bıçaqlayır, kişi arvadını atıb xarici ölkəyə gedir, bu onun ailəsini dağıdır, o bunun.
Möhtərəm müsəlmanlar, güclü bir qala olan ailənin dağılmaması yalnız və yalnız dini və milli dəyərlərimizə qayıtmaqla mümkündür. İslamın ailəyə nə qədər dəyər verdiyini yaxşı anlamaq və bu dəyəri ayaqlar altına atmamaqla mümkündür. Quranın et dediklərini etmək, etmə dediklərini etməməklə mümkündür. Hz. Peyğəmbərin (səs) yoluna tabe olmaqla mümkündür.
Uca Allah cümləmizi ailəsini keçilməz bir qala olaraq görən və bu qalanın dağılmaması üçün hər cür fədakarlığa qatlanan qullarından eyləsin.

20 Oktyabr 2017/29 Məhərrəm 1439

Read Previous

Namaz və xuşu

Read Next

Şəki Mərkəzi Cümə Məscidi Quran ziyafəti. Araz Abdullayev. Zümər Surəsi 73-75

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.