• 26 Dekabr 2024

Cənnət gülləri

usaqDünyanın ən incə, ən həssas və ən saf varlıqları uşaqlardır. Maraq dairələri geniş, hərəkətləri məzəli, düşüncələri saf və parlaq. Həyatın  şirinli-acılı, coşğun və səssiz, sevincli-kədərli dünyasından uzaq və bixəbər, özlərinin xəyallarında canlandırdıqları bir dünyanın insanlarıdır onlar.

Övlad Allahın insana vermiş olduğu bir əmanətdir və vaxtı çatanda onu geri alacaqdır. Əgər ona yaxşı baxılar, tərbiyə edilər və başqalarına faydalı olacaq bir insan kimi yetişdirilərsə imtahan verilmiş deməkdir. Lakin insan sadəcə nəfsi adına onu özündən bir parça görərək həddindən artıq sevgi duyarsa Allaha qarşı hiss etməli olduğu sevgini tamamilə uşagına verərsə, “bir qəlbdə iki sultan olmaz” düsturuna görə ilahi imtahanı itirmiş olur.

Allah Rəsulunun həyatına baxanda hər qisim insanlarla olduğu kimi uşaqlarla da yaxşı rəftarı insanlığa örnək ola biləcək xüsuslardandır. Ənəs b. Malik (r.a.)dan gələn rəvayətə görə “Rəsulullah (s.ə.s.) uşaqlara qarşı insanların ən şəfqətlisi” idi. “On il onun xidmətində dayandım. Bu illər ərzində bir dəfə də olsun nə məni danladı, nə səsini qaldırdı, nə də döydü “ demişdir.

Rəsulullah yolda gedərkən uşaqları gördükdə ayaq saxlayıb onlara salam verər, bəzən onların oyunlarında iştirak edər, onların başını sığallayar, öpər və onları “cənnət çiçəkləri” adlandırardı. Abdullah b. Ömərdən gələn rəvayətə görə nəvələri Həsən və Hüseynə: “Dünyadakı iki reyhanım” deyərdi.

Uşaqların qəlbində şəfqət və sevgi hissləri oyatmaq üçün səhabələrə sıx-sıx övladlarıyla bərabər olmağı və öpüb oxşamağı məsləhət görərdi. Bir gün Allah Rəsulunun nəvələrini öpüb qoxladığını görən Aqra b. Habis:

Mənim on uşağım var, ancaq indiyədək heç birini öpməmişəm – deyincə,  Allah Rəsulu:

Allah sənin qəlbindən mərhəməti çıxarıb atmışsa, mən nə edə bilərəm?- cavabını vermişdir.

Sevgi və mərhəmət təzahürlərini göstərməklə yanaşı onların tərbiyəsinə də nəzarət edən Allah Rəsulu, yemək-içmək, qapı döymək və s. kimi əxlaqi qaydaları onlara öyrədərdi. Ənəs. b.Malik (r.a.) rəvayət edir:

“Mən yemək yeyəndə əlim boşqabın hər tərəfində gəzirdi. Bunu görən Peyğəmbər (s.ə.s.):

-Oğlum, bismillah çək və önündən ye!” – deyə buyurmuşdur.

Allah Rəsulu uşaqlarla maraqlanar, bəzən onlarla oyun oynayardı. Namazda ikən nəvələri belinə çıxdığı zaman, oyunlarını bir az uzatmaq üçün səcdədən gec qalxardı. Hz. Ömər (r.a.)dan gələn rəvayətə görə bir gün Allah Rəsulunun yanına girəndə onun belində Həsən və Hüseyni görür. “Nə gözəl miniyiniz var” deyə gülümsəyərək uşaqlara müraciət edir. Allah Rəsulu da öz növbəsində başını qaldıraraq: “Görürsənmi, nə gözəl süvarilərim var?!” deyərək qarşılıq verir.

Qurani-Kərim dünyanın və övladın imtahan niyyəti ilə verildiyi barədə belə buyurur: “Mallarınız və övladlarınız bir fitnə (imtahan)dir, Allah, onlarla sizi imtahan edir. Ən böyük mükafat isə Allahın yanındadır. (kim Allah sevgisini mal və övlad sevgisindən üstün tutarsa o, Allah’ın yanındakı mükâfata nail olar” (Təğabun, 64/15). Bu ayənin ifadə etdiyi həqiqətə görə hər şeydə Allahın rizasını axtarmaq və Ona yönəlmək; digər şeyləri də həddi aşmadan qədərində yerinə yetirmək önəmlidir. Bu insanların övladlarını tərk etmək mənasını güdmür, əksinə onları Allahın bir əmanəti şəklində görərək ailə fərdlərinə sahib çıxmağını və Allahın rizası olmayan şeylərdən uşaqlarını uzaqlaşdırmağı məsləhət görür.

İslam dini, uşaqlar haqqında ana-ataya gözəl adqoyma, yaxşı tərbiyə vermə və vaxtı gələndə onu evləndirmə kimi üç önəmli vəzifə verir. Bu vəzifələr çox yaxşı idrak edilməlidir. Çünki bu vəzifələr, bütün bir həyatı əhatə edir. Onun üçün həkimlərin beşikdəki uşağa qida cədvəli tətbiq etdikləri kimi, ata-ana  da uşaqlarının yaş və idrak səviyələrinə görə həyat boyu tərbiyələrinə diqqət etməlidir. Hələ onları evləndirərkən Peyğəmbərimiz (s.ə.s.)in ifadəsiylə sərvətə, gözəlliyə və soya baxmamalı, dini, həyatı seçimdə birinci ünsur qəbul etməlidirlər.

Övladı  tərbiyə mövzusunda da onunla aradakı məsafəni saxlama önəmli əsaslardan biridir. Bir tərəfdən vüqar və ciddiyyətə  diqqət edərkən,  digər tərəfdən onların dərdlərini və sevincini paylaşmaq çox önəmlidir. Ata-ana olaraq, vüqar və ciddiyyət qorunmadan, onunla sadəcə uşaqcasına davranılar, oyun oynanar, güləş tutularsa, məsafə qoruna bilməyəcək  və  bu kimi xüsuslarda uşağa təsir olunmayacaqdır. Belə  bir atmosferdə yetişən uşaq, ərköyünləşib müxtəlif davranış pozuntuları göstərə bilər və hətta kobudlaşa bilər. Bu tərəfdən istər öz uşaqlarımız olsun, istərsə tərbiyə edilmək üzrə bizə təslim edilmiş uşaqlar olsun, onların sağlam bir tərbiyədən keçmələrini istəyiriksə, onlarla aramızdakı bu məsafə daima qorunmalıdır.

Üstəlik, uşaqlar daima özlərinə ideal bir insan modelini təqlidetmə ehtiyacını hiss edirlər. Öz ata və ya anasında istədiklərini tapa bilməyəndə bunu ətrafındakı dost-tanışlarından örnək götürməyə başlayar ki, bu da onun gələcəkdə ailədən qopmasına, yanlış xarakter və davranışlar sərgiləyərək uzaqlaşmasına gətirib çıxarar. Xüsusilə, bu hal, özünü onların həddi-büluğ yaşlarına girdiklərində biruzə verir. Bu zaman valideynlər onlarla rəftarda ehtiyatlı olmalı, balaca uşaq kimi davranmamalıdırlar.

Valideynlər uşaqlardan yalnız verdiklərini geri alacaqlar, istədiklərini deyil.

Mənbə:islamaz.info

Read Previous

Xeyrirli övlad yetişdirmək

Read Next

Noyabr 2015

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.