• 24 Dekabr 2024

Dəccal Kimdir?

Dəccal kəlməsi ərəbcə “bir şeyin üzərini örtən, onu bəzəyərək aldadıcı gözəl göstərən”  “dəcl” kəlməsindən törəmişdir. Axır-zamanda meydana çıxıb göstərəcəyi qeyri-adi işlərlə bəzi insanları zəlalətə salıb haqq yoldan çıxaracaq bir şəxsdir. Qeyd edək ki, İslama qədərki, bütün haqq şəriətlərdə Dəccalın gələcəyi xəbər verilmişdir.
Qeyd edək ki, Qurani-Kərimdə bir başa Dəccal haqqında açıq ayə mövcud deyildir.  Bu barədə əsasən Allah Rəsulunun hədislərində keçir.Hədislərdə Dəccal haqqında müxtəlif məlumatlar vardır. Bu məlumatlara görə Dəccala Qiyamət əlamətlərindən biri olaraq, qiyamətə yaxın bir zamanda meydana çıxacaq bir şəxsdir. Hədislərdə dəccal məsih sözü ilə bərabər işlənərək “əl-məsihuddəcal”, “əl-məsihud-dalalə” formasında keçməkdədir.Mötəbər hədis kitablarında Dəccallın küləkdən sürətli olması, yağış yağdırması, dünyada bolluq və ya qıtlıq törədə bilməsi kimi adi insanın bacara bilmədiyi xüsusiyyətləri qeyd edilmişdir. Yanında su və od var olub  Əslində isə odunun sərin, suyunun isə yandırıcı atəş olduğu bildirilir. Saçı qıvırcıq, bir gözü kor və ya pırtlamış üzüm giləsi kimidir. Alnına kafir yazılmışdır.
Gənc, cüssəli və heybətlidir və qısa boyludur. Hədislərdə Xorasan, İsfahan, Şam və ya Şam ilə İraq arasındakı bir yerdə zühur edəcəyi bildirilir. Yer üzərində 40 gün qalacaqdır. Ancaq bu günlərdən biri bir il, biri bir ay, biri isə bir həftə qədər sürəcəkdir. Digərləri isə normal günlər kimi olacaqdır. Yer üzünü külək kimi surətlə dolaşacaq. Ancaq Qüds, Məkkə və Mədinəyə girə bilməyəcəkdir. Əvvəlcə peyğəmbərlik, sonra isə ilahlıq iddia edəcəkdir. İnsanları sapdırıb zəlalətə sürükləyəcəkdir. İnsanları cənnətə və cəhənnəmə göndərəcəkdir. Ancaq həqiqətdə onun cənnəti cəhənnəm, cəhənnəmi isə cənnətdir. Mədinəyə gəlmək istədiyi zaman Uhud dağının ətəyində mələklər onu Şama tərəf yönləndirəcəklər. Şamda səmadan enəcək olan İsa peyğəmbər Fələstində Lud deyilən yerdə onu öldürəcəkdir.  (Buxari, “Fitən” 26-27, Müslim “Fitən” 100-110, İbn Macə “Fitən” 33)
Eyni zamanda hədislərdə Mədinəyə gələrək müsəlman olmuş Təmim əd-Darini adlı bir şəxsin dəniz səfəri zamanı yoldaşları ilə bir adada Cəssasə adlı bir heyvanı görmələri və o heyvanın onlara Dəccalı göstərməsi, Daccalın əli qolu bağlı zühur edəcəyi günü gözlədiyi rəvayət olunmaqdadır. (Müslim, Əbu Davud)
Bununla bərabər bir hədisdə otuza qədər yalançı dəccalın da çıxacağını rəvayət edən hədis vardır. Tirmizi və Əbu Davudun rəvayət etdikləri bir hədisdə “Otuza qədər yalançı dəccal çıxmayana qədər Qiyamət qopmaz. Bunlardan hər biri Allahın elçisi olduğunu zənn edər.” deyə buyurulmaqdadır.
Bu hədisdən çıxış edərək bəzi İslam alimləri yer üzərində fitnə çıxardan bir çox kafiri (Hitler, Lenin və s.) dəccala bənzətmişlər.
Allah Rəsulu Dəccal haqqında buyurur:
“Allah heç bir peyğəmbər göndərməmişdir ki, ümmətinə Dəccal haqqında xəbərdarlıq etməsin. Şübhə yoxdur ki, Dəccal aranızdan çıxacaqdır. Onun halını barədə heç nə gizli qalmayacaqdır. Rəbbinizin bit gözünün kor olmadığı və Dəccalın isə sağ gözünün kor, sol gözünün isə bayıra çıxmış kimi olduğu sizə gizli qalmayacaqdır.” (Buxari, Müslim)
Hədislərdən göründüyü kimi Dəccalın fitnəsi çox aldadıcıdır. Möminlər daim ondan Allaha sığınmalıdırlar. Necə ki, bəzi hədislərdə Allah Rəsulunun namazlardan sonra dualarında Dəccaldan Allaha sığındığı bildirilir. Eyni zamanda Dəccalın fitnəsindən əmin olmaq üçün “Kəhf” surəsinin oxunmasının (bir rəvayətdə də əzbərlənməsinin) faydalı olduğu da hədislərdə bildirilir. (Buxari, Müslim)
Allah hamımızı Dəccalın fitnəsindən qorusun.

Read Previous

Muhyiddin İbn Ərəbi haqqında nə bilirsiz?

Read Next

Hansı balıqları yemək olar, hansıları olmaz?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.