• 23 Dekabr 2024

DANIŞMAQ ƏDƏBİ

    Əziz möminlər, bugünkü xütbəmizin mövzusu danışmaq ədəbi haqqında olacaqdır. Danışmaq, insanlar arasında ünsiyyəti, məhəbbəti və qaynayıb qarışmağı təmin edən böyük bir vasitədir. Yəni insanlar duyğu və düşüncələrini, arzu və istəklərini danışaraq ifadə edərlər. Hər bir müsəlman danışığına fikir verərsə, dilini İslamın bəyənmədiyi sözlərdən qoruyarsa Peyğəmbərimiz (səs) o kimsənin cənnətə gedəcəyinə söz vermişdir. Belə ki, Allah Rəsulu (səs) buyurur:

“Kim mənə iki çənəsi arasında (dili) ilə iffət və namusunu qorumağa söz verərsə, mən də ona cənnəti söz verirəm.” (Buxari, Riqaq, 23.)

 Digər bir hədisi-şərifdə, “Ən fəzilətli kimdir?” sualına Rəsulullah (səs): “Dilindən və əlindən müsəlmanların əmin olduğu kimsədir” (Buxari, İman, 4-5.)  cavabını vermişdir.  Həzrət Peyğəmbərimiz (səs) danışmaq ədəbi ilə  bağlı bəzi qaydalar müəyyən etmişdir. Bu qaydaları aşağıdakı kimi sıralaya bilərik:

1. Açıq və aydın bir şəkildə həmsöhbətinin səviyyəsinə görə danışmalı, zərurət olduqda əhəmiyyətli olan ifadələr təkrar edilməlidir. Necə ki, “Rəsulullahın nitqi hər dinləyənin rahatlıqla anlaya biləcəyi şəkildə açıq idi.” (Əbu Davaud, Ədəb, 18.) “Danışdığı zaman onun sözlərini saymaq istəyən saya bilərdi.” (Buxari, Mənakib, 23.)

“( Peyğəmbərimiz) Yaxşıca başa düşülməsini istədiyi söz və cümlələri, üç dəfə təkrar edərdi.” (Tirmizi, Mənakib, 9.)

Bu səbəblə Qurani-Kərimdə diqqəti cəlb etmək məqsədi ilə hadisələr bir neçə dəfə təkrar edilmişdir. Məsələn, şeytanın ilahi əmrə üsyan edib səcdə etməməsini yeddi yerdə, Musa (a.s) – a iman edən sehribazların halı isə dörd yerdə təkrarlanmışdır.

2.Qışqırıb bağıraraq, yüksək səslə danışmaq ədəbə uyğun bir hal deyildir. Heç kimin qarşısında kar varmış kimi qışqıraraq, ya da dava edrimiş kimi hirsli bir səs tonu ilə danışması doğru deyildir. Necə ki, Loğman (ə.s) öz oğluna nəsihət edərkən belə buyurur: “Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışında) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” (Loğman, 19.)

 Başqa bir ayədə isə belə buyurulur: “(Ya Rəsulum!) Bəndələrimə de ki: “(Danışdıqları zaman) gözəl sözlər söyləsinlər! (Yoxsa) Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir!” (əl-İsra, 53) Hətta Uca Allah, Həzrət Musa ilə qardaşı Harunu, Fironun yanına göndərərək ona yumşaq bir sözlə xəbərdarlıq etmələrini tələb etmiş (Taha, 43.)  qarşındakı adam kafir də olsa ədəbə görə gözəl bir üslubun istifadə edilməsini əmr etmişdir. Bir hədisi-şərifdə də, söylənəcək gözəl sözlə cəhənnəm əzabından xilas oluna biləcəyi belə ifadə olunur: “Xurmanın yarısını verməklə də olsa cəhənnəmdən qorunun. Bunu da tapa bilməyən (heç olmasa) gözəl bir sözlə cəhənnəmdən qorunsun!”  (Müslim, Zəkat, 68.)

3.İki nəfərin üçüncü şəxsi kənarlaşdıraraq öz aralarında pıçıldaşmaları qadağan olunmuşdur. Rəsulullah (səs) belə bir davranışın, yalnız qalan kimsənin üzülməsinə səbəb ola biləcəyini bildirmişdir. (Buxari, İstizan, 47.)

4. İnsanın halal, yaxud haram; gözəl, yaxud çirkin; xeyir, yaxud şər olduğunu, bir əməlin və ya sözün küfr olub-olmadığı hələ tam qərarlaşdırmadan söz söyləməsi də nitq ədəbinə ziddir. Hədisi-şərifdə buyurulur: “Üzr istəmək məcburiyyətində qalacağın bir sözü söyləmə.” (İbn Macə, Zöhd, 15.)   Atalarımız da bu barədə çox gözəl deyiblər: “Min ölç, bir biç”

5.Gələcəklə bağlı danışarkən “inşallah” demək, danışmaq ilə əlaqəli digər bir ədəb qaydasıdır. Bəndənin cüzi iradəsi hər hansı bir şeyin olması üçün kifayət deyildir. Əsas olan Allahın diləməsidir. Məhz gələcəyə aid bir şey diləyərkən “inşallah” demək, Allahın iradəsini hiss etmək və onun iradəsindən üstün başqa bir iradə tanımamaq demkdir. Necə ki, bir ayədə buyurulur: “Və heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!” – demə! . Ancaq: “İnşallah (əgər Allah istəsə; Allah qoysa) deyəcəyəm!” – de.” (əl-Kəhf, 23-24.)

 Əziz müsəlmanlar, xütbəmi bir hədisi-şəriflə yekunlaşdırıram: “İnsan səhərə (sağ-salamat) çıxdıqda bütün üzvləri dilə müraciət edər və (adətən ona) belə deyərlər; “Bizim haqlarımızı qorumaqda Allahdan qorx! Biz ancaq sənin söyləyəcəklərinə görə cəza görürük. Biz sənə bağlıyıq. Əgər sən doğru olarsansa biz də doğru olarıq. Əgər sən əyilər, yoldan azarsansa, biz də sənə tabe olub, sənin kmi olarıq.” (Tirmizi, Zöhd, 61)

Danishmak edebi

15  İyul  2011 / 14  Şaban  1432

Read Previous

Cümə günü və namazı.

Read Next

Yas və Toy Mərasimlərimiz.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.